AZ EN RU

Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda regional sığorta forumu keçirilib

Mayın 29-da Azərbaycanda ilk dəfə Naxçıvan şəhərində "I Regional Sığorta Forumu" keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş forumun iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək əziz xatirəsini yad edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində öz işinə başlayan forumda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş  animasiya nümayiş etdirilib.

Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək forumun əhəmiyyətinə toxunub, uğurlu bir layihə kimi dəyərləndirib. Səlahiyyətli nümayəndə sığorta sahəsində beynəlxalq təcrübələrin Naxçıvana gətirilməsinin zəruriliyini diqqətə çatdıraraq vurğulayıb ki, ötən il suverenliyini tam bərpa edən Azərbaycanda, o cümlədən Qarabağda genişmiqyaslı quruculuq işləri görülür. Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasına da bu sahədə böyük pay düşüb. Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixdə imzaladığı Sərəncamla təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” Azərbaycanda bir regionun inkişafı istiqamətində icra olunan ən böyükhəcmli sənəddir. Dövlət Proqramına əsasən muxtar respublikada mühüm infrastruktur layihələri icra olunur. Bu layihələrin icrasında yaranacaq sığorta risklərinin qarşısının alınmasında sığorta şirkətlərinin də üzərinə böyük öhdəlik düşür.  Xüsusilə region üçün spesifik olan kənd təsərrüfatı, “yaşıl enerji” dəhlizi, inşaat, yol-nəqliyyat infrastrukturu və turizmin inkişafı istiqamətində yeni sığorta məhsullarının tətbiqinə böyük ehtiyac var.

Fuad Nəcəfli qeyd edib ki, muxtar respublikada infrastruktur layihələrinin reallaşdırılmasında xarici sığorta şirkətləri olduqca maraqlıdırlar. Lakin həmin şirkətlər sığorta məhsullarını yüksək qiymətlərlə təklif edirlər. Buna görə də yerli sığorta şirkətləri vətənpərvərlik və milli mənafelərimizi rəhbər tutaraq bu işlərin həyata keçirilməsində dəstək göstərməli, faydalı əməkdaşlığın qurulmasında maraqlı olmalıdır.

Səlahiyyətli nümayəndə qeyd edib ki, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının gələcək inkişafında sığortanın rolu danılmazdır. Hazırda Naxçıvanda fəaliyyət göstərən şirkətlər daha çox klassik sığorta növlərinin təbliği və tətbiqinə üstünlük verirlər. Lakin günümüzün reallıqları yeni sığorta növlərinin tətbiqini və ictimai marağın təşkil olunmasını zəruri edir. Fuad Nəcəfli keçirilən forumu dövrün tələbinə uyğun yeni təkliflərin müzakirəsi, konkret hədəflərin müəyyənləşdirilməsi baxımından yüksək qiymətləndirib, forumun işinə uğurlar arzulayıb, təşkilatçılara təşəkkür edib.

Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev bildirib ki, sığorta iqtisadiyyatın ən dinamik inkişaf edən sektorlarından biridir. Sığortanın təməlində isə əhalinin və iş adamlarının risklərdən qorunması üzrə etibarlılıq əldə etməsidir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən sığorta sistemində yeni tənzimləmə və inkişaf strategiyası həyata keçirilir. Bunun nəticəsində də effektiv nəticələr əldə olunur. Naxçıvanda da sığorta sahəsində mühüm tənzimləmə mexanizmlərinə başlanıldığını deyən Ziya Əliyev qeyd edib ki, ilk dəfə bu il sentyabr ayında muxtar respublikada sığorta maarifləndirilməsi sahəsində geniş bir layihəyə start veriləcək. İlk dəfə Naxçıvanda Sığorta festivalı təşkil olunacaq. Həm Naxçıvan mediasında, həm ənənəvi kütləvi informasiya vasitələrində, həm də sosial mediada sığorta sahəsində intensiv şəkildə maarifləndirmə tədbirləri aparılacaq.

İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov ötən illərdə Naxçıvanda sığorta sektorunda tənzimləmə mexanizmi sahəsində qeydə alınan problemlərdən bəhs edib. Bildirib ki, 2011-ci ildən İcbari Sığorta Bürosu qarantiya fondu kimi vətəndaşlara dəymiş ziyanı kompensasiya edir. Büroya daxil olan şikayətlərin 80 faizi icbari avtomobil sığortası ilə bağlıdır. Bu baxımdan ötən il vətəndaşlara, təqribən, 1,5 milyona yaxın sığorta şəhadətnaməsi təqdim edilib, 70 minə yaxın sığorta ödənişi həyata keçirilib. Bu da, ümumilikdə, 75-80 milyon manata yaxın sığorta ödənişlərinin həyata keçirilməsi deməkdir. Bu illər ərzində büroya Naxçıvandan heç bir müraciət daxil olmayıb. Minlərlə vətəndaşımız vəfat edən şəxslərin vərəsələri kimi icbari sığorta tərəfindən kompensasiya ödənişi alsa da, bu, Naxçıvanda baş tutmayıb. Artıq Naxçıvan Muxtar Respublikasında bir çox sığorta şirkətinin nümayəndəlikləri var və istənilən sığorta şirkətinin nümayəndəliyinə müraciət edərək ölüm və yaxud bədən xəsarətlərinə dair 2010-cu ildən bəri baş vermiş hadisələrlə bağlı müraciət əsasında kompensasiya ödənişlərinin edilməsi mümkündür.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev forumun təşkilində göstərilən dəstəyə görə təşəkkür edib, ilk forumun 100 illik yubileyi qeyd edilən Naxçıvan Muxtar Respublikasında keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb. Vurğulayıb ki, son illər Azərbaycanda sığorta sektoru maliyyə bazarının inkişafında aktiv rol oynayıb. Peşəkar sığorta bazarı iştirakçıları olaraq başlıca hədəf və məqsəd bu inkişafın davamlılığını təmin etməkdir. Azərbaycan Mərkəzi Bankının sığortanın inkişafı üçün atdığı dəstəkləyici addımlar, həyata keçirilən fundamental əhəmiyyətli islahatlar Naxçıvanda da etibarlı sığorta sektorunun formalaşmasına və davamlı inkişafına zəmin yaradacaq.

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev forumda müzakirə ediləcək məsələlərin əhəmiyyətinə toxunub, effektiv nəticələrin əldə olunacağına əminliyini ifadə edib. Elçin Əliyev qeyd edib ki, Naxçıvan modern inkişafının yeni dövrünü yaşayır. Muxtar respublikanın sosial-iqtisadi inkişafını hədəf alan Dövlət Proqramının icrası bank və sığorta sferalarında da mühüm nəticələrin əldə olunmasına rəvac verir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bank və sığorta filialları şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulub. Ölkədə fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının Naxçıvan Muxtar Respublikasında da filiallarının açılması ilə əhalinin, o cümlədən sahibkarların bank xidmətlərinə çıxışı asanlaşır. Əvvəllər Naxçıvanda 1 özəl sığorta şirkəti fəaliyyət göstərirdisə, bu gün 5 sığorta şirkəti Naxçıvanda təmsil olunur. Qarşıda duran əsas hədəf fəaliyyəti yeni tələblərə uyğun genişləndirməkdir.

Forum çərçivəsində Naxçıvan Muxtar Respublikasında nümayəndəliyi fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə “Sığortada hadisələrin tənzimlənməsi”, “Risklərin idarə edilməsində sığortanın rolu: Niyə sığortalanmalıyıq?”, “Regionun riskləri: Hansı sığorta növlərinə müraciət edilməlidir?”, “Həyat riskləri və həyat sığortaları: Necə faydalanmaq olar?” və “Sığorta xidmətlərinə əlçatanlıqda elektron vasitələrin yaratdığı üstünlüklər” mövzularında panel müzakirələr təşkil olunub.

Qeyd edək ki, forum Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Nəşr edilib : 29.05.2024 15:51