AZ EN RU

Azərbaycan xalqının növbəti qələbəsi

7 fevral 2024-cü ildə uğurla keçirilən növbədənkənar prezident seçkiləri istər vətəndaşlarımızın seçki fəallığı, istərsə də seçkinin nəticəsi ilə Azərbaycan xalqının növbəti qələbəsini dünyaya elan etdi. Dünən axşam saatlarından küçələrə axışıb Zəfər seçkisinin qələbəsini bir-biri ilə paylaşan azərbaycanlılar üçün bu qələbə unudulmaz 9 noyabr gecəsindən  sabaha qədər bütün günü yaşadığımız tariximizin ən böyük bayram gününü yaddaşlarımızda yenidən yaşatdı. Bir daha heç kimə məğlub olmamaq, bütün ömrü boyu Qalib Xalq kimi yaşamaq üçün Azərbaycan Qalib Lideri İlham Əliyevi yenidən prezident vəzifəsinə seçdi.  
Hər dövlət başçısı seçimi ölkələrin, onların xalqlarının və dünya birliyinin maraqlarını əks etdirən mühüm siyasi hadisədir. Bu mənada, güclü dövlət qurub onun çətiri altında firavan və xoşbəxt ömür sürməyi bacaran xalqlar üçün seçim şüarı həmişə “Birlik və həmrəylik” olub, hər cür kənar təsirlərə qarşı birgə mübarizəni özündə ehtiva edir. Müstəqillik tarixi ərzində bütün belə təsir və təhlükələrlə üzləşmiş Azərbaycanın bu seçim qələbəsi də xalqımzın, dövlətimizin, ordumuzun qələbələrini qısqananlar, yaxud ölkəmizə qarşı açıqca düşmən münasibətini gizlətməyənlər üçün açıq bir xəbərdarlıq oldu. 7 fevral qələbəsi çox yaxın tarixdə “20 yanvar”, “26 fevral” günlərini yaşamış Azərbaycana qarşı kimsənin bir daha cəsarətlənə bilməməsi üçün xalqımızın tək yumruq kimi birlik günü idi.  
Hələ seçki öncəsində kimin dost, kimin düşmən olduğunu bir daha tanıyan Azərbaycan bu seçimlərdə bir çox ilkəri yaşadı. Otuz il düşmən işğalı altına qalmış azad Qarabağda yaradılmış seçki məntəqələri, dövlət başçımızın ilk dəfə paytaxt Bakıdan kənarda, Xankəndidə səs verməsi, seçki qalibinin topladığı ən yüksək səs faizi, hətta ölkəsinin ərazi bütövlüyü pozulmuş xarici müşahidəçinin belə özünə qalib gəlmiş İlham Əliyev kimi prezident arzulaması xalqımıza qarşı açıq və ya üstüörtülü şəkildə müharibə aparanların çirkin niyyətlərini ürəyində qoydu. Bununla belə, Azərbaycandakı seçkinin qalibini ilk təbrik edən ölkə başçıları isə kənardan idarə olunmayan bir xalqın iradəsinə hörmət göstərməklə öz dövlətlərinin də müstəqil siyasət yürüdə biləcək gücdə olduğunu nümayiş etdirdilər. Çünki dünydakı sağlam düşüncə yaxşı görür ki, Azərbaycandakı seçki zəfəri ölkəmizdən daha çox regiona, dünyaya lazımdır. Kimlərinsə dünyanı qarşıdırmaqla öz iqtidarını qoruyub saxlamasından fərqli olaraq Azərbaycan kimi işğallardan, müharibələrdən əziyyət çəkən ölkələrə Qərbin “ixrac məhsulları”ndan daha çox birlik və sabitlik lazımdır. Qərbin dünya siyasi səhnəsindəki komik aktyorlarının ifasında hamıya yaxşı tanış olan səhnələr isə ümumiyyətlə, heç kimə lazım deyil. Prezidentinin, yaxud baş nazirinin kəlləsində lax yumurta qırıb, qulağının dibini yumruqla qızardan xalqlardan Azərbaycana gələ biləcək dövlətçilik mədəniyyəti, yaxud iqtidar səriştəsinə bu dövrdə   kimisə  inandırmaq sadəcə gülüş doğurur.  
Müstəqil Azərbaycan Respublikası tarixi bir dövrü arxada qoyub, yeni, daha məsuliyyətli dövrün astanasındadır. Ölkəmizin daha da güclənməsini istəməyən qüvvələrə qarşı yeni dövrün Azərbaycanı üçün daha intellektli, daha modern idarəetməyə, ölkəmizin sahib olduğu təbii, maliyyə və insan resurslarından daha rasional istifadəyə keçid ən zəruri məsələlərdəndir. Dövlət başçımızın müəyyən etdiyi yeni inkişaf yolunun xəritəsi qarşısında öz gələcəyini açıq görən Azərbaycan gənci məhz buna görə 7 fevral seçkilərində səsini Prezident İlham Əliyevə verməklə XXI əsrin yeni Azərbaycanı üçün onunla həmrəy olduğunu bəyan etdi.  
Qarşıdakı dövr Azərbaycan üçün olduqca əhəmiyyətli dövrdür. Qarabağın yenidən qurulması, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvana birbaşa kommunikasiyaların yaranması, ölkə iqtisadiyyatında yeni dövrün tələblərinə uyğun olaraq şaxələndirilmə aparılaraq neftdən asılılığın daha da azaldılması, yaşıl iqtisadiyyata keçid, alternativ və bərpaolunan enerji mənbələrindən istfadədə regionda liderə çevrilmək kimi qarşımızda mühüm vəzifələr vardır. Ölkəmizin müdafiə qabiliyyətinin daha da artırılması isə önümüzdəki illərdə bir nömrəli vəzifələrdən biri kimi xalqımızın hər bir nəfərini düşündürür. Bu yolda ən doğru seçimini etmiş Azərbaycan həmişə Qalib Prezidenti ilə yeni zəfərlər qazanacaq. 

Əli CABBAROV
iqtisad üzrə fəlsəfə doktoru

Nəşr edilib : 09.02.2024 18:45