AZ EN RU

Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət

   Kərim İsmayılov
İtaliya, Roma.
 İtaliya-Azərbaycan əlaqələri
üzrə təşkilatın rəhbəri

    Mən Naxçıvan şəhərində doğulub, böyümüşəm. Ali təhsilimi Naxçıvan Dövlət Universitetində almışam. 2016-cı ildən İtaliya Respublikasının Roma şəhərində yaşayıram. Sapienza Universitetinin Dünya hüququ və iqtisadiyyat ixtisasını magistr səviyyəsi üzrə bitirmişəm.

    Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşasam da, Vətən eşqi, Vətən həsrəti daim məni düşündürüb. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Vətənə bağlılıq, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət hisslərini özündə əks etdirir.

  Artıq müasir mərhələdə dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Bizlər də, öz növbəmizdə, İtaliyada yaşayan azərbaycanlılar olaraq bu ölkənin ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynamağa çalışırıq. Hazırda fəaliyyətimizi Avropa institutlarında, insan haqları institutlarında, Avropa parlamenti səviyyəsində davam etdiririk. İtaliya Azərbaycanlıları Birliyi olaraq daha çox diaspor fəaliyyətindən lobbiçilik fəaliyyətinə keçid etməyə çalışırıq. Buna nümunə kimi birliyin çoxsaylı heyəti ilə Belçikanın paytaxtı Brüsseldə Xocalı aksiyası ilə bağlı iştirakımızı qeyd edə bilərəm. 
  Hər il Polşanın paytaxtı Varşavada ATƏT-in Zirvə toplantısı keçirilir. Həmçinin biz də ATƏT-in Zirvə toplantısında aktiv iştirak edirik. İtaliya Azərbaycanlıları Birliyi kimi çalışırıq ki, beynəlxalq tədbirlərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatlarından, strategiyasından istiqamətlənərək çıxışlar edək. Azərbaycan dövlətinin maraqlarına uyğun şəkildə, dövlət maraqlarını müdafiə edəcək formada bu məsələləri müstəqil şəkildə həyata keçirməyi diqqətdə saxlayırıq.
    44 günlük Vətən müharibəsi zamanı olan fəaliyyətimizi isə xüsusilə qeyd etmək istərdim. O vaxt ermənilərin başlatdığı təxribat artıq yalnız cəbhədə deyil, eyni zamanda həm qaralama xarakterli, anti-Azərbaycan təbliğatlı informasiya, həm də aqressiv bir şovinizm səviyyəsinə qədər çıxa bilmişdi. Ermənistan növbəti dəfə uduzduğuna görə beynəlxalq aləmdə özünün uğursuz diplomatiyası ilə tanındığı üçün artıq xarici ölkələrdə təxribatlara başlamışdı, Avropa ölkələrində Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında etiraz aksiyaları adı altında təxribat aksiyaları törətmək yolunu tutmuşdu. Dövlət Bayrağımızı yandırmaq kimi heç bir etik qaydalara sığmayan hərəkətlərə yol verən erməni diasporunun bu əməlləri həmin ölkələrdə, eləcə də İtaliyada yaşayan Azərbaycan xalqının nümayəndələri üçün səfərbərlik anonsu oldu.
    İşğalçı Ermənistan yaratmaq istədiyi informasiya çirkinliyi ilə dünya ictimaiyyətini aldatmağa, həqiqətə uyğun olmayan məlumatları tirajlamağa çalışırdı, lakin gənclərimizin müxtəlif dillərdə gecə-gündüz apardığı informasiya savaşı ermənilərin bu arzusunu ürəyində qoydu. Azərbaycan dövlətinin və Azərbaycan gəncliyinin sosial mediada aktiv fəaliyyəti, “Facebook” və “X” platformaları üzərindən başlatdığı kampaniyalar 44 günlük Vətən müharibəsi zamanı ermənilərin bu cəhdinin də baş tutmasına imkan vermədi. Onların dezinformasiya cəbhələri susduruldu və məğlubiyyətə məcbur edildi. 
   Vətən müharibəsi zamanı İtaliyada yaşayan azərbaycanlılar Brüsseldə keçirilən Ümumavropa Qarabağ mitinqində iştirak etdilər. Eyni zamanda həmin dövrdə – müharibənin gedişində Romanın mərkəzi meydanlarından olan “Monte Citorio”da “Qarabağ Azərbaycandır!” şüarları hər yerə yayılmışdı.
    İtaliyada keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə diasporun nümayəndələri bir araya gələrək fəal şəkildə iştirak edir, həmrəyliyimizi daha da gücləndirirlər. Ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə İtaliya Deputatlar Palatasında keçirilən “Azərbaycan-İtaliya: çoxşaxəli strateji tərəfdaşlığa doğru yol” konfransı, Romada Sala Umberto Teatrında keçirilən “Xarıbülbül” konsert proqramı, Romanın Sapienza Universitetində İmadəddin Nəsimiyə həsr olunmuş kitabın təqdimatı və Nəsiminin şeirlərinin qiraət olunduğu tədbir, Berlində dünyanın müxtəlif ölkələrində yaşayan və diaspor işi ilə məşğul həmvətənlərimizlə olan görüş və adlarını sadalamadığım onlarla bu kimi tədbirlərdə İtaliya azərbaycanlıları olaraq hər zaman həmrəylik nümayiş etdirir, Vətənimizin tanıdılması və düzgün təbliğ olunması işində əlimizdən gələni əsirgəmirik. 
  Ümummilli Liderin təməlini qoyduğu, bu gün cənab Prezident tərəfindən inamla davam etdirilən Azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlı gənclər üçün, həmvətənlərimiz üçün əsas ideyaya çevrilib. Məhz bu ideologiya ətrafında birləşən xaricdə yaşayan azərbaycanlıların bir araya gətirilməsi mü̈haribə dönəmində Azərbaycan üçün ən önəmli olan amillərdən biri idi. Bu həm də ölkəmizin gələcək inkişafı, Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılması, maraqlarının müdafiə edilməsi üçün çox vacibdir. Həmrəyliyimiz daimi olsun.

Nəşr edilib : 25.12.2023 19:18