AZ EN RU

Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində “Covid 19 - əsrin xəstəliyi” adlı kitabın təqdimatı olub

Naxçıvan Dövlət Universitetində tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin “Klinik allerqologiya və immunologiya” kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi Lalə Allahvediyevanın müəllifi olduğu “Covid 19 - əsrin xəstəliyi” adlı kitabının təqdimatı keçirilib.

          Universitetin rektoru Elbrus İsayev çıxış edərək müəllifin ərsəyə gətirdiyi kitabın bu sahədə ilk olduğunu, pandemiya və ondan sonrakı dövrdə xəstədə əmələ gələn fəsadların müalicəsində əvəzsiz olduğunu qeyd edib.

          Təqdimatdan əvvəl tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva “PostCOVID sindromunun reabilitasiya müalicəsi” mövzusunda çıxışında COVID-19 pandemiyasından sonra xəstələrdə postCOVID sindromunun müşahidəsi halları və bu xəstələrin Duzdağ Fizioterapiya Mərkəzində reabilitasiyasının müsbət nəticələri barədə ətraflı məlumat verib. Alim vurğulayıb ki, muxtar respublika bu sahədə ciddi potensiala malik Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi və buradakı bir sıra müalicəvi bulaqları bu baxımdan diqqəti cəlb edir.

Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti Təranə Tağızadə “Azərbaycanda tibbi bioetikanın tarixi və inkişafı” mövzusunda çıxış edərək tibbi təhsil sistemində bioetikanın tədrisi təcrübəsi və perspektivləri barədə iştirakçılara ətraflı məlumat verib, müasir dünyada potensial təhlükələr ilə əlaqəli olan etik problemləri diqqətə çatdırıb.

Təməl tibb fənləri kafedrasının müdiri,  dosent İlhamə Mustafayeva və Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva çıxışlarında müəllifin həyat və yaradıcılığından söz açaraq “Covid 19 - əsrin xəstəliyi” kitabı haqqında iştirakçılara ətraflı məlumat veriblər.

Sonda müəllif göstərilən diqqətə görə minnətdarlığını bildirib, müəllifi olduğu kitabı ali təhsil ocağının Elmi Kitabxanasına hədiyyə edib.

Təqdimatdan sonra Tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti Təranə Tağızadə “Duzdağ” otelinin konfrans zalında “Naxçıvanın “Duzdağ” mağarasında aparılan speleoterapiyanın bronxial astmalı uşaqlarda effektivliyi” mövzusunda çıxış edib. Professor speleomühitin xüsusiyyətləri, “Duzdağ” mağaralarında əməl etməli olan əsas rejimdən, xəstəliyin dərəcələri və yaş hədləri  nəzərə alınmaqla müalicə müddəti barədə məlumat verib. Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti Təranə Tağızadə elmi-sübuta əsaslanan təbabət üsullarından danışıb.

Hər iki professorun mövzu ilə əlaqədar sualları cavablandırılıb.

Nəşr edilib : 29.09.2023 17:10