AZ EN RU

Azərbaycanda demokratik seçki ənənəsinin formalaşmasında Heydər Əliyev irsi

    Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarixboyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir.
    Müasir hüquqi, demokratik dövlətin, xalqın iradəsinə əsaslanan hakimiyyət orqanlarının, səmərəli özünütəşkil mexanizmlərinə malik cəmiyyətin mövcudluğunu azad və ədalətli seçkilərsiz təsəvvür etmək mümkün deyildir. 
    Xalqımızın dahi oğlu Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ictimai-siyasi sabitliyin bərqərar edilməsi ölkə həyatının bütün istiqamətlərində, o cümlədən siyasi-hüquqi sahədə köklü islahatların aparılmasına imkan yaratdı. Ötən dövr ərzində Azərbaycan Respublikasının seçki sistemi müxtəlif mərhələlərdən keçərək inkişaf etmiş, konstitusiya təminatları da daxil olmaqla, qanunvericilik və təcrübə baxımından təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılmışdır. İndiyə qədər ölkəmizdə keçirilmiş prezident, parlament, bələdiyyə seçkiləri, ümumxalq səsvermələrinin (referendumların) təcrübəsi göstərir ki, Azərbaycanda əhalinin seçki mədəniyyəti kifayət qədər yüksəlmiş, effektiv ictimai nəzarəti təşkil etməyi bacaran, məsuliyyətli və tələbkar seçici nəsli yetişmişdir. Seçkilərdə məhz belə şəraitdə keçirilmiş, xalqın iradəsini dolğunluqla əks etdirmişdir. Seçki prosesində bilavasitə iştirak etmiş maraqlı tərəflər, seçkilərin bütün mərhələlərini diqqətlə izləmiş yerli və xarici müşahidəçilər bu faktı təsdiq etmişlər.
    Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik seçki mühitinin formalaşdırılması ölkədə hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə xalqın öz liderinə sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər, demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsasını qoymuşdur.
    Demokratik ölkələrin seçki təcrübəsi göstərir ki, hər bir seçkinin uğurunu təmin edən şərtlər sırasında siyasi iradə və ictimai-siyasi sabitlik amilləri ilə yanaşı, təkmil seçki qanunvericiliyinin də olması vacibdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirmişdir.
    Bütövlükdə, respublikamızda demokratik institutlar inkişaf etdikcə seçki sistemi təkmilləşdirilmiş, keçirilmiş hər bir seçki əvvəlkinə nisbətən beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Təbii ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin gərgin əməyi sayəsində mümkün olmuşdur. Onun seçki sistemində düşünülmüş mühüm addımları sayəsində beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərə dair müsbət rəylər vermişlər ki, bu da Azərbaycanda qurulan seçki sistemin mükəmməlliyini təsdiqləməkdədir. 
    Azərbaycanda geniş vüsət alan quruculuq və abadlıq işləri seçki komissiyalarının da rahat fəaliyyəti üçün daha müasir iş şəraitinin yaradılmasına mühüm təsir göstərmişdir. Azərbaycanda mövcud olan əksər dairə və məntəqə seçki komissiyaları ən müasir tələblər səviyyəsində inzibati binalarla təmin olunmuş, bir qismi isə əsaslı təmir edilmişdir. Azərbaycanın inkişaf edən seçki sistemində demokratik ab-havanın, şəffaflığın təmin edilməsi üçün müasir informasiya texnologiyalarının tətbiqi hər zaman diqqət mərkəzində olmuşdur. Bununla əlaqədar olaraq son prezident seçkilərində ölkəmizin seçki praktikasına daha bir yenilik əlavə edilmişdir. Regionda ilk dəfə məhz Azərbaycanda seçkinin gedişatının internet vasitəsilə birbaşa izlənilməsi sistemi yaradılmışdır. Azərbaycan hakimiyyətinin aşkarlığın daha çox təmin edilməsi üçün bütün təşəbbüslərə, yeniliklərə yüksək həssaslıq nümayiş etdirməsi dünyada təqdir olunmaqdadır. Bütün bunlar Heydər Əliyev siyasi kursuna sədaqətin təntənəsi kimi qiymətləndirilməlidir. 
    Son 20 ildə beynəlxalq tələblər səviyyəsində həyata keçirilən hüquq islahatları deməyə əsas verir ki, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində hər bir vətəndaşın layiqli prezidenti olacağını bəyan etmiş möhtərəm İlham Əliyev bu vədini əməli işi ilə doğrultmuş, hüquq sisteminin daha da təkmilləşməsini uğurla təmin etmişdir. 
    Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələr əldə edilib. Ən əsası isə 30 il həsrətində olduğumuz Qarabağ azadlığına qovuşub. Ali Baş Komandanın rəhbərliyi altında, müzəffər Azərbaycan Ordusu cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kapitulyasiyasına nail olduq! Ölkə Prezidenti cənab İlham Əliyev bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdi, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, – deyən Ulu Öndərin arzusunu reallaşdırdı. Bütün dünya Azərbaycanın nə qədər güclü və qüdrətli dövlət olduğunu bir daha gördü. Qürurverici haldır ki, növbəti seçkilərdə artıq tarixi Azərbaycan torpaqlarına – doğma Qarabağımıza yenidən qayıdıb orada məskunlaşan əhali öz siyasi rəyini məhz həmin torpaqlarımızda təşkil olunan seçki prosesində fəal iştirak etməklə bildirəcək.
    Əminliklə deyə bilərik ki, inanırıq ki, bundan sonra da Azərbaycanda keçirilən seçkilər demokratik inkişafın göstəricisi kimi tarixə həkk ediləcək, seçki təcrübəsi baxımından yaxşı bir nümunə olacaq.

Toğrul CƏFƏRLİ
Naxçıvan Dövlət Universitetinin müəllimi

Nəşr edilib : 21.06.2023 17:32