AZ EN RU

Azərbaycan və Belarus şəhərsalma və memarlıq sahəsində memorandum imzalayıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə "Qırmızı Əmək Bayrağı Ordeni Belqosproyekt İnstitutu" ASC arasında "Əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında" Memorandum imzalanıb.

Sənədi “Azərmemarlayihə” DBLİ-nin direktoru C. Məmmədrzayev və “Belqosproyekt İnstitutu” ASC-nin baş memarı V. Skrobot imzalayıblar.

Memorandumla tərəflər arasında obyektlərin layihələndirilməsinə yönəlmiş tərəfdaşlığın qurulması və uzunmüddətli faydalı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Sənədə əsasən, tərəflər müxtəlif təyinatlı obyektlər üçün konsepsiya və eskiz layihələrinin işlənməsi, hər iki ölkə ərazisindəki obyektlərin layihələndirilməsi, memarlıq və şəhərsalma sahəsində biznes və sosial layihələrin təşviqi, BİM texnologiyalarının tətbiqində təcrübə mübadiləsi, həmçinin mütəxəssislərin hazırlanması məqsədilə təlimlərin keçirilməsi və s. istiqamətlərdə razılığa gəliblər.

Qeyd edək ki, bu, Azərbaycanla Belarus arasında şəhərsalma sahəsində imzalanan ikinci memorandumdur. Sənədin imzalanmasında məqsəd hər iki ölkədə şəhərsalma və memarlıq sahəsinin inkişafına töhfə verməklə qarşılıqlı əməkdaşlığı daha da genişləndirməkdir.

Nəşr edilib : 16.05.2024 10:49