AZ EN RU

Azərbaycanda genişmiqyaslı mina problemi Bolqarıstan mətbuatında işıqlandırılıb

4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Bolqarıstan mətbuatında Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemlərinə dair silsilə məlumatlar dərc olunub.

Məlumatlarda minaların dünyanın müxtəlif regionlarında sosial-iqtisadi inkişafa mane olması və insanların həyatına təhlükə törətməsindən bəhs edilir və Avropaya yaxın bir bölgədə ciddi mina təhlükəsinin mövcud olduğu və bunun Ermənistanın keçmişdə Azərbaycan ərazilərinin işğal etməsindən miras qaldığı bildirilir, işğaldan azad edilmiş ərazilərdə hələ də milyonlarla qalan minaların əhalinin öz evlərinə geri qayıtmasına mane olduğu və iqtisadi fəaliyyətə ciddi əngəl törətdiyi qeyd olunur. Minaların təmizlənməsi üçün ən azı 25 milyard ABŞ dolları vəsait və 30 il vaxt tələb olunduğuna diqqət çəkilib.

2024-cü il aprelin 2-də Tərtər rayonunun Çaylı kəndində maldarlıqla məşğul olan 3 mülki azərbaycanlının yaralanması ilə nəticələnən mina partlayışı barədə məlumat verilərək, Ermənistanın mina ərazilərinə dair dəqiq məlumat paylaşmaqdan yayındığı bolqar oxucuların diqqətinə çatdırılıb.

Mina probleminin qlobal miqyasda həlli üçün beynəlxalq ictimaiyyətin bir araya gələrək əməkdaşlıq etməsinin yalnız mənəvi borc deyil, həm də həyatı zərurət olduğu qeyd edilib.

Nəşr edilib : 04.04.2024 18:13