AZ EN RU

Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Tofiq Bakıxanovun 90 illik yubileyi fəxri doktoru olduğu ali təhsil ocağında qeyd edilib

Naxçıvan Dövlət Universitetində görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli, professor Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil olunub. Giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev bəstəkarın həyat və yaradıcılığından bəhs edib. Qeyd edilib ki, Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən böyük bəstəkar, mahir ifaçılıq imkanlarına malik skripkaçı, milli musiqiçi kadrların yetişməsində əməyi olan gözəl pedaqoq, professor, musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, milli musiqimizi, incəsənətimizi, mədəniyyətimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadim kimi tanınır. Bildirilib ki, bu gün həm də 90 illik yubileyini qeyd etdiyimiz böyük bəstəkarımız Tofiq Bakıxanov Azərbaycana görkəmli şəxsiyyətlər vermiş məşhur Bakıxanovlar nəslinin nümayəndəsidir. Tofiq müəllim görkəmli tarzən-pedaqoq və muğam bilicisi Əhmədxan Bakıxanovun ailəsində dünyaya gəlib və muğam mühitində boya-başa çatıb. Təsadüfi deyil ki, mədəniyyətimizin böyük himayədarı olan ulu öndər Heydər Əliyev siyasi məktəbinin davamçısı, sənətə və sənətkara yüksək diqqət və qayğı göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da Tofiq Bakıxanov yaradıcılığına böyük diqqət göstərib, imzaladığı Sərəncamlarla muxtar respublikada Tofiq Bakıxanovun 75, 80 və 85 illik yubileyləri, eyni zamanda, bəstəkarın ulu babası Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi yüksək səviyyədə qeyd edilib. “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adını və Naxçıvan Muxtar Respublikasının 85 illiyi münasibətilə təsis edilmiş qızıl medalı görkəmli bəstəkara təqdim edilib. Rektor bəstəkarın anadan olmasının 90 illiyi, yaradıcılıq fəaliyyətinin isə 70 illiyi münasibətilə təbrik edib, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıb, universitetin fəxri fərmanını və İncəsənət fakültəsinin dekanı,  əməkdar rəssam Cavid İsmayılovun çəkdiyi portreti Tofiq Bakıxanova  təqdim edib.

 

Naxçıvan MR Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan MR Əməkdar İncəsənət xadimi, Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının baş  müəllimiYaşar Xəlilov qeyd edib ki, Tofiq Bakıxanov dahi bəstəkar, Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin xeyir-duası ilə musiqi sənətinə gəlib və məhz onun məsləhəti ilə skripka alətini seçib. Bildirilib ki, Tofiq Bakıxanovun yaradıcılığı çoxşaxəli və məhsuldardır. Bəstəkar skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün iyirmidən artıq sonatanın, trio, kvartet, kvintetlərin, müxtəlif alətlər ilə simfonik orkestr üçün 26 konsertin müəllifidir. Vurğulanıb ki, Azərbaycan musiqi tarixində ilklərə imza atan Tofiq Bakıxanov Azərbaycanda ilk solist skripkaçı­lardan olub, viola, violonçel, fleyta üçün sonata və konsert janrına ilk dəfə olaraq o, müraciət edib, Azərbaycanda ilk birpərdəli baletin yaradıcısı olub. Bəstəkar eyni zamanda, üç balet, üç musiqili komediya, 100-ə qədər mahnı və romanslar bəstələyib. Simfonik musiqi sahəsi isə bəstəkarın yaradıcılıq irsində səkkiz simfoniya, beş simfonik muğam, beş simfonik poema, simfonik süitalar, uvertüralar və s. əsərlərlə təmsil olunub.

Tofiq Bakıxanovun həyat və yaradıcılığında Naxçıvana olan məhəbbətini xüsusi qeyd edən Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Günay Məmmədova diqqətə çatdırıb ki, Naxçıvanı “Ulu və müqəddəs diyar” adlandıran bəstəkar, xüsusilə, son dövr yaradıcılığında məhz Naxçıvanla bağlı mövzulara geniş yer verib. Belə ki, bəstəkarın simfonik orkestr üçün yazdığı “Naxçıvan” simfoniyettası, Naxçıvana həsr olunmuş mahnıları (“Naxçıvan”, “Nurlu Naxçıvan”, “Arpaçay”, “Batabat bağları” və başqaları) onun bu qədim diyara və qurucu rəhbərə olan məhəbbətinin ifadəsidir. Ümummilli lider Heydər Əliyevdən bəhs edən “Həmişə bizimləsən” adlı simfonik poeması da bəstəkarın məhz Naxçıvan səfərlərindən sonra ərsəyə gəlib, ilk dəfə məhz Naxçıvanda – bəstəkarın 75 illik yubiley tədbirində səsləndirilib.Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli, professor Tofiq Bakıxanov ona göstərilən yüksək diqqət və qayğıya görə, ilk növbədə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova dərin minnətdarlığını ifadə edərək həmçinin yubileyin təşkilatçılarına da öz təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsində Tofiq Bakıxanovun əsərlərindən ibarət konsertproqramı nümayiş olunub. Beynəlxalq müsabiqələr laureatı Sevinc Kərimovanın müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti, Beynəlxalq müsabiqələr və Tərəqqi medalı laureatı, dosent Sahib Paşazadə tarda ifası ilə tamaşaçılara xoş ovqat bəxş edib. Konsertdə “Türk rapsodiyası”, “Görüş yerimiz”, “Xeyir və Şər” baletindən “Qəhrəmanın çalışması”, “Şərqdən gələn sədalar” məcmuəsindən “Səhər quşu”, “Solmuş qərənfil”, “Sevməyir, qoy sevməsin”, “Şərq poeması” baletindən “Qızlar rəqsi”, “Xeyir və Şər” baletindən rəqs, “Xatirə konserti” musiqiləri yüksək peşkarlıqla ifa edilib.

            Sonda xatirə şəkli çəkdirilib.

Səadət Əliyeva

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 04.02.2022 18:21