AZ EN RU

Azərbaycan-Türkiyə Enerji Forumunun Naxçıvanda keçirilməsi muxtar respublikanın enerji tranzitində yerini göstərir

    Məlum olduğu kimi, bu ayın 28-29-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçiriləcək. Bundan iki il əvvəl – 2021-ci ildə Bakıda, ötən il isə İstanbulda keçirilən analoji forumun bu dəfə Naxçıvanda keçirilməsi məxsusi əhəmiyyət daşıyır. 

    Azərbaycan-Türkiyə Enerji Forumu hər iki tərəf üçün qarşılıqlı əməkdaşlığın enerji sahəsində inkişafı üçün nəzərdə tutulub. Əsasən, “yaşıl enerji” konsepsiyası çərçivəsində formalaşdırılan bu platforma enerji sahəsində əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldilməsini hədəfləyir. Aydın məsələdir ki, Azərbaycanın zəngin neft-qaz yataqlarından hasil olunan məhsulların əsas hərəkət istiqaməti, əsasən, qardaş Türkiyə Respublikası üzərindəndir. Eyni zamanda son illərdə Azərbaycanın Türkiyənin enerji sektoruna milyardlarla dollarlıq investisiya qoyduğu “STAR” Neft Emalı Zavodu, Petkim kimi layihələr ölkələrimizin qarşılıqlı enerji transformasiyasında atdıqları birgə addımların nəticəsidir. Bu da danılmaz faktdır ki, bu gün artıq Türkiyə öz ərazilərində yeni qaz yataqlarını kəşf edir, bərpa olunan enerji mənbələrinə ciddi investisiyalar qoyur. Paralel olaraq Azərbaycan da 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad etdiyi bölgələr də daxil olmaqla alternativ və bərpa olunan enerji mənbələrinin istehsal dairəsini xeyli genişləndirib. Türkiyənin neft-qaz sektorunun inkişafında Azərbaycan yaxından iştirak edir, Türkiyə isə Azərbaycandan idxal etdiyi enerjinin dünya enerji bazarına çatdırılmasında, bərpa olunan enerji sektorunun inkişafına, enerji səmərəliliyinə, elektrik enerjisi bazarının liberallaşdırılması və tənzimləməyə dair zəngin təcrübəsini Azərbaycanla bölüşür. Ötən dövrdə bütün dünya ölkələri Azərbaycan-Türkiyə enerji birliyinin tarixi zərurət olduğunu, bu birliyin regional və Avropa miqyasında təhlükəsiz, dayanıqlı enerji təchizatının qarantına çevrildiyini gördülər. Elə buna görə də enerji böhranı şəraitində TANAP və TAP layihələri beynəlxalq təchizatda etibarlılıq rəmzinə çevrildilər. Bu gün isə artıq Azərbaycan və Türkiyə enerji təhlükəsizliyinin davamlı təminatında strateji maraq kəsb edən ölkələr kimi qəbul olunurlar.   
    Naxçıvanda keçiriləcək Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu isə enerji əməkdaşlığı çərçivəsində müzakirə olunacağı ehtimal edilən bir sıra ciddi məsələləri ortaya qoyur. Belə ki, Naxçıvanın enerji tranzitinə çevrilməsi II Qarabağ müharibəsindən sonra daha da aktuallaşıb. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bərpa olunan enerji mənbələrindən istehsal edilən enerjinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan isə Türkiyə və Avropaya ötürülməsi qarşıdakı iqtisadi hədəflərdən biri kimi müəyyənləşdirilib. Digər tərəfdən, muxtar respublikanın bərpa olunan enerji mənbələri ilə zəngin olması bila­vasitə Naxçıvanın özünün potensial enerji ixracatçısı kimi rolunu artırır. Məlum olduğu kimi, bu ilin iyun ayında Bakı Enerji Həftəsinin xüsusi sessiyası Naxçıvanda keçirilmişdi. Həmin tədbirdə muxtar respublikada 1500 MVt gücündə “yaşıl enerji” layihələrinin reallaşdırılacağı bildirilmişdi. Hətta  sessiyanın gedişində Energetika Nazirliyi və “Total Energies” şirkəti arasında “250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”, eyni zamanda adıçəkilən nazirliklə “Nobel Energy Management” MMC arasında “Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır. Təsadüfi deyil ki, Naxçıvanın “yaşıl enerji” potensialının müzakirə olunduğu həmin sessiyada Böyük Britaniya, Fransa, Çin kimi inkişaf etmiş ölkələrin nümayəndələri də iştirak edirdi. Buradan o nəticəyə gəlmək mümkündür ki, növbəti forumda muxtar respublikanın bərpa olunan enerji mənbələri, eləcə də enerji ixracı üçün müasir infrastruktur obyektlərinin yaradılması istiqamətində müzakirələr aparılacaq. Bundan əlavə, I Enerji Forumunda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş” də imzalanmışdı. Mümkündür ki, muxtar respublikanın mədən ehtiyatları ilə bağlı görüləcək işlər də müzakirə olunsun və yaxud müvafiq biznes subyektləri arasında saziş və ya əməkdaşlıq protokolu imzalansın. İstənilən halda belə bir forumun Naxçıvanda keçirilməsi muxtar respublika üçün olduqca əhəmiyyətli prosesdir.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 12.09.2023 18:46