AZ EN RU

Azərbaycan XİN Ermənistanı təxribatçı addımlara və bəyanatlara son verməyə çağırdı

Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə Ermənistan rəsmilərinin müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsi bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtdir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “Le Monde” qəzetinə müsahibəsində səsləndirdiyi iddialara dair şərhində deyilir.

“Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hər hansı bir bəhanə ilə şərtləndirməsi qətiyyən qəbuledilməzdir, iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş səylərə zərbədir və bölgədə gərginliyin saxlanmasına xidmət edir. Ermənistan tərəfi nəhayət anlamalıdır ki, bölgədə sülh və sabitliyin bərpa edilməsinə törətdiyi maneçilik səyləri heç bir nəticə verməyəcək. Ermənistan tərəfini təxribatçı addım və bəyanatlara son verməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”, - deyə Azərbaycan XİN-in şərhində vurğulanıb.

Nəşr edilib : 25.07.2023 11:12