AZ EN RU

Azərbaycan-Türk şəhidlərinin xatirəsi Haçadağda anılıb

    Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə qardaş Türkiyə Respublikasının Araz Təbiət və Azərbaycan Mədəniyyət dərnəyinin bir neçə üzvü Xocalı soyqırımında həyatını itirmiş şəhidlərimizin və Türkiyənin 10 iri regionunda baş vermiş təbii fəlakət nəticəsində dünyasını dəyişmiş insanların xatirəsini anmaq və Haçadağ zirvəsinə qalxmaq məqsədilə Naxçıvan Muxtar Respublikasına səfər edib.  
    Səfərin ilk günündə qonaqlar əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin şəhərimizin mərkəzi meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra görkəmli dövlət xadiminin həyatı, çoxşaxəli fəaliyyətini minə yaxın maddi mədəniyyət nümunələri ilə özündə əks etdirən muzeyə baxış olub. Ekskursiya çərçivəsində qonaqlara məlumat verilib ki, muzey Ümummilli Liderimizin həyat və fəaliyyətinin, ictimai-siyasi, elmi-nəzəri, dövlətçilik irsinin, Azərbaycançılıq məfkurəsinin öyrənilməsi, təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması kimi şərəfli bir vəzifəni həyata keçirir. Muzey, ümumilikdə, Ulu Öndərimizin yaşadığı şərəfli həyat yolunu və amalını əks etdirir. Xüsusilə dahi rəhbər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti – Ali Məclisin sədri kimi gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar, filmlər, albomlar və digər eksponatlar nümayiş etdirilir. 
    Daha sonra qonaqlar Türkiyə Respublikasının qurucu lideri, görkəmli siyasi xadim Mustafa Kamal Atatürkün şəhərimizdəki abidəsini ziyarət edib, ardınca Şəhidlər xiyabanına ekskursiya olub. Qonaqlar əvvəlcə xiyabanda Türkiyə-Azərbaycan qardaşlığına, birlik və bərabərliyə həsr edilmiş abidənin önünə gül dəstələri qoyublar, həm Çanaqqala zəfərində, həm də torpaqlarımızın azadlığı yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad olunub, onların ruhlarına dualar oxunub. 
    Dünən isə qonaqlar Haçadağın zirvəsinə qalxıblar. Culfa rayonunun Gal kəndindən start götürülüb və 12 iştirakçı zirvəyə qədər olan 9 kilometrlik məsafəyə 7 saatadək vaxt sərf edilib. İştirakçılar hündürlüyü 2415 metr olan Haçadağın zirvəsində Xocalı faciəsi qurbanlarını, 44 günlük Vətən müharibəsi şəhidlərini və təbii fəlakət nəticəsində dünyasını dəyişmiş insanların xatirəsini yad edib, hər iki ölkənin Dövlət himnləri  səsləndirilib.

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 18.03.2023 19:43