AZ EN RU

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə şəhid övladlarının iştirakı ilə "Zəfər düşərgəsi" təşkil edilib.

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində baş tutan və iki gün davam edən düşərgədə 40-dək şəhid ailəsi üzvü iştirak edib.
    Düşərgə iştirakçıları ilə görüşən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev bildirib ki, müharibədən zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı ölkəmizdə sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə görülən tədbirlər muxtar respublikamızda sistemli və ardıcıl xarakter daşıyır, bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir. Təşkil edilən düşərgə də bunlardan biridir. 
    Nazir müavini Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına “Dəstək” Fondunun və Fondun Himayəçilik Şurasının fəaliyyəti haqqında məlumat verib. 
    Düşərgənin ilk günündə psixoloq Əsmər Səfərova tərəfindən uşaqlarla psixoloji seans aparılıb, müxtəlif əyləncəli oyunlar təşkil edilib. Proqrama uyğun olaraq uşaqların iştirakı ilə keçirilən əyləncəli idman oyunları, həmçinin “İstedadını göstər” adlı yaradıcılıq müsabiqəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
    Uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün dəvət edilən şən klounun iştirakı ilə keçirilən əyləncəli oyunlar uşaqlar üçün yaddaqalan olub.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 02.09.2023 12:50