AZ EN RU

Azərbaycan və Türkiyənin rəqabət orqanları arasında birgə fəaliyyət proqramı təsdiq ediləcək

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle arasında görüş keçirilib.

Dövlət Xidmətindən bildirilib ki, görüşdə qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan və bu il iyulun 1-dən etibarən qüvvəyə minəcək Rəqabət Məcəlləsində biznes və rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə məlumat verilib.

Hər iki ölkədə həyata keçirilən antiinhisar nəzarəti və haqsız rəqabətə qarşı mübarizə sahəsində dövlət siyasəti barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Türkiyə Rəqabət Qurumu və Dövlət Xidməti tərəfindən beynəlxalq standartlar çərçivəsində aparılan peşəkar fəaliyyətin iki ölkənin rəqabət orqanları arasında tərəfdaşlığın genişləndirilməsinə müsbət təsiri vurğulanaraq birgə fəaliyyət proqramının təsdiqi barədə qərar verilib.

Görüş zamanı, həmçinin Türkdilli Dövlətlərin Rəqabət Şurası çərçivəsində Şuşa şəhərində keçirilməsi nəzərdə tutulan Rəqabət Forumunun təşkili ilə bağlı praktiki əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonda milli iqtisadiyyatda rəqabətqabiliyyətliliyin yüksəldilməsinin hər iki tərəf üçün əsas strateji hədəf olduğu bildirilib, bu istiqamətdə birgə əməkdaşlığın tərəflər üçün doğura biləcəyi nəticələr ətrafında söhbət aparılıb.

Nəşr edilib : 24.05.2024 14:44