AZ EN RU

Azərbaycan seçicisi Heydər Əliyev yoluna - əbədi müstəqil Azərbaycana səs verdi

Xalq “Zəfərlərə davam” dedi!

    2024-cü il fevralın 7-də daha bir tarixi günü yaşadıq. Daha doğrusu, bu tarixi öz siyasi iradəmizlə, dövlətçiliyimizə və liderimizə olan sevgimizlə bir daha nümayiş etdirdik. Düşünürəm ki, müstəqil Azərbaycanın tarixində ən yaddaqalan səsvermə prosesi təşkil olundu. Səbəbi və növbədənkənar prezident seçkilərinin nəticəsi barədə bir azdan...
    Gələk mövzuda mahiyyəti çatdırmaq istədiyim başqa bir məqama. Təqvim taxtası 2024-cü ili göstərir. Hamımıza bəllidir ki, Azərbaycan 4 il bundan öncə çıxdığı Zəfər yürüşünü parlaq Qələbə ilə nəticələndirib, dövlət suverenliyini bərpa edib, öz sərhədlərinə nəzarəti özü həyata keçirir. 30 il bizə qarşı bəslədikləri nifrətdən, Qərbdəki ədalətsiz beynəlxalq təşkilatlardan, dünyaya demokratiya dərsi keçməyə çalışanlardan yallanıb tarixi torpağımız Qarabağda separatçılıqla məşğul olanların, “boz zona” təşkil edib dövlət içində “dövlət” yaratmaq istəyənlərin, bizimlə təhdid ritorikası ilə danışanların bir qismini tarixin zibilliyinə göndərmişik, cinayətkarları isə Bakıda Azərbaycan qanunları ilə mühakimə edirik. Dövlət və xalq olaraq müharibədən sonra yeni bir dövrə qədəm qoymuşuq. Bu torpaqlara bir daha işğalçı ayaq basmayacaq.
    Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi və səsvermə prosesi Şuşada, Xankəndidə, Xocalıda, Cəbrayılda, Füzulidə, Zəngilanda da təşkil olundu, siyasi iradəmizi Kəlbəcərdə, Ağdamda, Qubadlıda, Xocavənddə də nümayiş etdirdik. Bunun adı tarix deyilsə, bəs nədir? 30 il ən yaxşı günlərimizi, bayramlarımızı, şadlıqlarımızı bu torpaqlarda qeyd etməyi arzulamırdıqmı, Qarabağda Azərbaycan dövlətinin sabahı naminə səs verməyi diləmirdikmi? Məhz elə buna görə keçirilən prezident seçkiləri yaddaqalandır, əlamətdardır. 
    30 il məcburi köçkün həyatı yaşasaq da, doğmalarımızın məzarına, talanan, yağmalanan evimizə həsrət qalsaq da, sınmadıq, əyilmədik, xalq-lider-ordu birliyi ilə tarixə möhürümüzü vurduq. İndi Azərbaycan Bayrağı altında azad, təhlükəsiz Şuşada, Xocalıda, Xankəndidəki seçki məntəqəsinə yaxınlaşıb adımızı seçici siyahısında tapıb səs vermək necə bir xoşbəxtlik idisə, biz bunu ­yaşadıq. 
    Bütün bunları həyata keçirərkən biz müdrik qərarlara, siyasi qətiyyət və iradəyə, “Nəyi nə vaxt, necə etmək lazımdır bunu mən bilirəm”, –  deyən şəxsin – Prezident cənab İlham Əliyevin uzaqgörənliyinə arxalandıq. Azərbaycanın BİRİNCİ DÖYÜŞÇÜSÜ tarixi Qələbəmizi ilmə-ilmə toxudu, ölkə rəhbəri kimi bir gün belə Qarabağ məsələsi siyasi fəaliyyətindən kənarda qalmadı. Bu gün inamlı qələbə ilə yenidən Prezident seçilməsi xalqın Ona növbəti etimadını, siyasi inamını ifadə edir. Azərbaycan xalqı parlaq gələcəyini, işıqlı günlərini, dövlətin güclü iqtisadiyyatını bir daha cənab İlham Əliyevin siyasətində gördü. Bu gün Yaxın Şərqdə, Rusiya-Ukrayna cəbhəsində baş verənləri – ölüm-itim, dağıntı, dəhşət, bir sözlə, insanlığın yerlərdə süründüyü o görüntüləri izləyən zaman fərqinə varırıq ki, doğrudan da, müstəqilliyimiz və sabit həyatımız əlimizdəki ən böyük nemətimizdir. Deməli, xalqımız həm də təhlükəsiz, fəlakətdən uzaq, firavan gələcəyinə səs verib. 
    O, seçki kampaniyasında “Zəfərlərə davam!” şüarı ilə yola çıxmışdı, Qalib xalq isə Qalib   Liderə növbəti dəfə etimad göstərməklə “Zəfərlərə davam!” – dedi... Hələ yolumuz uzundur. Biz cənab İlham Əliyevin rəhbərliyi altında Zəngəzur dəhlizini açacaq, Naxçıvanımızı anamız Azərbaycana birləşdirəcək, əzəli yurd yerlərimizə – Qərbi Azərbaycana möhtəşəm QAYIDIŞımızın təntənəsini yaşayacağıq. Bu yoldan bizi heç bir qüvvə və təşkilat – son günlərdə Qərbdə “Avroşüvənlik” edənlər belə döndərə bilməyəcək. Çünki bu siyasətin təməlində haqq, tarixi ədalət dayanır.
    Parlaq Qələbəniz və Qələbəmiz mübarəkdir, möhtərəm Prezident!

Muxtar RZAZADƏ

Nəşr edilib : 07.02.2024 22:57