AZ EN RU

Azərbaycançılıq ideologiyası milli həmrəyliyimizin təməlidir

    Dekabr ayı ərzində dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizdən alınmış müsahibələri, onların hazırladığı yazıları “Şərq qapısı” qəzetində görəcəksiniz.

Mübariz Həsənov

İstanbul Piri Rəis 
Universitetinin professoru

 

    Təqribi sayı 50 milyon olan azərbaycanlıların 40 milyondan çoxu bu gün dünyanın müxtəlif ölkələrində yaşayır. Azərbaycanlıların hazırda ən çox yaşadığı ölkələrdən biri də Türkiyə Respublikasıdır. Türkiyədə Azərbaycan əsilli vətəndaşların əsas yerləşdiyi ərazilər Qars və İğdır bölgələridir ki, burada ötən əsrin əvvəllərində mühacirət etmiş soydaşlarımız yaşayır. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə isə Azərbaycandan Türkiyəyə axın edənlər, əsasən, təhsil, biznes və yaşamaq üçün gələnlər olmuş, başda İstanbul və Ankara olmaqla, bir çox şəhərlərdə yerləşmişlər. 
    Türkiyə həm də bu gün ən böyük Azərbaycan diasporunun mövcud olduğu ölkədir. Hamımıza məlumdur ki, Ümummilli Liderimiz Heydər Əliyev milli diaspor quruculuğu sahəsində əvəzolunmaz işlər görmüşdür. Belə ki, Ulu Öndər 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi  bu barədə qərar qəbul etmişdir. Məhz bu addım dünya azərbaycanlılarının milli həmrəyliyinin əsasını qoymuşdur. 
    Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələb və xahişlərindən sonra ali hakimiyyətə qayıdışı bir çox sahələr kimi, diaspor quruculuğu sahəsində də mühüm işlərin həyata keçirilməsi ilə yaddaşlara yazıldı. Dahi şəxsiyyət, hər şeydən əvvəl, dünya azərbaycanlılarının birliyi məsələsini Azərbaycançılıq ideologiyası üzərində quraraq ümummilli həmrəyliyi təmin etdi. Bunun nəticəsidir ki, hazırda dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə yaşayan azərbaycanlılar vahid ideologiya ətrafında sıx birləşərək Vətənimizin hərtərəfli inkişafında mühüm rol oynayırlar. Bu işdə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin də rolu az deyil.
    Statistikaya görə, hazırda bu ölkədə azərbaycanlı tələbələrin sayı 15 minə yaxındır. Bu il ərzində Türkiyə Cümhuriyyətinin 100 illiyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü  münasibətilə Türkiyənin ali təhsil müəssisələrində çoxsaylı tədbirlər keçirilmiş, bu tədbirlərdə Azərbaycan diasporunun nümayəndələri ilə bərabər, Azərbaycan mədəniyyət və dostluq mərkəzlərinin, dərnəklərin üzvlərinin iştirakı da təmin edilmişdir. Xüsusilə son illərdə Türkiyədə Azərbaycanla bağlı keçirilən tədbirlərdə ölkəmizin təbliği üçün geniş imkanlar açılmış, hər iki qardaş ölkə arasında qarşılıqlı səfərlər və görüşlər təşkil edilmiş və nəticədə, Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənmişdir. Təbii ki, bütün bu işlərin görülməsində qardaşlıq bağları ilə bərabər, diaspor fəaliyyətinin də əməyi göz önündədir. 
    Bu gün müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycançılıq ideologiyası ətrafında birləşməsi və fəaliyyəti mühüm istiqamətlərdən biridir. Düşünürəm ki, Naxçıvan Muxtar Respublikasında nəşr olunan rəsmi “Şərq qapısı” qəzetində “Heydər Əliyev İli” çərçivəsində “Həmrəyliyimizin ən böyük ideyası-Azərbaycançılıq” rubrikası ilə veriləcək yazılar bu ideoloji xəttin təbliği baxımından böyük rol oynayacaqdır.  

Nəşr edilib : 30.11.2023 20:05