AZ EN RU

Azərbaycan xalqının arzularını reallaşdıran LİDER

    Tarix dəfələrlə sübut edib ki, xalqın vahid məqsədlər uğrunda birləşməsi üçün zəruri olan milli birlik böyük siyasi dühaların yaratdığı ideologiyalarda reallaşır. XX əsrdə xalqımızla bağlı bu şərəfli missiyanı Ümummilli Lider Heydər Əliyev həyata keçirmişdir. Ulu Öndərimiz həyatının bütün dövrlərində milli ideologiyanın formalaşması və möhkəmlənməsi naminə müstəsna xidmətlər göstərmiş, milli şüurun inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış, Azərbaycançılığı milli ideologiyaya çevirməyə nail olmuşdur. 

Uğurlu siyasətin uğurlu varisi – 
“Mən hər bir azərbaycanlının Prezidenti olacağam”

    Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri də Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. Bu ondan irəli gəlirdi ki, Vətənini canından çox sevən uzaqgörən insanı Azərbaycanın özünün rəhbərlik etdiyi dövrlə yanaşı, ondan sonrakı taleyi də düşündürürdü. Müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyev qurduğu dövlətin taleyini tapşıracağı yeni Liderin seçilməsində nümayiş etdirdiyi özünəməxsus müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür, seçimin uğuru  təkzibolunmaz şəkildə öz təsdiqini tapdı. Ümummilli Liderin bu uzaqgörənliyinin və seçiminin alternativsizliyin zaman keçdikcə daha əsaslı şəkildə təsdiqini tapmaqdadır. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, – deyən cənab İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Ötən  illərin reallıqları zamanın dahisi Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir. 
    Xalqımızın Ümummilli Liderinin müdrik siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin yüksək erudisiyası, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti, polad iradəsi, yorulmaz fəaliyyəti və xalqla iqtidar arasında olan sıx birliyin sayəsində planetimizin üzləşdiyi çoxsaylı qlobal çətinliklərə, ümumbəşəri ciddi və mürəkkəb problemlərə, həmçinin müharibədən yeni çıxmış ölkə olmağımıza rəğmən, respublikamızda iqtisadiyyat güclənir, bütün sahələrdə mütərəqqi islahatlar həyata keçirilir, regionların tarazlı inkişafının davamlılığı təmin olunur, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir ki, nəticədə, dövlətimiz daha da qüdrətlənir və doğma Azərbaycanımız durmadan çiçəklənir.     
      Azərbaycan dövləti, Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə, yüksəlişə və inkişafa doğru dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir və hər bir ölkə vətəndaşının fəxr edəcəyi, qürur duyacağı bir məkana çevrilir. Ötən illər aşkar şəkildə göstərdi ki, cənab İlham Əliyev öz fəaliyyət dövrünü bu amalın reallaşmasına həsr etmiş, Ulu Öndərimizin müstəqillik və azadlıq ideyalarını dönmədən həyata keçirmiş, Azərbaycanı sosial-iqtisadi inkişaf, demokratik hüquqi dövlət quruculuğu və siyasi sabitlik baxımından dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirmişdir. 

Xalqa əbədi Zəfər bəxş edən LİDER

Xalqımız öz liderinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu – bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Uzaqgörən lider İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün təminatını birmənalı olaraq təsdiq etdi. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Xalqımız öz dövlət başçısının xalqın, dövlətin maraqları naminə böyük qətiyyətini bir daha gördü. Cənab Prezidentin televiziya kanallarına verdiyi müsahibələr dünyanın dörd tərəfinə yayılan haqq səsimiz idi. Cənab Prezidentin dediyi kimi: “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”. Ümumilikdə, Azərbaycan Prezidentinin “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə”, “TRT Haber”, “Pervıy Kanal”, “CNN-Türk, “Evronyus” və sair televiziya kanallarına verdiyi müsahibələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, habelə cəbhə zonasındakı son hərbi əməliyyatlarla bağlı aydın, səlis, qətiyyətli fikirləri ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.
    Zamanın gedişini haqqın ədalətin bərpası istiqamətində dəyişən müdrik lider və yenilməz sərkərdə İlham Əliyev dühasının Azərbaycana qazandırdığı möhtəşəm qələbə xalqa ən dəyərli ərməğan oldu.    
    Vətən müharibəsində əldə etdiyimiz qələbə Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bu qələbə sayəsində qalib xalq kimi özünü dünyaya bəyan etdi. Ali Baş Komandan Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatdı. 

Böyük siyasi iradənin təcəssümü – 
Qarabağ və Şərqi Zəngəzura qayıdış

Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında xalqımızın mədəniyyətinə, irsinə, respublikamızın təbiətinə qarşı tarixdə görünməmiş vandallıq törədib. Bütün bunlar sivil dünyamızda ermənilərin timsalında barbarlığın şüuruna hakim kəsildiyi bir toplumun hələ də qaldığının real göstəricisidir. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidir. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident cənab İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür. Təkcə bir ildə Güləbird Su-Elektrik Stansiyasının, 7 yarımstansiyanın, Suqovuşan və Talışa gedən yolların istifadəyə verilməsi, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin məqbərəsinin, o cümlədən büstünün, Üzeyir bəy Hacıbəylinin heykəlinin, “Xarıbülbül” və “Qarabağ” hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Zəfər yolu, Beynəlxalq Hava limanları kimi nəhəng və möhtəşəm layihələrin başa çatdırılması isə müharibədən yeni çıxmış dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Qısa dövrdə bu cür iri infrastrukturların yaradılması haqlı olaraq bütün dünyada heyrət və maraq doğurur. Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. 
    Azərbaycanın Böyük Qayıdış planında işğal dövründə dağıdılmış şəhər və kəndlərin bərpası mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Böyük Qayıdışın ilk ünvanı Ağalı kəndi oldu. Cari ildə – Novruz bayramı ərəfəsində isə soydaşlarımızın Talışa köçü baş tutdu. Bundan sonra köç prosesi daha da intensivləşəcək. Hazırda ayrı-ayrı ünvanlarda şəhər və kəndlərin bərpası, yeni yaşayış məhəllələrinin salınması intensiv şəkildə davam etdirilir. Xanlıq, Mahruzlu, Zilanlı Qubadlı rayonunda ilkin mərhələdə təməli qoyulan kəndlər sırasında yer alır. Hər üç kəndin təməli Prezident cənab İlham Əliyevin iştirakı ilə qoyulub. Dövlətimizin başçısı regiona səfəri çərçivəsində Zəngilan və Cəbrayıl rayonlarında da inzibati binaların və ayrı-ayrı yaşayış məntəqələrinin təməlqoyma mərasimlərində iştirak edərək Özünün xeyir-duasını verib. Zəngilanın Cahangirbəyli kəndində birinci mərhələdə 1200 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Cəbrayıl rayonunda təməli qoyulan Xudafərin qəsəbəsi Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır.
    Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd və Füzuli rayonlarına səfərləri çərçivəsində təməli qoyulan mühüm layihələr bu bölgənin davamlı və sürətli inkişafını ehtiva edir. Qubadlı rayonunda dövlət başçısının iştirakı ilə 600 şagird yerlik tam orta məktəbin əsası qoyuldu. Dövlət başçımızın xeyir-duası ilə Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının inşasına start verildi. Prezident cənab İlham Əliyevin iştirakı ilə təməli qoyulan daha bir xəstəxana Zəngilan rayonunda inşa olunacaq.
    Böyük Zəfərdən sonra işğaldan azad edilən ərazilərdə tikilən Su Elektrik stansiyalarının ümumi sayı 25-ə çatdırılacaq və 200 meqavata yaxın ekoloji cəhətdən təmiz, hidro yaşıl enerji istehsal etmək mümkün olacaq. Bərpa-quruculuq proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli şəkildə istifadə olunması da diqqət mərkəzində saxlanılır. Prezident cənab İlham Əliyev bəhs olunan ərazilərə növbəti səfəri çərçivəsində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməllərini qoyub.  Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.     
    Bəli, ermənilər 30 ili əhatə edən işğal dövründə ərazilərimizdə barbarlıq törədiblər, şəhər və kəndlərimizi dağıdıblar. İndi bu yerlərin əsl sahibləri qayıdıblar. Reallaşdırılan layihələr Azərbaycanın gücünü və xalqımızın bu yerlərə bağlılığını ifadə edir.
    Bu yaxınlarda ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən dördüncü beynəlxalq konfransda Azərbaycanın region və dünyadakı roluna yenidən diqqət çəkildi. Həmçinin dövlətimiz üçün prioritet olan istiqamətlər bir daha yerli və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı. Prezident cənab İlham Əliyevin çıxışı müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından ciddi əhəmiyyət kəsb edir. Konfransın Şuşada keçirilməsi və Prezident cənab İlham Əliyevin geniş məzmunlu çıxışı, ölkəmizdə və dünyada baş verənlərə strateji yanaşması, yerli və qlobal xarakterli problemlərin həlli yollarına dair təklifləri diqqətdən yayınmadı. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi Prezidentin çıxışında yer alan mühüm məqamlar sırasında idi. Dövlətimizin başçısı qeyd etdi ki, sülh müqaviləsinin imzalanması bütün regionda sabitliyin və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir. Dahi şəxsiyyətin 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda aparılan müzakirələr, Prezident cənab İlham Əliyevin hazırkı dövrün çağırışlarını özündə ehtiva edən cavabları Azərbaycanın möhkəm təməl üzərində daha möhtəşəm uğurlara, qələbələrə doğru inamla irəlilədiyini təsdiqlədi.
    Göründüyü kimi, artıq Avropa ölkələrinin liderləri də İlham Əliyevi dünyanın aparıcı siyasətçiləri sırasında öz sözü, qətiyyətli mövqeyi olan dövlət başçısı və vədinə sadiq  etibarlı tərəfdaş kimi qəbul edirlər. Bu da bir daha onu deməyə əsas verir ki, Lider İlham Əliyev qlobal təşəbbüsləri ilə Avrasiyanın enerji siyasətinə mühüm töhfələr verir. Avropanın əksər ölkələri isə cənab İlham Əliyevi müstəqil mövqeyi olan Prezident kimi çox yüksək dəyərləndirirlər. Prezident cənab İlham Əliyev hər zaman milli maraqlarımızı qətiyyətlə təmin edir və uzaqgörən qərarları ilə tarixinin ən qüdrətli Azərbaycanını böyük qürurla, fəxarətlə daha möhtəşəm gələcəyə aparır. Azərbaycan öz gücü hesabına azad olunmuş əraziləri tamamilə yenidən və müasir standartlara uyğun şəkildə qurur. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq”.  

Yüz minlərlə soydaşımızın taleyinə təsir göstərən tarixi 
sənəd – Böyük Qayıdışa dair I Dövlət proqramı

Tarixi Zəfərimizdən sonra milli-strateji vəzifə kimi qarşımızda duran ən mühüm məsələlərdən biri xalqımızın uzun illərdir, gözlədiyi Böyük Qayıdışın reallaşdırılmasıdır. Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Dövlət proqramı hazırlanıb. Prezident cənab İlham Əliyevin 16 noyabr 2022-ci il tarixdə imzaladığı müvafiq Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Azərbaycan işğaldan azad edilmiş ərazilərə üç onillik ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın Böyük Qayıdışını qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Dövlət proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.  Bir sözlə, qısa tarixi zaman kəsiyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçiriləcək və bütün məcburi köçkünlər öz doğma ata-baba yurdlarına qayıdacaqlar.

Azərbaycan: qlobal problemlərin həllinə 
təsir edə bilən ölkə

Bu gün Avropa ölkələrinin liderləri cənab İlham Əliyevi dünyanın aparıcı siyasətçiləri sırasında öz sözü, qətiyyətli mövqeyi olan dövlət başçısı və vədinə sadiq  etibarlı tərəfdaş kimi qəbul edirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən aparıcı ölkələri ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması əsas prioritetlərdəndir. Yürüdülən bu müstəqil siyasət Azərbaycanın geosiyasi və geoiqtisadi çəkisini getdikcə yüksəldir.    
    Bu, tarixi reallıqdır ki, Azərbaycanın rolunu bütün dünyaya bəyan edən Davos İqtisadi Forumunda ildən-ilə Azərbaycana olan inam daha da artır. Bizim haqq sözümüz daha rahat qəbul edilir. Bu forum ərzində bir çox ənənəvi sazişlərə imza atılır, böyük layihələrin yol xəritəsi, təməli qoyulur. Bununla nüfuzlu xarici şirkətlərin ölkəmizə yatırdıqları investisiyaların sayı artır. Bu isə ölkəmizə olan inamın artması, siyasi və iqtisadi qüdrətimizin güclənməsi üçün çox vacibdir. İqtisadi xarakter daşımasına baxmayaraq, forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Son  Davos səfəri zamanı Prezident cənab İlham Əliyev Çinin CGTN televiziya kanalına müsahibəsində Azərbaycanın Çin tərəfindən həyata keçirilən “Bir kəmər, bir yol” layihəsinə ilk gündən müsbət yanaşdığını vurğuladı. Ölkə başçısı qeyd etdi ki, 30 il ərzində davam edən siyasi münasibətlər artıq Çin və Azərbaycanın yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Bu gün Azərbaycan və Çin arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri durmadan artır.     
    Bu gün beynəlxalq investorlar Azərbaycana daha çox sərmayə yatırmağa can atır. Şübhəsiz ki, bütün bunlar dövlət başçısının düşünülmüş siyasəti nəticəsində mümkün olub. Ölkə Prezidentinin Davosda keçirdiyi görüşlər Azərbaycan iqtisadiyyatının gələcək inkişafı, şaxələndirilməsi üçün mühüm rol oynayır. Azərbaycan uzun illərdir ki, bu platformadan məharətlə istifadə edərək çox böyük iqtisadi dividentlər qazanır, öz imkanlarını dünyaya tanıdır. Son təmaslar xarici ticari əlaqələrimizi genişləndirəcək, ölkəmizə yeni investisiyalar gətirəcəkdir. Prezident cənab İlham Əliyevin Davosda apardığı müzakirələr gələcəkdə Azərbaycanın bir sıra dövlətlərlə əməkdaşlığına, eyni zamanda ölkəmizə yeni investisiyaların cəlbinə mühüm töhfə verəcək. Davos İqtisadi Forumu bir daha nümayiş etdirdi ki, böyük dövlətlərin liderləri Azərbaycanı özlərinə dost və tərəfdaş ölkə hesab edirlər və əməkdaşlıq məsələlərində ölkəmizin adının ilk sıralarda olmasını arzulayırlar.    
    Ölkə Prezidentinin Macarıstan səfəri isə bir daha göstərir ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Bu səfər çərçivəsində imzalanmış sənədlər, xüsusilə də “Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə” ilə Azərbaycanla Macarıstanın strateji tərəfdaşlıq münasibətləri daha da genişləndi və demək olar, bütün sahələri əhatə etməyə hüquqi zəmin yaratdı. 
    Hər iki dövlətin liderlərinin – həm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, həm Macarıstanın Baş Naziri Viktor Orbanın mətbuat üçün bəyanatlarında da qeyd olunduğu kimi, bizim enerji sahəsində əlaqələrimiz çox sürətlə inkişaf edir. Bu gün Azərbaycan Avropanın enerji ilə təminatında çox mühüm rol oynayır. Rusiya-Ukrayna müharibəsi bu rolu daha da gücləndirmiş oldu. Azərbaycana Avropa İttifaqında yeni alternativ enerj mənbəyi kimi baxırlar. Azərbaycan Avropa İttifaqının hər bir dövləti üçün arzu olunan dövlətdir. Cənab Prezidentin vurğuladığı kimi, bizi Macarıstanla təkcə enerji sahəsində əməkdaşlıq birləşdirmir, digər sahələrdə əməkdaşlığımız mövcuddur və əməkdaşlığın yaxşı potensialı var. Bu gün hər iki dövlətin münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır. Beynəlxalq səviyyədə də biz bir-birimizin mövqeyini müdafiə edirik. Prezident cənab İlham Əliyevin Macarıstanın Baş Naziri Viktor Orbanla görüşünün yekunlarına dair mətbuata açıqlamasında da dediyi kimi: “Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək”. 
    Eyni zamanda Macarıstanın öz tarixi köklərinə qayıdaraq, türk ölkələri ilə əlaqələrin qurulmasında maraqlı olması, gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv olmağı planlaşdırması bu münasibətlərin gələcəkdə daha da yüksələcəyini göstərir. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Macarıstan səfəri bir daha göstərdi ki, Azərbaycana Avropa qitəsində böyük etimad var. Ölkə başçımızı həm mahir diplomat, həm də nəhəng dövlət xadimi kimi qiymətləndirirlər. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır.    
    Münhendə “Dialoq vasitəsilə sülh” şüarı altında yenidən toplanan Təhlükəsizlik Konfransının sonuncu missiyası da dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə vermək idi. 
    Bu konfransa ölkəmizin başçısının ali qonaq kimi dəvət olunması dövlətimizin yüksək nüfuzunun və mövqeyinin göstəricisi, Azərbaycanın dünyada sülh tərəfdarı olduğunun bir daha təsdiqi və sübutudur. O da xüsusi vurğulanmalıdır ki, Prezident cənab İlham Əliyev builki Münhen Təhlükəsizlik Konfransına dəvət olunan və diqqət mərkəzində olan çox az sayda dövlət başçılarından biridir. 
    Münhen Təhlükəsizlik Konfransının təşkilatçıları hesab edirlər ki, İlham Əliyev kimi uğurlu Liderin fikir və yanaşmaları beynəlxalq birlik üçün olduqca əhəmiyyətlidir. Bunun nəticəsidir ki, beynəlxalq birlik Prezident cənab İlham Əliyevi strateji baxışlara malik mahir diplomat kimi qəbul edir. 
    Ölkə rəhbəri Prezident cənab İlham Əliyevin konfransın əsas proqramı çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü, “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda iştirakı, ABŞ-ın Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü, eləcə də səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirələr dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsi kimi qəbul edilməklə yanaşı, Azərbaycanın Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunun bir daha sübutu idi. 
    Sonuncu panel müzakirəsində Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakdan imtina etməsi, görünür, Paşinyanın 2020-ci ildə Münhendə onun üçün utancverici məğlubiyyəti və biabırçılığı yenidən yaşamamaq istəyindən irəli gəlib. Xatırladaq ki, həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi, Ermənilərin əsassız iddialarını beynəlxalq müstəvidə alt-üst etdi. Bu toplantıdan cəmi bir neçə ay sonra isə 44 günlük Vətən savaşında  Azərbaycanın şanlı qələbə çalması Paşinyana və dünya erməniçiliyinə  verilən tarixi dərs oldu. 
    Bir sözlə, Ali Baş Komandanın 59-cu Münhen Təhlükəsizlik Konfransında ortaya qoyduğu mövqe, siyasi iradə, dövlətimizin dünya miqyasında bir çox istiqamətdə növbəti beynəlxalq qələbəsi  kimi yazıldı. Beləliklə, bu gün dövlət başçısı İlham Əliyevin hərtərəfli siyasəti sayəsində Azərbaycan təkcə regional iştirakçı deyil, həm də qlobal problemlərin həllinə təsir edə bilən bir ölkədir. Azərbaycan Liderinin artmaqda olan nüfuzu Azərbaycanın siyasi gücünü artırmaqla yanaşı, ölkəmizi bir çox sahələrdə Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı tərəfdaşa çevirib.

Yeni reallıqlar fonunda Azərbaycan regiona 
davamlı inkişaf bəxş edir!

Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq ölkəmizi regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Son 20 ildə cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan xarici əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər. 
    Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib. Ona görə bir sıra dövlətlər, o cümlədən Avropa İttifaqının üzvləri Cənubi Qafqazın lideri olan Azərbaycanla strateji tərəfdaş olduqlarını elan ediblər. 
    Son vaxtlar ölkə Prezidenti cənab İlham Əliyevin Avropa liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərə dəvət alması, yüksək tribunalardan çıxışı, ən yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir. İstər Davos İqtisadi Forumu, istər Macarıstana olan səfər, istərsə də Münhen Təhlükəsizlik Konfransında iştirak bir daha sübut etdi ki, Avropa ölkələri Azərbaycanla əməkdaşlığa yüksək önəm verir, Prezident cənab İlham Əliyevi Avropa üçün ən önəmli  LİDER hesab edirlər.

Arzu ABDULLAYEV
Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və 
ictimaiyyətlə əlaqələr üzrə prorektoru,
 tarix üzrə fəlsəfə doktoru

 

Nəşr edilib : 08.05.2023 12:21