AZ EN RU

Azərbaycana, Naxçıvana xidmət tükənməz sevgidir

Cabbar Şıktaş: “Dəfələrlə olub ki, dahi şəxsiyyət Heydər Əliyev hansı xəbərlərin “Milliyət”də yayımlanmasının zəruri olduğunu əvvəlcədən bildirirdi...

“Onu ictimaiyyətə geniş şəkildə tanıtmağa ehtiyac yoxdur”. Nədənsə yazını başlayarkən ilk ağlıma gələn ilk fikir bu, oldu. Çünki onu Naxçıvanda 90-cı illərin ağır günlərini yaşamış bir çoxları tanıyır. Ümummilli Liderimiz Heydər Əliyevə və Naxçıvana olan böyük sevgisi bu tanışlığın ilk bağları idi. 1990-1993-cü illərdə Naxçıvana saysız-hesabsız səfərləri, Ulu Öndərlə dəfələrlə görüşləri, hətta Sədərək döyüşlərində iştirakı onun həyat hekayəsinin səhifələrinə unudulmaz illər kimi yazılıb. Hərbçi deyildi, ancaq hər zaman əsgərlərin əhatəsində idi, Azərbaycan vətəndaşı deyildi, amma hər bir azərbaycanlının etdiyi və ya etmək istədiyini o da edirdi. Döyüş bölgəsinə getməyi qadağan etmişdilər, amma o, gedirdi. Çünki jurnalist idi, muxtar respublikanın düşdüyü mürəkkəb vəziyyəti, ermənilərin işğalçı hücumlarını, blokadanın çətinliklərini dünya mediası onun yazdıqları ilə xəbər tuturdu. Bu fəaliyyətinə görə 97 yaşlı “Milliyət” qəzeti bəlkə də tarixində ilk dəfə olaraq öz əməkdaşını digər ölkənin paytaxtına deyil, onun ərazicə kiçik bir bölgəsinə – Naxçıvana müxbir təyin etməyə qərar vermişdi. Və o, bu vəzifəni layiqincə yerinə yetirirdi. Əslində isə bu xidmət indi də davam edir. Özü demişkən: Azərbaycanla, Naxçıvanla bağlı gündəmin işıqlandırılması bu gün də fəaliyyətimin əsas hissəsidir, çünki, bu bir sevgidir – Azərbaycana, Naxçıvana olan tükənməz sevgi. Elə biz də bu sevginin yaşadıldığı ünvanda dahi şəxsiyyət Heydər Əliyevlə bağlı keçmiş xatirələri bir daha təzələmək istədik. Buna isə ehtiyac var. Beləliklə, müsahibimiz “Yeşil İğdır” qəzetinin sahibi və baş redaktoru Cabbar Şıktaşdır:

– Cabbar bəy, necəsiniz?

Təşəkkür edirəm, sağ olun.

– Sizi qiyabi olaraq tanıyırdım, amma Ümummilli Liderimiz Heydər Əliyevlə bağlı fəaliyyətiniz haqqında, açığını deyim ki, o qədər də məlumatlı deyildim. Bu yaxınlarda Urfullah Qurbanovla (Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin Əks-kəşfiyyat şöbəsinin keçmiş rəisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi S.H.) görüşümüzdə sizdən söhbət açıldı və mənə  haqqınızda maraqlı məlumatlar verdi. Elə bu söhbətdən sonra sizinlə görüşməyə qərar verdim. Ümumiyyətlə, dahi şəxsiyyət Heydər Əliyevlə ilk tanışlığınız necə olmuşdu?

Ümummilli Liderimiz Heydər Əliyevlə ilk tanışlığımız 90-cı illərə təsadüf edir. Deməli bu tanışlıq, belə olub. Mən əsgərlikdən evə yeni qayıtmışdım. Rəhmətlik atam İgdırda “Yeşil İğdır” qəzetinə sahiblik edirdi. Mən gəldikdən sonra məsləhət gördü ki, qəzetçilik işlərini davam etdirim. Yəni, bu, bir ata məsləyi idi. Mən də müxbir olaraq işə başladım. Aradan bir müddət keçdi, həm də “Milliyət” qəzetinin Qars-İgdir üzrə bölgə müxbiri olaraq fəaliyyətimi davam etdirdim. Bu arada xəbərlər gəlib çatırdı ki, Naxçıvana gediş-gəlişi asanlaşdırmaq üçün Araz çayının üzərində yeni bir körpünün tikintisinə başlanılıb. Amma keçid üçün kiçik bir körpü var idi. Qərar verdim ki, sərhədə gedim görüm orada vəziyyət necədir. O zaman bizdə Aralıq kəndindən (o vaxt Qarsın inzibati ərazisinə aid idi) sonra maşın yolu yox idi, yəni bildiyimiz adi torpaq yol idi. Yolboyu bir neçə maşın dəyişib sərhədə gəldim. Baxdım ki, inşaat hazırlıqları gedir, mülki işçilər də var. Bunların da başının üstündə Ufuq adlı bir jandarma zabiti var, onunla da tanış olub söhbətləşdik.  Bir az keçəndən sonra gördüm hər kəsin başı qarışıb işə, bir anlığa qərar verdim ki, keçim o tərəfə, yəni Naxçıvana. Və onların gözündən yayınıb həmin o balaca körpüdən keçib arxama baxmadan piyada gəlib çıxdım Sədərək yoluna. Qarşıma çıxan bir adama Naxçıvana necə gedəcəyimi soruşdum və yoldan keçən bir maşına oturub gəlib çıxdım şəhərə. Naxçıvanda indiki Heydər Əliyev Muzeyinin qarşısındakı meydanda gördüm çoxlu adamlar var, əvvəlcə bunu mitinqə bənzətdim. Soruşdum, dedilər bəs görkəmli siyasi xadim Heydər Əliyev məclisin yeni sədri seçilib, indi də gələnlər onunla görüşmək istəyirlər. Qəti olaraq qərar verdim ki, mən də onunla görüşməliyəm. Çətinliklə də olsa Naxçıvan Ali Məclisinin binasına daxil oldum, gördüm dəhliz boyu xeyli adam toplaşıb. Yaxınlaşıb dedim ki, Türkiyədən gəlmişəm, müxbirəm, Heydər Əliyevlə görüşməliyəm. Açıq söyləmək lazımdırsa, görüşəcəyimi zənn etmirdim. Amma məni yuxarı mərtəbəyə apardılar, orada görüşdüyüm başqa bir adama mənim haqqımda məlumat verdilər. Hər halda bu insan səlahiyyətli bir şəxs idi. Özüm haqqında məlumat verdikdən sonra vəsiqəmə baxdı, bir-iki sual verdi və mənə bir az gözləməyimi söylədi. Görüşə biləcəyimə heç ümidim yox idi. Lakin bir azdan məni Ümummilli Liderin oturduğu otağa dəvət etdilər.

– O ana qədər Ulu Öndəri heç görməmişdiniz yəqin?

Nəinki görməmişdim, heç görsəydim belə tanımazdım. Çünki əsgərlikdən gələndən sonra sadəcə adını eşitmişdim. Bir də onu bilirdim ki, sovetlər kimi nəhəng bir dövlətdə, “politbüro”da ən yüksək vəzifədə işləyən türk olub. Bilirsiniz, bu, dəhşət idi. İndi öz-özümə fikirləşirəm ki, bəlkə də əvvəlcədən onunla görüşməyi planlaşdırsaydım, yəqin ki, alınmayacaqdı. Yəni, onun məni qəbul etməsi, həm də bu tezlikdə qəbul edib görüşməsi mənim üçün əsl möcüzə idi. İçəri keçib görüşdüm, böyüklərə hörmət əlaməti olaraq əlini öpdüm. Mənə oturmaq üçün yer göstərəndən sonra yaxından maraqlanmağa başladı. Təxminən yarım saatdan çox söhbət etdik. Söhbətin sonunda Naxçıvana tez-tez gəlməyi, onunla müntəzəm əlaqə saxlamağı tövsiyə etdi və bu işdə mənə lazımi dəstək göstərməyi səlahiyyətli şəxsə də tapşırdı.

– Bəs əsas nədən danışdınız?

İlk olaraq, təbii ki, tanış olduq. Naxçıvana necə gəlməyimi soruşdu, ailəmlə, özümlə bağlı danışdıq. Sonra isə əsasən Naxçıvanın düşdüyü mürəkkəb vəziyyətdən, ermənilərin bu qədim Azərbaycan diyarına hücumlarından danışdı, muxtar respublikada baş verən hadisələrin Türkiyə mətbuatında işıqlandırılmasının çox böyük əhəmiyyətinin olacağını vurğuladı. İnanın, söhbət o qədər maraqlı keçdi ki, açığı, bu səmimiyyəti də gözləmirdim. Yəni, indi fikirləşirəm ki, bu cür böyük bir şəxsiyyətin o qədər işinin çox olduğu bir zamanda məni qəbul edib söhbətə vaxt ayırması inanılmaz idi. Bu qısa zaman çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrinin böyük gələcəyinin olduğunu elə inamla izah etdi ki, mən daxilən içimdə bundan sonrakı fəaliyyətimi bu istiqamətdə quracağıma söz verdim. Bilirsiniz, bu görüş 22-23 yaşlarında gənc bir jurnalist üçün əsl möcüzə idi...

– Və bundan sonra sizin fəaliyyətinizin Naxçıvan dövrü başladı...

Bəli, bu görüşdən sonra Naxçıvan mövzusu mənim qəzetçilik fəaliyyətimdə ana mövzuya çevrildi. Ümummilli Lider məni Naxçıvan Müdafiə Komitəsinin sədri rəhmətlik Elman Abbasovla tanış etdi. Artıq Azərbaycanda ilk dəfə olaraq Milli Ordu quruculuğuna başlanılmışdı və kərpic-kərpic qurulan bu ordu mənim gözlərimin qarşında baş verirdi. Təsəvvür edin bir tərəfdən Naxçıvan aramsız hücumlara məruz qalır, şəhidlər verir, iqtisadi vəziyyət çox ağırdır, digər tərəfdən ordu qurulur, Türkiyə və İranla iqtisadi əlaqələr yaradılır. Yəni böyük bir prosesə şahidlik edirdim. Ancaq əsas məsələ, təbii ki, Naxçıvanın təhlükəsizliyi idi. Erməni-rus hərbi birləşmələrinin əsas məqsədi Sədərək vasitəsilə Naxçıvanı işğal etmək, əhalini buradan qaçırmaq idi. Fiziki baxımdan, hərbi qüvvələr baxımından bu, bəlkə də mümkün idi. Amma ortada Heydər Əliyev faktoru vardı axı, bunu gözardı etmək mümkün deyildi. Mən isə həmin Sədərək döyüşlərinin canlı şahidi olan, yeganə, belə deyək ki, xarici jurnalist idim. Cəbhə bölgəsində baş verən hadisələr günbəgün “Milliyət”də işıqlandırılırdı.

Cabbar bəy “Milliyət”in müxtəlif saylarından surətini çıxardığı hissələri mənə göstərir: “Dışişleri heyeti Nahçıvanda”, “Sınıra yığınak”, “Nahçıvanda Türk şenliği”, “Milli ordudan yemin”, “Türk birlikleri yerleşti. Ermeni siper kazıyor”, “Ermenistan sınırına yığınak”, “Namlular hedefe”, “Aliyevin endişesi”, “Rus-ermeni işbirliği”, “Nahçıvanda yardım sevinci”, “Nahçıvanın bir gözü ermeni tehdidinde, bir gözü Ankara güvencesinde”, Nahçıvan Genelkurmay Başkanı Elman Abbasov: Biz Türküz, Vatanımızı kanımızın son damlasına kadar savunuruz”, “Küçün Türkün eli tetikte”, “Nahçıvanda çifte sevinç” və adını sadalamadığımız onlarca belə məqalə Naxçıvanın ən yeni tarixində yaşananları bir-bir oxucusuna anladır.

Müsahibim həmin dövrdə muxtar respublikada baş verən hadisələrdən çoxlu misallar gətirir. Deyir ki, Müdafiə Komitəsinin sədri Elman Abbasov mənə Sədərəyə getməyə qadağa qoymuşdu. Yəni, bunu təhlükəsizlik üçün edirdi. Çünki Sədərəyin ən agır günlərində əsgərlərlə bir yerdə idik. Sədərəkdəki “Mil” təpəsinin ermənilərdən alınması, yaralılara yardım üçün Qarsdan tibbi heyətin Naxçıvana gəlməsi, ağır yaralıların Ərzurumdakı xəstəxanaya helikopterlə çatdırılması, Culfadaki hərbi hissədə əsgərlərin andiçmə mərasimi haqqında xəbərlər, eyni zamanda Ulu Öndər Heydər Əliyevin SSRİ Müdafiə naziri Pavel Qraçovun təyinatdan dərhal sonra İrəvana getməsi haqqında fikirləri, Ermənistan prezidenti Levon Ter-Petrosyanın Türkiyənin Naxçıvana hərbi müdaxilə etməməsi üçün bəyanatlarına cavabları “Milliyət” vasitəsilə Türkiyə və dünya mediasına çatdırılırdı. Hətta dəfələrlə olub ki, Ulu Öndər hansı xəbərlərin “Milliyət”də yayımlanmasının zəruri olduğunu əvvəlcədən bildirirdi, eyni zamanda Naxçıvanla bağlı baş verən hadisələrə münasibətinin də hər kəs tərəfindən bilinməsini istəyirdi. Məsələn,  MDB Silahlı Qüvvələrinin baş komandanı, general Y. Şapoşnikovun “Türkiyənin Naxçıvana müdaxiləsi Üçüncü Dünya müharibəsinə gətirib çıxarar” bəyanatı onu çox əsəbləşdirmişdi. Ertəsi gün isə “Milliyət”də Heydər Əliyevin bu fikrə cavabı belə olmuşdur: “Niyə çıxmalıdır? Mən Naxçıvanın rəhbəriyəm, istəsəm İranı da, Türkiyəni də bura dəvət edə bilərəm. Burada Rusiyanın əsgəri var. Kimi qoruyur? Şapoşnikov deyəsən, elə köhnə günlərdəki kimi yaşayır”...

(ardı var)

Səbuhi HƏSƏNOV

Naxçıvan-İgdır-Naxçıvan

Nəşr edilib : 24.05.2023 16:15