AZ EN RU

Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının növbəti nümayişi

“Bir millət, iki dövlət, Bir yumruq”

Tarixi, mədəniyyəti, mənəvi dəyərləri oxşar olan Türkiyə və Azərbaycan yaxşı və pis günlərdə daim bir-birinin yanında olub, bir-birinə qarşılıqlı dəstək göstəriblər. Bu tarixi birlik və sarsılmaz dostluq əlaqələri hər iki dövlətin qurucusu Ümummilli Lider Heydər Əliyev və Mustafa Kamal Atatürkün güclü siyasi iradəsi ilə möhkəm təməllər üzərində dayanır və bu gün Türkiyə və Azərbaycan dövlət başçıları tərəfindən yüksələn xətlə inkişaf edir. Türk xalqının öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və Ulu Öndər Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına sadiq qalan bu iki ölkənin birliyi, bərabərliyi, qardaşlığı, əməkdaşlığı bütün zamanlar üçün dünyaya nümunədir.

İki ölkə arasındakı əməkdaşlıq qarşılıqlı səfərlər nəticəsində daha da möhkəmlənir

Aprelin 29-da Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Türkiyə Respublikasına işgüzar səfəri iki ölkə arasında birliyin, qardaşlığın növbəti təzahürü oldu. Ölkə başçısı və xanımının İstanbulda keçirilən növbəti “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakını bütün dünya maraqla izlədi. Dövlət başçılarının festivalın keçirildiyi məkana Prezident cənab İlham Əliyevin idarə etdiyi qardaş ölkənin texnoloji inkişafının göstəricisi olan “Togg” elektromobilində gəlmələri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident cənab İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əsginasını təqdim etməsi və onun zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində Azərbaycan dövlətinin inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin təməlinin qoyulması barədə bəyanatı diqqəti cəlb edən faktlar oldu.

“Teknofest” Türkiyənin ən böyük aviasiya, 
kosmos və texnologiya festivalıdır

    “TEKNOFEST” Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) birgə təşkilatçılığı və qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. 2018-ci ildən etibarən hər il keçirilən festival ötən il mayın 26-29-da ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda təşkil edilib. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunan festivalda sərgilənən ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları, Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou, tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEAM layihələrin nümayiş olunması böyük maraq doğurdu. “TEKNOFEST Azərbaycan”ın açılış mərasimində Prezident cənab İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər, “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar iştirak etmiş, festivalı 300 minə yaxın insan ziyarət etmişdir.
    Bütün dünyanın maraqla izlədiyi festival növbəti dəfə türkün gücünü, Azərbaycan-Türkiyə arasındakı sarsılmaz birliyi, bərabərliyi göstərdi. Ölkə başçısının çıxışı bir çox televiziya, xəbər kanalları tərəfindən gündəm mövzusu oldu. Qardaş ölkədə yenidən olmağından məmnunluğunu bildirən dövlətimizin başçısı çıxışında Türkiyə və Azərbaycanın hər zaman bir yerdə olduğunu vurğuladı. Cümhurbaşqanının liderliyi ilə Türkiyənin dünya çapında söz sahibinə çevrildiyini, bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantı olduğunu diqqətə çatdırdı. Prezident cənab İlham Əliyev dedi: “Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır”.
    İştirakçılarının sayının ildən-ilə sürətlə artdığı “TEKNOFEST”in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çox idi. 27 aprel-1 may tarixlərdə keçirilən festival bir çox cəhətdən yadda qaldı. Ölkəmiz, eləcə də muxtar respublikamız üçün ən yaddaqalan, əlamətdar hadisə isə festivalda Azərbaycanı təmsil edən Naxçıvan Dövlət Universitetinin “NSUTECH” komandasının “Sahibkarlıq mübarizəsi-Universitet” kateqoriyası üzrə 1-ci yeri tutaraq “Sağlamlıq elmləri və texnologiyaları” və “Proqram texnologiyası” mükafatına layiq görülməsi, Vətənimizi Estoniyada təmsil etmək şansı qazanması oldu. 

Dünya Türkün gücünü növbəti dəfə gördü

Son illərdə Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurlar bütün dünyanın diqqət mərkəzindədir. “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın rəhbərliyi ilə inkişaf etmiş modern müdafiə sənayesi Türkiyənin, eləcə də ondan istifadə edən ölkələrin təhlükəsizliyini təmin edir. İkinci Qarabağ müharibəsi zamanı bu şirkətin istehsal etdiyi pilotsuz uçuş aparatları Şanlı Zəfərin əldə edilməsində mühüm rol oynadı. Bu yaxınlarda Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında Azərbaycan və Türkiyənin birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcəklərinə dair niyyət protokolu imzalanıb. Həmçinin festivalda Prezident cənab İlham Əliyev Türkiyənin müdafiə sənayesində qazandığı uğurlara toxunaraq Türk Ordusunun bu gün dünya çapında ən öndə olan orduların sırasında yer aldığını bildirib, Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılacağını elan edib. Ölkə başçısı deyib: “Mən fürsətdən istifadə edərək “Kızılelma” ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə –  bugünkü Türkiyə budur”. Prezident Rəcəb Tayyib Ərdoğan festivalda Türkiyənin yüksək texnologiyalara əsaslanan layihələr həyata keçirdiyini, indiyədək “TCG Anadolu” gəmisini 100 minə yaxın vətəndaşın ziyarət etdiyini diqqətə çatdırıb, milli döyüş təyyarəsinin, “Gökbey” helikopterinin, “Hürjet” və “ATAK-2” qırıcılarının, “Altay” tankının istifadəyə verilməsini Türkiyənin son illərdə böyük uğurlarının göstəricisi kimi dəyərləndirərək “TEKNOFEST”in bütün bu nailiyyətlərin rəmzi olduğunu qeyd edib. Festivalda Türkiyənin son illərdə kosmik sahədə də əldə etdiyi böyük uğurlardan danışılaraq İMECE peykinin kosmosa göndərilməsinin əhəmiyyəti vurğulanıb, Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək türk pilotlara uğurlar arzulanıb. “Kızılelma” pilotsuz uçuş aparatının səmada manevrləri maraqla izlənilib. Səmada nümunəvi uçuşlar edən “Kızılelma” və “Akıncı” PUA-larını göstərən Selçuk Bayraktar deyib: “Kızılelma” və “Akıncı” bərabər uçurlar. Bu uçuş forması dünyada ilk dəfədir”.

44 günlük Vətən müharibəsində böyük dəstək

Tarixboyu birliyi, bərabərliyi yalnız sözdə deyil, əməldə də göstərən Azərbaycan-Türkiyə işğala və haqsızlığa qarşı hər şəraitdə mübarizə aparıb, bir-birini müdafiə etməkdən geri durmayıb. İkinci Qarabağ müharibəsində Türkiyənin güclü müdafiə dəstəyi, dövlət-xalq-ordu birliyi böyük Zəfərin qazanılmasında əsas olub. Ölkə başçısı “TEKNOFEST” festivalında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsində Türkiyənin, onun Cümhurbaşqanının, qardaş türk xalqının daim bizim yanımızda olduğunu bildirərək dedi: “İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu bizə əlavə güc verdi, əlavə ruh verdi”.
    Müharibədə olduğu kimi, sülh dönəmində də Azərbaycanın yanında olan Türkiyə regionda sülh və sabitlik üçün Ermənistanla dayanıqlı sülhü dəstəkləyir, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərində rol oynayır. Qarşılıqlı əməkdaşlığın ən yüksək göstəricilərindən biri də 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalamasıdır. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişafını təmin edəcək. Eyni zamanda müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım, ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələlərini də özündə əks etdirir. Festivalda dövlətimizin başçısı bu Bəyannamənin önəminə toxunaraq dedi: “Eyni zamanda iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir”.
    Müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu Ümummilli Lider Heydər Əliyevin 100 illiyinin qeyd edildiyi bu ərəfədə Türkiyə və Azərbaycanın bir yerdə olması xalqlarımız arasındakı sarsılmaz birliyin, qardaşlığın növbəti təzahürü idi. Prezident cənab İlham Əliyevin: “Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!” bəyanatı Türkiyə-Azərbaycan qardaşlığı, birliyinin əbədiliyini bir daha təsdiqləməklə xalqlarımız üçün bundan sonra əsas istiqamət olacaq.

Güntac ŞAHMƏMMƏDLİ 

 

Nəşr edilib : 30.04.2023 15:38