AZ EN RU

Azərbaycanda buğda unu və çörək məhsulları ilə bağlı yeni qaydalar gələn il yanvarın 1-də qüvvəyə minəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kollegiyası tərəfindən “Buğda ununa dair sanitariya norma və qaydaları” və “Çörək məhsullarına dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edilib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, qaydalarda buğda ununa və çörək məhsullarına dair təhlükəsizlik və minimum keyfiyyət tələbləri öz əksini tapıb.

“Buğda ununa dair sanitariya norma və qaydaları”nda maksimum nəmlik, kül miqdarı, minimum zülal miqdarı, düşmə ədədi kimi göstəricilər üzrə tələblər yer alıb. “Çörək məhsullarına dair sanitariya norma və qaydaları”nda isə buğda çörəyi və çörəyin xüsusi növləri (çovdar çörəyi, qarğıdalı çörəyi, yulaflı çörək və s.) təsbit edilib. Bununla yanaşı, bu qaydalarda çörək məhsullarında duzun maksimum miqdarı da tənzimlənib. Belə ki, buğda çörəyi və çörəyin xüsusi növlərində duzun maksimum miqdarı quru maddəyə əsasən ən çoxu 1,5% həddində müəyyənləşdirilib.

Hər iki qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Nəşr edilib : 29.05.2024 13:15