AZ EN RU

Azərbaycançılıq ideyalarına sadiq yeni nəsil

“Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür”.  “Füyuzat” jurnalında çap olunmuş bu fikirlər gəncliyin mahiyyətinin bədii boyalarla mükəmməl təzahürünün gözəl nümunəsidir. Müasir dövrümüzdə gənclər  dedikdə cəmiyyətin ən aktiv və innovativ sosiumu başa düşülür. Çünki bəşəriyyətin sadə yaşam məntiqi belədir. Bu gün istifadə etdiyimiz ən primitiv əşyadan, ən qarışıq və mürəkkəb cihaza qədər bunların hər birinin yaranmasında gənc ağlının, gənc fikrinin, gənc düşüncəsinin  rolu vardır.

Azərbaycan xalqı da tarixən öz gələcəyi olan gəncə qiymət vermiş, ona dəstək olmuş, onun ən böyük sərvət olduğunu anlamış bir xalq olaraq məhz gənclər sayəsində tarixin ən çətin dövrlərini belə qətiyyətlə dəf edərək bu günə gəlib çatmışdır. 1918-ci ildən sonrakı dövrlərə baxsaq bununla bağlı kifayət qədər nümunəyə şahid ola bilərik. Azərbaycan gəncini fərqləndirərn əsas xüsusiyyətlərdən biri onun vətənpərvərlik ideyaları və duyğuları ilə yoğrulmasıdır. Müsəlman Şərqində ilk demokratik dövlətin yaranması və qısa bir müddətlik də olsa qorunmasında Azərbaycan gəncinin, Azərbaycan gəncliyinin rolu danılmazdır. Sovet işğalından sonra gənclərin qabağa çəkilməməsi, ümumiyyətcə, azərbaycanlı kadrlara üstünlük verilməməsi gənclərə qarşı formalaşan cəbhənin və müstəmləkəçi rejimin təzahürü idi. Amma 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsindən sonra bu sahə xüsusi olaraq diqqətlə saxlanılan prioritet məsələlər sırasına daxil edildi. Xüsusilə, gənc kadrların işlə təmin olunması, iş potensiallarının artırılması və.s kimi tədbirlərin həyata keçirilməsi bu sahədə atılan mühüm addımlar sırasında idi. Dahi şəxsiyyətin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Məhz onun şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır.

            Ulu Öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə gələndə də gənclər siyasəti silsilə islahatlarla davam etdirildi. Böyük şəxsiyyət gənclərə olan inamını belə ifadə edirdi: “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanması dövlətin qarşısında duran ən böyük vəzifəyə çevrildi. Ümummilli Liderin müvafiq fərmanı ilə gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün hələ 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi təsis edildi. Gənclərlə bağlı atılan növbəti addım 2 fevral 1996-cı ildə gənclərin I Forumunun keçirilməsi oldu. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu. Forumdan çıxışında Ulu Öndər söyləmişdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”. Bunu, həqiqətən də, həmin illər üzrə Azərbaycan üçün ən böyük uğurlar sırasına aid etmək olardı. 

1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ümummilli Lider 2 fevral-Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı. Bu Azərbaycan gənci üçün bir töhfə, bir mükafat idi. Bundan əlavə, 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qərarların, habelə “Gənc ailə” proqramı, “gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət sənədləri bu baxımdan təqdirə layiqdir.

Ulu Öndər Heydər Əliyev siyasi xəttinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk andan etibarən də gənclər siyasətinə göstərilən xüsusi qayğı tam axarında davam edir. Məhz bunun nəticəsidir ki, dövlət başçımız dünya siyasi arenasında gənclərin inkişafına və ictimai həyatda daha aktiv iştirakına əhəmiyyət verən, diqqətdə saxlayan bir lider kimi tanınır. Cənab Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinin inkişaf istiqaməti mövcud ənənələr əsasında daha da təkmilləşdirildi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Bunlarla birgə vətənpərvlik ruhunun aşılanması da ən mühüm məsələlərdən biri idi. Çünki Azərbaycan gənci savadlı və dünyagörüşlü olmaqdan əlavə vətənpərvər olmalı idi. Nəhayət 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan gənci düşmənə layiqli cavabını verdi, tarixi dədə-baba yurdlarını düşmənin caynağından  çəkib aldı.         

Bu gün böyüklü-kiçikli hər bir azərbaycanlı Azərbaycan gənci ilə fəxr edir, vətənin inkişafını və tərəqqi yolunu onda görür.

Yusif  MİRZƏZADƏ

Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbəsi,

Tələbə Gənclər Təşkilatının sədr müavini

Nəşr edilib : 27.02.2024 14:49