AZ EN RU

Azərbaycan silah tədarükünün doğurduğu müharibə riski ilə bağlı Ermənistana xəbərdarlıq edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışı zamanı söylədiyi fikirlər dünya mediasının diqqət mərkəzində olub.

“Bloomberg”, “Financial Post” və digər mətbu orqanlarında “Azərbaycan silah tədarükünün doğurduğu müharibə riski ilə bağlı Ermənistana xəbərdarlıq edir” mövzulu materiallar dərc edilib.

Məqalələrdə qeyd edilir ki, Azərbaycanın dövlət başçısı öz çıxışında Fransa və Hindistanı Ermənistana təhlükə hesab etdiyi silahlarla təmin etməmək barədə xəbərdarlıq edib və belə tədarüklərin regionda yeni müharibəyə səbəb ola biləcəyini deyib. Eyni zamanda Ermənistanın adıçəkilən ölkələrdən silah-sursat almağa başlayacağı təqdirdə, Azərbaycan öz əhalisini qorumaq üçün reaksiya verməli olacaq. Məqalələrdə xüsusilə diqqətə çatdırılır ki, üç ay bundan əvvəl Qarabağda əməliyyat keçirən Azərbaycanın Ermənistanı işğal etmək niyyəti yoxdur.

Diqqətə çatdırılır ki, Qarabağdakı uğursuzluqdan sonra Ermənistan Moskvadan uzaqlaşaraq başqa yerdə dəstək axtarır. Son aylarda İrəvan hökuməti Fransa və Hindistanla hava hücumundan müdafiə sistemləri və zirehli maşınlar da daxil olmaqla silahların alınması üçün müqavilələr imzalayıb.

Həmçinin materiallarda ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Braynın çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanla sülh sazişi üzrə danışıqlar aparmaq üçün Bakıya səfərinə də toxunulub. Qeyd edilib ki, Azərbaycan dövlət başçısı Ermənistanın yeni silah tədarükü ilə cəsarətlənərək Qarabağa gələcəkdə iddialar qaldırmayacağına dair “ciddi təminat” verilməli olduğunu vurğulayıb.

Azərbaycan prezidenti O´Brayna Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etdikdən sonra barışıq üçün “tarixi imkanların” yarandığını deyib və əlavə edib ki, ABŞ öz növbəsində sülh prosesinə töhfə verə bilər.

Nəşr edilib : 07.12.2023 10:13