AZ EN RU

Azərbaycan və Qazaxıstan tələbə mübadiləsi həyata keçirəcək

Azərbaycan və Qazaxıstan bərabər sayda tələbə mübadiləsi həyata keçirəcək.

Bununla bağlı məsələ Milli Məclisin Elm və təhsil komitəsinin mayın 13-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.

Azərbaycan ilə Qazaxıstan arasında elm və təhsil sahəsində 2017-ci ildə imzalanmış əməkdaşlıq haqqında sazişə dəyişikliklərə əsasən, iki ölkə bakalavriat, magistratura, doktorantura və rezidentura proqramları üzrə 12 tələbənin mübadiləsini aparacaqlar.

Sənədin 4-cü maddəsinə görə, tərəflər hər il bakalavriat proqramları üzrə 3, magistratura proqramları üzrə 5, doktorantura proqramları üzrə 2, əsas (baza ali) tibb təhsili və rezidentura proqramları üzrə 2 tələbənin mübadiləsini həyata keçirəcəklər.

Qanun layihəsinin 6-cı maddəsinə görə, tələbə mübadiləsini qəbul edən tərəf hər il aprelin 1-dək göndərən tərəfə ixtisaslarının siyahısını təqdim edir. Göndərən tərəf isə hər il mayın 30-dan gec olmayaraq təhsil üçün namizədlərin lazımi sənədlərini göndərməlidir.

Nəşr edilib : 13.05.2024 10:46