AZ EN RU

Azərbaycana “neft lənəti” arzulayanlara Prezidentdən “yaşıl dərs”

Dövlət başçısının “Euronews”a müsahibəsinə sözardı…  

Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi bir çox maraqlı tərəfləri ilə yadda qaldı. 
    Hər şeydən əvvəl, müsahibənin ayaqüstü və cəmi üç sualdan ibarət olması, böyük ehtimalla, televiziyanın tədbir gedişi zamanı qəbul etdiyi qərardan qaynaqlanırdı. Adətən, bu media qurumunun dövlət başçısı ilə müsahibələri hər zaman geniş olduğundan, budəfəki söhbətin yığcamlığı hər halda dövlət başçısının adıçəkilən görüşdə çıxışındakı açıqlamaların Avropa auditoriyası (həm də dünya) üçün maraqlı tərəflərini bir daha konkretləşdirmək məqsədi güdürdü. Bu da təbiidir. Çünki Cənub Qaz Dəhlizinin əhəmiyyəti hazırkı Qərb üçün heç də “yaşıl enerji” konsepsiyasından az əhəmiyyət daşımır. Bu marağı xanım jurnalistin dövlət başçısına ünvanladığı sualların mahiyyətindən də görmək mümkün idi. Verilən suallara Prezidentin mükəmməl cavabları isə Azərbaycanın enerji layihələrinə inamsızlıqla yanaşan bəzi Avropa ölkələrinin özünün fiaskosu idi. Sitat: “Bilirsiniz ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir”. 
    Ümumiyyətlə, indiyədək Azərbaycanın regionda həyata keçirdiyi beynəlxalq layihələrə bir çox Qərb ölkələri inamsızlıq göstərib. Hətta bu inamsızlıqlarını sübuta yetirmək üçün qarayaxdı kampaniyalarından da bolluca yararlanıblar. Amma Azərbaycan Prezidentinin qətiyyəti, siyasi iradəsi və dünyanın iqtisadi gündəliyinin gələcək konturlarını görmək və hədəfə çevirmək bacarığı həmin layihələrin reallığa çevrilməsini təmin edib. Cənub Qaz Dəhlizi də bu sıradan istisna deyil. 
    Azərbaycanın son illərdə “yaşıl enerji” layihələri ilə bağlı addımları da bəzi ölkə və təşkilatların “ruhuna” uyğun deyil. Belələrinin “məntiqinə” görə, Azərbaycan çoxdan “Holland sindromu”na yoluxmalı, “resurs lənətinə” düçar olmalı, qazıntı yanacağına sahib olmağın bədəlini ödəməli idi. Ölkə başçısı isə bütün bunların fonunda Avropaya mesaj verir ki, əslində, qazıntı yanacağı ilə zəngin ölkələr “yaşıl enerji”yə keçiddə ön sıralarda olmalıdır. Prezident Azərbaycanın timsalında buna aydınlıq gətirir ki, biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Buna görə də neft və qaza malik ölkələr günahlandırılmamalıdır. Bu bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq.
    Nəzərə alaq ki, bu gün qazla olduğu qədər, “yaşıl enerji” ilə təminat da Avropa üçün son dərəcə aktualdır. Bu aktuallığı önəmli edən həm də budur ki, hesablamalara görə, Avropa İttifaqının elektrik enerjisinə tələbatının 2040-cı ilə qədər, təxminən, 80 faizə qədər artacağı gözlənilir. Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi isə ölkə başçısının da dediyi kimi çox iddialıdır. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavatdır.  Təxminlərə görə, Azərbaycan yaxın 10 ildə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi qarşıya məqsəd qoyub. Belə bir vəziyyətdə Azərbaycan Avropa üçün potensial tərəfdaşdır, eyni zamanda indiyədək həyata keçirdiyi bir çox layihələrlə artıq özünü  etibarlı tərəf kimi də tanıdıb. Yəni, söhbət təkcə qaz yox, gələcəkdə elektrik enerjisi üzrə Panavropa təchizatçısına çevrilməkdən də gedir. 
    Beləliklə, Azərbaycan növbəti dəfə böyük qlobal əhəmiyyəti olan,  Avropa İttifaqı ilə yanaşı, 22 ölkənin, 6 beynəlxalq təşkilatın, 44 şirkətin yüksəkvəzifəli təmsilçilərinin iştirak etdiyi tədbirə ev sahibliyi etməklə mövcud potensialını ortaya qoydu. O ki qaldı bəzi qeyri-hökumət təşkilatları və media qurumlarının “qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilməz” kimi hücumlarına, Azərbaycanın həmin tədbirdə Avropa İttifaqının külək enerjisi şirkətləri ilə Anlaşma Memorandumu imzalaması və Prezidentin “Euronews” vasitəsilə açıq mesajları Avropa İttifaqının fransız havasında olan üzvlərinə əsl “yaşıl dərs” oldu.


Səbuhi HƏSƏNOV 

Nəşr edilib : 09.03.2024 11:00