AZ EN RU

Azərbaycan və Türkiyə pediatrlarının Naxçıvan I Pediatriya simpoziumu keçirilib

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Pediatriya Cəmiyyəti, Doğu Pediatriya Dərnəyi, Pediatriya Uzmanlıq Akademiyası Dərnəyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən simpoziumdan əvvəl qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, hörmət və ehtiramlarını bildiriblər. Qonaqlara Heydər Əliyev Muzeyinin zəngin ekspozisiyası barədə geniş məlumat verilib. 

 

    Ali təhsil ocağında keçirilən simpoziumda Ulu Öndərin və Vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Simpoziumun sədri, Türkiyənin Dicle Universitetinin Tibb fakültəsi Uşaq sağlığı və xəstəlikləri kafedrasının professoru İlyas Yolbaş çıxış edərək Azərbaycan və Türkiyə universitetlərinin birgə əməkdaşlıq məsələlərindən danışıb. Professor artıq iki aydır ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində tədris prosesində iştirak etdiyini diqqətə çatdırıb. İlyas Yolbaş simpoziumun işinə uğurlar arzulayıb. 
    Naxçıvan Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Elsever Əsədov qonaqları salamlayaraq Ulu Öndərin 100 illik yubileyi çərçivəsində keçirilən simpoziumun ali təhsil ocağının Tibb fakültəsi üçün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. 
    Simpoziumun sədri, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva simpoziumun elmi və ictimai əhəmiyyətini vurğulayıb. Bildirilib ki, simpoziumda edilən çıxışlar, aparılan müzakirələr Tibb fakültəsinin professor-müəllim heyəti üçün öz müsbət təcrübələri ilə yadda qalacaq. 
    Simpoziumda Təşkilat komitəsinin üzvləri Azərbaycan Pediatriya Cəmiyyətinin təsisçisi Erkin Rəhimov, Pediatriya uzmanları Akademiya Dərnəyinin təsisçisi Bumin Dundar, Doğu Pediatriya Dərnəyinin təsisçisi Velat Şenin çıxışları dinlənilib. Qonaqlar universitetin rektoru Elbrus İsayevə simpoziuma göstərdiyi dəstəyə görə plaket və hədiyyə təqdim ediblər.
    Sonra Türkiyədən və Bakıdan gələn həkimlərin məruzələri dinlənilib. Məruzələrdə uşaqların qidalanmasında vacib məqamlar, uşaqların müayinəsində EKG dəyərləndirmələr, yeni doğulmuşlarda daban testi, profilaktik dəmir və D vitamini verilməsi, uşaqlarda ağciyər X-ray dəyərləndirilməsi, epilepsiya ilə qarışan xəstəliklər: qızılca, peyvənd tərəddü­dü və peyvəndlə əlaqəli problemlər, sağlam uşağın izlənməsi və digər mövzular müzakirə edilib. 
    Sonra ali təhsil ocağında ikitərəfli görüş keçirilib. Tədbirdə universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov universitetdə tədris olunan ixtisaslar, Tibb fakültəsi barədə ətraflı məlumat verib. 
    Pediatriya uzmanları Akademiya Dərnəyinin təsisçisi Bumin Dundar, Doğu Pediatriya Dərnəyinin təsisçisi Velat Şen çıxış edərək gələcəkdə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. 
    Azərbaycan Pediatriya Cəmiyyətinin təsisçisi Erkin Rəhimov qeyd edib ki, yeni yaradılan dərnəyin məqsədi ölkəmizdə körpə və uşaq sağlamlığının inkişafına və pedia­triyanın irəliləməsinə xidmət etməkdir. Erkin Rəhimov bildirib ki, bölgələrdə də uşaq səhiyyəsinin inkişafına töhfə vermək məqsədini əlimizdə rəhbər tutaraq dərnəyimizə muxtar respublikadan da həkimləri dəvət edəcəyik.
    Görüşdə ölkəmizin tibb sahəsində qardaş ölkənin təcrübəsindən faydalanması barədə fikirlər qeyd edilib.     Sonda Naxçıvan Dövlət Universitetinin prorektoru Rafiq Rəhimov “Naxçıvan Şərqin əfsanəsi” kitabını qonaqlara hədiyyə edib. 

Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə 
əlaqələr bölməsi

 

Nəşr edilib : 11.12.2023 10:58