AZ EN RU

Azərbaycan Rusiya üçün etibarlı ölkə, layiqli tərəfdaşdır

Dövlət başçılarının görüşü qarşılıqlı münasibətlərin sağlam təməllər üzərində qurulduğunu göstərir

Aprelin 22-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyaya səfər etdi. Rusiya sülhməramlı qoşunlarının Azərbaycandan çıxarılması və Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılmasından dərhal sonra dövlət başçısının Rusiyaya səfəri həm də XX əsrin ən böyük tikinti layihələrindən sayılan Baykal-Amur Magistralının (BAM) tikintisinin 50 illiyi münasibətilə keçirilən tədbirə dəvət olunması baxımından böyük əhəmiyyət daşıyırdı. Cənubi Qafqazda və dünyada gedən tarixi proseslər fonunda Azərbaycan Prezidentinin Rusiya Prezidenti ilə görüşünü iki ölkə arasındakı münasibətlərin hazırki inkişafı üçün yeni mərhələ də saymaq olar. Təsadüfi deyil ki, ölkə başçıları görüşdə Rusiya və Azərbaycan arasındakı əlaqələrin müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə daha da möhkəmləndiyini və inkişaf etdiyini bildirdilər, qarşılıqlı ticarətin 4 milyard dolları ötdüyü qeyd edildi. Həmin gün Rusiya mediası və ekspertlər iki ölkə arasındaki proseslərin indiki vəziyyəti, bölgədə gedən proseslərdə Rusiya və Azərbaycanın xüsusi rolunu vurğuladılar. Bu açıqlamalarda son proseslərin qiymətləndirilməsi də kifayət qədər yüksək səviyyədə idi. Məsələn, Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasını Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin etibarlı olmasının sınaqdan uğurla çıxarılması ilə izah etdi. Bildirdi ki, bu, Moskva ilə Bakı arasındakı əlaqələrin möhkəmliyinin göstəricisidir. Eyni zamanda onu da əlavə etdi ki, Azərbaycan Ermənistandan fərqli olaraq özünü etibarlı tərəfdaş kimi, Prezident İlham Əliyev isə özünü danışıqları apara bilən siyasətçi kimi göstərdi. Ölkələrimiz arasındakı müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə isə Ermənistanın güzəştli vəziyyətinə faktiki olaraq son qoydu. Bu, yalnız İrəvanın hərəkətlərindən deyil, eyni zamanda, Azərbaycanın ləyaqətli siyasət yürütməsindən irəli gəldi.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin isə sülhməramlı hərbi kontingentin Azərbaycan ərazisindən çıxarılmasının qanunauyğun və məntiqli olduğunu, Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. Bununla bərabər, “TASS”, “RİA Novosti”, “Ren.tv”, “Moskovski Komsomolets”, “İnterfaks”, “News.ru”, “Arqumentı i faktı”, “Qazeta.ru” və digər kütləvi informasiya vasitələri görüşü geniş şəkildə işıqlandıraraq ikitərəfli münasibətlərdə təhlükəsizlik, qarşılıqlı ticarət, nəqliyyat layihələri və sair mövzularda müzakirələrin aparılacağını, hər iki tərəfdə də bu sahələr üzrə böyük potensialın olduğunu bildirdilər. 

Təbii ki, görüşün maraqlı tərəflərindən biri də müasir dünyada nəqliyyat-kommunikasiya əlaqələrinin əhəmiyyəti baxımından Baykal-Amur Magistralı kimi böyük layihənin həyata vəsiqə almasında Rusiya və Azərbaycanın rolundan bəhs olunması idi. Rusiya Prezidenti Vladimir Putin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşündə qeyd etdi ki, BAM-ın tikintisinin başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməkdən səmimi qəlbdən şadam. Onun atası, BAM-ın bütün inşaatçıları bunu yaxşı bilir,  Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Baykal-Amur Magistralının tikintisinə kuratorluq edirdi, bu çox çətin layihənin baş tutması üçün əlindən gələni əsirgəmirdi.

Azərbaycan Prezidenti isə bildirdi ki, Heydər Əliyev amili Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq. Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə görə BAM inşaatçılarına təşəkkür edən dövlətimizin başçısı Anqoya qəsəbəsindəki vağzala Ulu Öndərin adının verilməsini xatırladıb, bu sahədə böyük zəhmətinin olduğunu qeyd edib: “BAM inşaatçıları yaxşı bilirlər ki, o, praktiki olaraq piyada, qatarla, vertolyotla, çətin şəraitdə Bratskdan Vladivostoka, Naxodkaya qədər uzun məsafə qət edib, on gün ərzində sevinc və kədərini BAM inşaatçıları ilə bölüşüb”. Həmçinin dövlət başçısı bildirdi ki, BAM-ı təsadüfən ümumittifaq tikintisi adlandırmırdılar. Əlbəttə, biz fəxr edirik ki, azərbaycanlı inşaatçılar, mütəxəssislər tikintidə fəal iştirak ediblər.

Təsadüfi deyil ki, həmin gün “Arqumentı i faktı” nəşri Ümummilli Lider Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisinə verdiyi töhfəni xatırladaraq qeyd etdi ki, Vladimir Putin Heydər Əliyevin SSRİ dövründə BAM-ın tikintisi ilə bağlı məsələlərə birbaşa nəzarət etdiyini və Rusiyanın buna görə ona minnətdar olduğunu vurğuladı.

Beləliklə, Azərbaycan Prezidentinin Rusiyaya növbəti səfəri də uğurlu anlarla yadda qaldı. Rusiya Prezidentinin BAM-ın müasir əhəmiyyəti və layihənin uğurla həyata keçirilməsində Ulu Öndər Heydər Əliyevin rolunu məxsusi şəkildə qeyd etməsi isə dahi şəxsiyyətin, eləcə də cənab İlham Əliyevin şəxsində Azərbaycana verilən yüksək qiymətdir: “İndi biz, yəqin ki, Siz bu barədə bilirsiniz, Şərq poliqonu adlı marşrutu inkişaf etdiririk, həm BAM, həm də Transsib onunla bağlıdır. Beləliklə, bütün bunlar bu gün də bizim üçün əhəmiyyətlidir, həm də çox böyük əhəmiyyətə malikdir. Düşünürəm, hətta əminəm ki, atanızın bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi üçün mühüm rola malikdir…

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 23.04.2024 11:24