AZ EN RU

Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək

Azərbaycan gələn il Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edəcək.

Məlumata görə, iyunun 4-də İsveçrənin Cenevrə şəhərində İttifaqın Şurasının illik sessiyası işə başlayıb. İclasda ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndə heyəti təmsil edir. Sessiya çərçivəsində aparılan müzakirələr nəticəsində Azərbaycanın ev sahibliyi təsdiq edilib. MDB regionundan ilk dəfə Azərbaycan bu tədbirə ev sahibliyi etmək imkanını əldə edib.

Həmin konfrans İttifaqın kibertəhlükəsizlik, rəqəmsal inklüzivlik, İKT tətbiqləri, innovasiya, İKT üzrə statistika və indikatorlar, İKT-nin tənzimlənməsi və digər bu kimi sahələr üzrə inkişafa dair mövzuları, layihələri və proqramları nəzərdən keçirmək üçün dörd ildən bir təşkil olunan ən böyük və önəmli tədbirlərindən biridir. Tədbir sahə üzrə qlobal liderləri, mütəxəssisləri və digər maraqlı tərəfləri bir araya gətirərək İKT-nin gələcək inkişafını müzakirə etmək, strategiyalar hazırlamaq məqsədi daşıyır.

Məsələyə dair müzakirələr zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bəyanatla çıxış edərək ölkədə İKT infrastrukturunun inkişafı, rəqəmsal transformasiya sahəsində görülən işlər, əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Nazir müavini ölkədə İKT sahəsində həyata keçirilən təhsil layihələri haqqında danışıb. “Technest”, “Technion” və “Digital Academy” kimi təşəbbüslər gənc azərbaycanlıların rəqəmsal dövrdə tələb olunan bacarıq və biliklərini gücləndirir”.

S.Məmmədov “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminin hazırlandığını və bu altsistemin dövlət orqanları arasında sənədlərin real vaxt rejimində, təhlükəsiz mübadiləsini asanlaşdırdığını diqqətə çatdırıb.

Nazir müavini, həmçinin əlavə edib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin icra etdiyi “MyGov” vətəndaşların rəqəmsallaşma prosesinə cəlb edilməsi baxımından ən əhəmiyyətli layihələrdəndir. “MyGov” hər bir dövlət qurumu üçün ayrıca portallara və ya qeydiyyata ehtiyac olmadan dövlət xidmətlərinə onlayn müraciət etmək üçün bir pəncərə rolunu oynayır”.

S.Məmmədov bir çox vacib beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmiş Azərbaycanın telekommunikasiya sahəsindəki öhdəliklərə və İKT sahəsi üzrə qlobal dialoqa verdiyi önəmi bir daha vurğulayıb.

Müzakirələr nəticəsində Azərbaycanın ev sahibliyi barədə qərar yekdilliklə təsdiq edilib. Azərbaycanın belə mötəbər bir tədbirə ev sahibi olaraq təsdiq edilməsi ölkənin telekommunikasiya sahəsində artan nüfuzunun, eləcə də BTİ ilə uzun illər ərzində aparılan uğurlu əməkdaşlığın nəticəsidir.

Nəşr edilib : 06.06.2024 16:48