AZ EN RU

Azərbaycana qaçaqmalçılıq yolu ilə 60 kiloqram marixuana gətirən daha 3 narkokuryer saxlanılıb

Paytaxt ərazisində keçirilən növbəti tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Tələt Muradov, Şahlar Qasımov və Famil Əliyev Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən saxlanılıblar.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılanların üzərindən, ev və avtomobilindən 60 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamtefamin, 8780 metadon həbi və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

Araşdırmalar nəticəsində müəyyənləşib ki, T.Muradov, Ş.Qasımov və F.Əliyev “Sübhan” və “Razi” adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil ediblər. Saxlanılan şəxslər qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən narkotik vasitələri Sumqayıt şəhərində dəniz kənarından əldə etdiklərini bildiriblər. Hər üç şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imiş. T.Muradov, Ş.Qasımov və F.Əliyev ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nəşr edilib : 21.06.2024 11:07