AZ EN RU

Azərbaycan-Türkiyə əlaqələri qlobal layihələrin reallaşmasında önəmli faktordur

İyunun 10-da Azərbaycan Prezidentinin Türkiyəyə birgünlük rəsmi səfəri çərçivəsində qardaş ölkənin dövlət başçısı ilə təkbətək görüşü iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və ikili fəaliyyətin gələcəkdə də birgə koordinasiyası baxımından əhəmiyyətini ortaya qoyur. Görüşlə bağlı mətbuata verilən açıqlamada iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunur, ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulanır.

Açıqlanan məlumatın bu hissəsindən anlaşılır ki, ikitərəfli görüşdə daha çox ikitərəfli nəqliyyat-ticarət əlaqələri və  gündən-günə daha da aktuallaşan Orta Dəhliz layihəsi çərçivəsində görüləcək işlər müzakirə olunub. Son dövlərdə Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin genişlənməsi, eyni zamanda hər iki ölkənin Çinlə artan təmasları, Orta Asiyanın Türk dövlətləri ilə həyata keçirilən birgə layihələr bu yəqinliyi daha da artırır. Məsələnin birinci tərəfinə nəzər yetirsək, qeyd etməliyik ki, Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin həcmi yüksələn xətlə davam edir. Əgər 2012-2014-cü illər arasında bu göstərici sabit olaraq 6 faiz təşkil edirdisə, 2015-ci ildə 12 faizə yüksəlib. Bu proses də 2015-ci ildən etibarən Türkiyəyə neft-qaz ixracının artması ilə əlaqəli olub. 2019-cu ildə isə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 4,5 milyard dollar təşkil etməklə 14 faiz yer tutub. 2020-ci ildə Azərbaycan və Türkiyə liderlərinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasındakı çıxışında bu rəqəmin 15 milyard dollara çatdırılmasının hədəfləndiyi qeyd edilib. Hər iki ölkə bu hədəfə nail olmaq üçün bir sıra sazişlər imzalayıb. Nəticədə, 2023-cü ildə Türkiyə ilə ticarət dövriyyəmiz 7 milyard 650 milyon dollaradək yüksəlib. Bu göstərici 2022-ci illə müqayisədə 30 faiz artım deməkdir. Ötən il Azərbaycanın Türkiyəyə ixracatı 5 milyard 359 milyon dollar, qardaş dövlətdən idxalımız isə 2 milyard 291 milyon dollar olub. Beləliklə, 2023-cü ildə Türkiyə Azərbaycanın 3 milyard 348 milyon dollarlıq qeyri-neft ixracatının 23,4 faizini formalaşdırıb. 2024-cü ilin yanvar-mart aylarında isə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 469 milyon dollar təşkil edib.

Qeyd etmək lazımdır ki, hazırda Türkiyə 15 faizlik pay ilə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır və iqtisadi əlaqələr bütün istiqamətlərdə durmadan inkişaf edir. Digər tərəfdən Türkiyə Azərbaycanda həyata keçirilən ən vacib layihələrin önündə yer alır. Məsələn, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan böyük quruculuq işlərində qardaş ölkə 20-dən çox şirkətlə 50-yə yaxın layihə icra edir. Bu bərpa-quruculuq işlərinin ümumi dəyəri 4 milyard ABŞ dolları təşkil edir. Paralel olaraq da Türkiyəyə ən böyük investisiya yatırımlarında Azərbaycan birinci yerdə dayanır. Ölkəmizin neft-kimya sahəsi başda olmaqla neft emalı, energetika, logistika sektorlarını əhatə edən strateji investisiyaları qardaş ölkənin enerji təhlükəsizliyində, ətraf mühitin qorunmasında, əhalinin rifah səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynayır.

Digər tərəfdən yanaşsaq, Türkiyə və Azərbaycan bu gün regionda bir çox qlobal layihələri həyata keçirirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP kimi nəhəng layihələr təkcə regional yox, həm də Şərqdən Qərbə iqtisadi hərəkətliliyi təmin edən mühüm layihələrdir. Bu nəqliyyat və enerji layihələri Azərbaycan ilə Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşımalarda məsafə və daşıma müddətinin qısaldılmasında, strateji əhəmiyyətinin artmasında, enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatlarının, deməli, həm də  gəlirlərinin artırılmasında əhəmiyyətli rol oynayır.

Son dövrlərdə Azərbaycan və Türkiyənin Çinlə əlaqələrində təmasların daha da intensivləşməsi tarixi İpək Yolunun bərpasını gündəmə gətirir ki, burada da əsas istiqamət Orta Dəhliz boyuncadır. Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıq, əlverişli infrastruktur, Türkiyə ilə bir sıra regional layihələrin uğurla davam etdirilməsi Orta Dəhlizin işləkliyini daha ön plana çıxarır. Digər tərəfdən, həm Azərbaycanın, həm də Türkiyənin müstəqil siyasət yürütməsi, etibarlı tərəfdaş kimi imic qazanması da layihəni hər kəs üçün maraqlı və cəlbedici edir. Hətta bir neçə gün bundan əvvəl Türkiyənin BRİCS-ə qoşulmaq istəyini dilə gətirməsi də Qərbin təəccübünə, Çin və Rusiyanın isə xoş reaksiyasına səbəb olmuşdu. Bununla yanaşı, Azərbaycan-Türkiyə birliyinin Orta Asiyanın Türk dövlətləri ilə əlaqələrinin sıxlaşması, müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarının artırılması da Orta Dəhlizin əhəmiyyətini artırır. Azərbaycan Prezidentinin Türkiyənin dövlət başçısı ilə görüşündə Bakı-Tiblisi-Qars dəmir yolunun imkanlarının artırılması, Orta Dəhlizin inkişafı yönündə müzakirələri də bu baxımdan əbəs sayıla bilməz. Görünən odur ki, hər iki ölkə başçısının bu kimi məsələləri müzakirə etməyinə yeni zərurət yaranmışdı və kompasın əqrəbi də eyni istiqamətə yönləndirilirdi.   

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 11.06.2024 16:54