AZ EN RU

Azərbaycan-Türkiyə müttəfiqliyi: Türk dünyasının yolu buradan başlayır

Ənənə davam edir... Fevralın 7-də yüksək səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev gözlənildiyi kimi ilk səfərini Türkiyəyə etdi. Amma bu ilk səfəri əvvəlkilərdən fərqli edən o idi ki, bu dəfə dövlət başçısı qalib ölkənin lideri kimi qardaş ölkəyə ilk səfərini edirdi. Digər tərəfdən, dövlət başçılarının geniş tərkibdə görüşü həm də dünyada gedən maraqlı proseslərin fonunda  baş tuturdu. Bu isə o demək idi ki, görüşdə ikitərəfli əlaqələrin yeni istiqamətləri ilə yanaşı, hər iki ölkənin yeni dünya reallığında birgə hərəkət trayektoriyasının müəyyən konturları haqqında da fikirlər səsləndiriləcəkdi. Elə bu cür də oldu. İkitərəfli görüşdə qarşılıqlı ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdırıldığı bildirildi, iki ay sonra Ankarada keçiriləcək birgə iqtisadi komissiyanın 11-ci iclasında qarşılıqlı iqtisadi əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün yeni “Yol xəritəsi”nin hazırlanacağının anonsu verildi. Bununla bərabər, görüşdə müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə layihələr və sonuncu səfər zamanı imzalanmış sənədlərin, o cümlədən, Naxçıvanın qaz təchizatı istiqamətində layihələrin, Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti vurğulandı.

İkitərəfli görüşlərdə xüsusi olaraq hər iki dövlət başçısı tərəfindən vurğulanan əsas məsələlərdən biri də Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsi ilə bağlı idi. Əslində, bu məsələ ilə bağlı ölkəmizin hədəflərini Azərbaycan lideri andiçmə mərasimindən sonrakı çıxışında kifayət qədər açıq mətnlə səsləndirmişdi. Milli Məclisdəki çıxışında dövlət başçısı Azərbaycanın bundan sonrakı inkişaf kursunun böyük insan kapitalına, zəngin təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə, eyni kökə və tarix-mədəniyyətə malik olan türk dövlətləri ilə böyük birliyə gedən yol ilə bağlı olduğunu bildirmiş və bunu qətiyyətlə hər kəsə bəyan etmişdir. Təsadüfi deyil ki, Vətən müharibəsindən sonra qazandığımız qələbədən sonra dəyişən dünya reallığında Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə bir çox sahədə, eyni zamanda türk dövlətlərinin birliyi yönündə qətiyyətli işlər görmüş, Şimali Kipr Türk Cümhuriyyətinin  Türk Dövlətləri Təşkilatına inteqrasiyası yönündə çox cəsarətli addımlar atmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək növbəti Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyətinin də dəvət olunmasını yüksək qiymətləndirən qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycanla digər təşkilat və birliklərdə də (İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, D8 və sair) birgə əməkdaşlığın faydasını bir daha dilə gətirdi.

Azərbaycan Prezidentinin görüşdə “…Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır…”  deməsi artıq yaxın gələcəkdə bu istiqamətdə mühüm işlərin görüləcəyindən xəbər verir.

Təbii ki, dövlət başçılarının görüşündə əsas əməkdaşlıq sahələrindən biri də  hərbi sahədə işbirliyidir ki, Azərbaycan Prezidenti çıxışında bu məsələyə də toxundu: “Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq”.

Prezidentin bu fikirləri həm də Azərbaycana qarşı revanşizm əhvali-ruhiyyəsində olanlara bir xəbərdarlıq idi. Təbii ki, burada iki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsini də unutmamaq lazımdır.

Beləliklə, Azərbaycan Prezidentinin seçkilərdən sonra Türkiyəyə ilk rəsmi səfəri və qarşılıqlı bəyanatlar bu nəticəni ortaya qoyur:

1. Azərbaycan və Türkiyə bütün istiqamətlərdə əməkdaşlığı daha da yüksək səviyyəyə çatdırmaqda qərarlıdırlar.

2. Hər iki ölkə yeni dünya nizamında yeni hərəkət xəritəsinə malikdirlər. Bu isə o deməkdir ki, Türkiyə və Azərbaycan xarici siyasətdə də eyni hədəflərə doğru birgə hərəkət edirlər.

3. Türkiyə-Azərbaycan tandemi yaxın gələcəkdə digər türk dövlətlərini də vahid gücə çevirəcək ki, bu da Böyük Türk Ailəsinə gedən yolun başlanğıcı sayıla bilər.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 20.02.2024 10:12