AZ EN RU

Azərbaycan Serbiya ilə müdafiə sənayesi və birgə istehsal sahələrində əməkdaşlıq edəcək

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Serbiyanın müdafiə naziri Bratislav Qaşiçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, V.Mustafayev nazir B.Qaşiçi yeni təyinatı münasibətilə təbrik edərək dost və tərəfdaş ölkənin nümayəndələrini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

Görüşdə V.Mustafayev ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayaraq bir çox istiqamətlərdə olduğu kimi, müdafiə sənayesi sahəsində də sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib və yeni texnologiyaların transferinin, birgə istehsal sahələrində əməkdaşlığın uğurla həyata keçiriləcəyinə əmin olduğunu bildirib.

Nazir Serbiyanın nümayəndə heyətini 2024-cü il sentyabrın 24-26-da keçiriləcək “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

V.Mustafayev ikitərəfli münasibətlərin inkişafı üçün Serbiyanın Azərbaycanda fəaliyyət göstərən hərbi attaşelik aparatının yaradılmasını yüksək qiymətləndirib. Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən B.Qaşiç səmimi görüşə görə azərbaycanlı həmkarına minnətdarlığını bildirib. O, belə səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün birgə layihələrin, həmçinin beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirakın əhəmiyyətindən bəhs edib.

Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, işgüzar səfərlərin təşkili və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.

Nəşr edilib : 14.06.2024 16:06