AZ EN RU

Azərbaycan şahmatının Nazlı qızı

    Bu gün cəmiyyətimiz gənc nəslin vətənpərvər ruhda böyüməsinə, mənəvi və fiziki tərbiyəsinə, sağlamlığının qorunmasına strateji əhəmiyyətli və prioritet məsələ kimi baxır. Çünki gənclərin sağlam fərd kimi formalaşması onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Naxçıvan Muxtar Respublikasında da bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşılır, gənc nəslin nümayəndələri arasında idmanın təbliği ümumtəhsil məktəbləri şagirdlərinin fiziki tərbiyə sisteminin inkişaf etdirilməsi, yaşayış yerlərində əhalinin bədən tərbiyəsi, sağlamlıq və idmanyönümlü məşğələlərə cəlb olunması qarşıya qoyulan əsas məqsədlərdəndir. Digər tərəfdən idman federasiyalarının işinin təkmilləşdirilməsi üçün mühüm addımlar atılır ki, bu da gənclərin uğurlu karyera qurmasına zəmin yaradır. Son illər Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının apardığı məqsədyönlü siyasət istedadlı gənclərin üzə çıxması, onların beynəlxalq turnirlərdə uğur qazanması ilə nəticələnib. Federasiyanın yetirməsi Nazlı Hümbətovanın son olaraq qazandığı uğur da buna bir nümunədir.

Uğurlu başlanğıc

Nazlı Hümbətova 15 oktyabr 2007-ci ildə Naxçıvan şəhərində dünyaya gəlib. Onun ağ-qara fiqurlarla ilk tanışlığı 6 yaşına təsadüf edir. Atası və babası şahmat həvəskarı olan Nazlının ilk müəllimləri də elə onlar olub. Şahmata olan həvəs və mühitdən irəli gələn ənənə özünü çox gözlətməyib. Potensialı uşaqlıqdan hiss edilən Hümbətovanı valideynləri onu şahmata yazdırmaq qərarına gəlir. Bura gələrkən artıq şahmatın əlifbasına bələd olan Nazlının ilk müəllimi Hüseyn Əliyev olub. Çox keçmədən istedadı ilə seçilən zəka sahibimiz ardıcıl uğurlar qazanmaqla ona göstərilən etimadı doğruldur. 
Naxçıvan hər zaman Azərbaycan idmanına istedadlı gənclər bəxş etməklə seçilib. Xüsusilə idmanın zehni və güc növlərində bunun davamlı xarakter alması, düzgün qurulan idman siyasətinin bəhrəsidir. Zehni idman növləri idmançılarımızın intellektual, güc idman növləri isə əcdadlarımızın döyüşkən olduğunu sübut edir. Təbii ki, zehin və gücün birləşməsi istedadların daha böyük uğurlar qazanması deməkdir. Nazlı Hümbətova da bu ənənəyə sadiq qalan, bu adət üzrə yetişən idmançılarımızdandır. Uğurlarına nəzər yetirdikdə, gənc zəka sahibimizin parlaq karyerasının qabaqda olduğunu deyə bilərik. İlk dəfə keçirilən muxtar respublika birinciliyində gümüş medal qazanan Nazlı Hümbətova 2014-cü ildə Gürcüstanın Tbilisi şəhərində təşkil olunan beynəlxalq turnirdə baxımlı oyunu ilə seçildi. Məhz bu nəticə onun 2014-cü ildə Yunanıstanın Kavala şəhərində keçirilən məktəblilərin Avropa çempionatına getməsinə səbəb oldu. Bu yarışlarda xeyli təcrübə toplayan gənc şahmatçımız bir il sonra Şəmkir şəhərində təşkil olunan Azərbaycan çempionatının seçmə yarışlarını birinci pillədə başa vurdu. Təbii ki, Nazlı üçün ən önəmli yarış muxtar respublikamızda təşkil olunan beynəlxalq şahmat festivalıdır. 2016-cı ildə bu festivalın üçüncüsü olan 15 yaşlı zəka sahibimiz 2020-ci ilədək Türkiyənin Ankara, Çubuk, Malatya şəhərlərində keçirilən beynəlxalq turnirlərdə, eləcə də Ağsu, Ağcabədi şəhərlərində təşkil olunan ölkə birinciliyinin seçmə yarışlarında mükafatçılar sırasına düşməklə, ona göstərilən etimadı bir daha doğrultdu: “Qazandığım uğurların heç biri təsadüfi deyil. Bu, məşqçilərin əməyinin bəhrəsidir. Onlar hər zaman mənə böyük etimad göstərdilər, uğur qazanacağımı dedilər və bu sözləri yaddaşıma həkk etdim”.

Yeni çempion

Nazlı Hümbətova üçün ən böyük sınaq ilk dəfə Naxçıvanda təşkil olunan şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı idi. Birincilikdə ölkənin bir çox tanınmış zəka sahibləri ilə başa-baş mübarizə aparan, hətta onlardan xal almağı bacaran şahmatçımız, həm də oyun praktikasını, keyfiyyətini yüksəltmiş oldu. Məhz bu yarışdan sonra Türkiyənin Kırşehir şəhərində təşkil olunan beynəlxalq turnirdə o, fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa müvəffəq oldu. 
    Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin şagirdi olan Nazlı Hümbətova son olaraq Azərbaycan çempionatında iştirak edərək böyük uğura imza atdı. 16 yaşlı qızlar arasında ölkə çempionu adını qazanan idmançımız o anları belə xatırlayır: “Bu yarışa ciddi hazırlaşmışdım. Müəllimlərim də uğur qazanacağıma inanırdı. İlk turlarda rəqiblərin oyun üslubu bir az çətin olur, ancaq sonradan digər nəticələrə baxıb rəqibin hansı taktika ilə oynayacağını bilirsən. Hazırlıq dönəmindən daha çox bunun üzrərində çalışırdım. Şükürlər olsun ki, əməyim nəticəsiz qalmadı və ölkə çempionu oldum”.

“Qızıl kitabı”n üzvü

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci il 12 iyul tarixli Sərəncamı ilə Nazlı Hümbətovanın adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazıldı və Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görüldü. Bu meyar, təbii ki, muxtar respublikada gənc istedadlara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu qayğıdan bəhrələnən gənc şahmatçımızın fikrincə, ona göstərilən etimad məsuliyyətini daha da artırır: “İndi bir məqsədim var: reytinq əmsalımı yüksəltmək və FIDE ustası adını almaq. Bunun üçün öz üzərimdə çox çalışmalı, yarışlarda, turnirlərdə mükafatçılar sırasına düşməliyəm. Bu gün Naxçıvanda bizlər üçün hər bir şərait yaradılıb, dərslərimizi ən müasir idman məktəblərində keçirik. Şahmat Federasiyası bütün yarışlarda iştirakımızı təmin edir. Biz də, öz növbəmizdə, uğur qazanıb göstərilən etimadı doğrultmağa çalışırıq. Adımın kitaba yazılması həm də mənim məsuliyyətimi xeyli artırıb. İndi düşüncəm yalnız şahmatdır. Gələcəkdə Azərbaycanın ən böyük qadın şahmatçılarından biri olmaq istəyirəm”.

Qarışıq oyunları sevən Nazlı

Siciliya, slavyan, holland, hind müdafiəsi oynamaq, rapid, blits, klassik şahmatda gücünü göstərmək hər bir şahmatçıya qismət olmur. Bunun üçün şahmatçının aktiv və ya passiv halda olması mütləqdir. Nazlı Hümbətova tərz olaraq təmkinli və səbirlə oynamağı sevir. Rəqibin hər hansı səhvi onun hücumu ilə nəticələnir. Üslub cəhətdən Anatoli Karpov və Vasili Smıslov Nazlının kumirləridir. Karpovun oyun mövqeləri baxımından əla intuisiyasını, müdafiə oyununu, Smıslovun isə hücumlara qarşı “vəhşi hücum” taktikası Nazlının əsas oyun prinspidir. Eyni zamanda o, şahmatçıların ehtiva etdiyi şahmat nəzəriyyəsi, strategiyası və oyundakı yenilikləri öyrənməyi sevir.

Ən böyük arzusu və hobbisi

    6 yaşından bu idman növünün sirlərini öyrənən Nazlı Hümbətovanın ən böyük arzusu tərcüməçi olmaq idi: “Əgər bu sahədə uğur qazana bilməsəydim, tərcüməçi olacaqdım. Yenə bu arzumu reallaşdıra bilərəm. Bunun üçün şahmatla yanaşı, dərslərimə də böyük önəm verir, təhsilimi davam etdirirəm. Gələcəkdə bu idman növü ilə yanaşı, sevdiyim ixtisas üzrə də çalışmaq istərdim”. Gənc şahmatçımızın ən böyük hobbisi isə üzməkdir. Boş vaxtlarında üzgüçülüklə məşğul olan Nazlı, bu növ üzrə keçirilən beynəlxalq yarışları da izləməyi sevir.
 

Portret

Şahmat diqqət və fikrin bir nöqtəyə yönəldilməsini tələb edən idman növüdür. Digər növlərdən fərqli olaraq burada səbirli, sakit olmağın və düzgün qərar verməyin sənə qələbə qazandırır. Hisslərin səni boğmağa çalışsa da, daim gülər üzünün olması rəqibə də psixoloji təsir göstərə bilər. Səbəb: rəqibin fikrini yayındırmaq sənin növbəti uğurlu gedişindir. Yaşından asılı olmayaraq, buna qərar vermək böyük məsuliyət tələb edir. Xüsusilə qadınlarda. Qalib və məğlub olmalarına baxmayaraq, qadınlara məhz gülər üzlü olmaları yaraşır. Elə Nazlı kimi. Uğurlu karyerasında gülər üzünün ona daha böyük nailiyyətlər qazandıracağına inanırıq...

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 05.07.2022 18:49