AZ EN RU

Azərbaycan və Türkiyənin ombudsmanları ŞKTR parlamentində olublar

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Türkiyə Respublikasının baş ombudsmanı Şeref Malkoç Lefkoşaya səfərləri çərçivəsində Şimali Kipr Türk Respublikasının (ŞKTR) parlamentində olublar.

İki qardaş ölkənin ombudsmanları ŞKTR parlamentinin spikeri Zorlu Töre ilə görüşüblər. Görüşdə ŞKTR ombudsmanı İlkan Varol da iştirak edib.

Qonaqları salamlayan Zorlu Töre üç qardaş ölkə arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

“Ölkələrimizin sakinləri vahid tarixi irsin varisləridir. Biz hamımız türkük, bununla fəxr edirik. Dövlətlərimizin maraqlarını qorumaq üçün ümumi səyləri davam etdirmək vacibdir”, - deyə Z.Töre bildirib.

ŞKTR ali qanunverici orqanının spikeri türk dövlətlərinin və xalqlarının yaxınlaşmasında Türk Dövlətləri Təşkilatının roluna diqqət çəkib.

Türkiyənin baş ombudsmanı Şeref Malkoç, öz növbəsində, ŞKTR xalqının on illərdir mübarizə apardığı ədalətsizliyi aradan qaldırmaq üçün türk dövlətlərinin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb. “Həmrəylik və informasiya mübadiləsinin yaradılması ombudsman təsisatlarının fəaliyyətinin mühüm prioritetləridir. Bütün bunlar ŞKTR-in bütün problemlərinin həlli gününü yaxınlaşdıracaq”, - deyə Ş.Malkoç bildirib.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva uzun illər Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi ilə əlamətdar olan Vətən müharibəsi zamanı Türkiyənin ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Səbinə Əliyeva Azərbaycanın Ombudsman təsisatı tərəfindən ermənilərin işğal dövründə törətdikləri cinayətlər mövzusunda hazırlanmış və respublikamızın itkin düşmüş sakinləri ilə bağlı məlumatları əks etdirən sənədi ŞKTR parlamentinin sədrinə təqdim edib.

Nəşr edilib : 21.05.2024 14:51