AZ EN RU

Azərbaycan Respublikasının sevilən incəsənət xadimləri: “Naxçıvan tarixi minilliklərə söykənən ədəbi sənət məktəbi, yaradıcılıq ocağıdır. Burada doğulub boya-başa çatan insanlar sənət fədakarları, elm fədailəridir”

    Ana yurdum Azərbaycanın ayrılmaz parçası, alimlər məmləkəti Naxçıvan... Tarixin, əsrlərin, qərinələrin canlı şahidi olan bu yurd yeri daim elmimizə saysız incilər, mücahidlər, öndərlər bəxş etmişdir. Memar Əcəmi ehtişamı, Kalbalı xan cəsarəti, Mirzə Cəlil mütəfəkkirliyi, Hüseyn Cavid məhəbbəti, ulu öndər dühasının hər daşına, qayasına hopduğu bu diyarın insanları yurdlarına qırılmaz tellərlə bağlı olmuş, milli-mənəvi dəyərlərini qoruyub saxlamış və gələcək nəsillərə ərməğan buraxmışdır. Bunun nəticəsidir ki, Naxçıvanımız tarixin bütün dövrlərində insanların diqqət mərkəzində olmuş, öz köksünü buraya üz tutanlara açaraq qonaqlarını ən gözəl şəkildə qarşılamışdır. Eyni ilə mövzumuzun dəyərli müsahibləri, Azərbaycan Respublikasının sayılıb-seçilən, sevilən incəsənət xadimləri kimi. 

    Məlumat üçün bildirək ki, Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır. Baxış-müsabiqəyə ölkəmizin sevilən incəsənət nümayəndələri – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Azərbaycan Respublikasının Xalq artistləri – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Samir Cəfərov, Azərbaycan Milli Konservatoriyasının müəllimi Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova münsiflik ediblər. Biz də fürsətdən istifadə edərək adıçəkilən dəyərli sənətkarlarımızla həmsöhbət olduq. 

    Şübhəsiz ki, hər kəs ulu öndərə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısını müğənni Ağadadaş Ağayevin ifasında sevə-sevə dinləyib. Onun sözlərinin müəllifi, gənclərimizin sevimlisi, yüzlərlə şeirinə mahnı bəstələnən şair, publisist Baba Vəziroğludur. O dedi: “Əvvəlcə onu qeyd edim ki, Naxçıvan mənim üçün şeiriyyətin, mənəviyyatın, elmin, tarixin ünvanıdır. Bu diyarın qədim və zəngin ədəbi xəzinəyə, o cümlədən zəngin xalq yaradıcılığı nümunələrinə, folklora, qədim dövlətçilik ənənələrinə malik olması, burada dünyanın ən məşhur, görkəmli simalarının yaşaması və başqa ciddi amillər bu tarixi yurdun mədəni sərvətlərinin öyrənilməsini aktuallaşdırır. Bu mənada, aktuallığını qoruyan və inkişaf edən elm sahələrindən biri kimi Naxçıvanda ədəbi mühitin öyrənilməsi məsələsi bu günümüzdə də başlıca yer tutur. Naxçıvan nəinki Azərbaycan, dünya elm və ədəbiyyatına da misilsiz incilər bəxş etmiş, bu diyarın demokratik fikirli ziyalılarının qələmə aldıqları hər bir yaradıcılıq nümunəsi bütün dövrlərlə səsləşən elm külliyyatı olmuşdur. Bu diyarı tanımaq üçün Hüseyn Cavidin lirik-romantik şeirlərini, Məmməd Səid Ordubadinin qələmə aldığı roman və hekayələri, kiçik hekayənin böyük ustadı Mirzə Cəlilin bir-birindən zəngin və maraqlı yaradıcılıq nümunələri ədəbiyyatsevər insanlara bələdçilik edir və bundan sonra da edəcəkdir. Hər bir qələm sahibinin, şairin, yazıçının borcu bu zəngin maarifçilik ənənəsini qoruyub saxlamaq və onu özündən sonrakı nəsillərə miras qoymaqdır. 

    Bu mənim Naxçıvana ikinci səfərimdir. İlk səfərimdə cəmi 18-20 yaşım var idi 70-ci illərdə, hərbi xidmətimi yerinə yetirmək üçün gəlmişdim. Həmin dövrdən artıq nə az, nə çox düz əlli ilə yaxın bir müddət ötüb. Bu illərdə Naxçıvanın necə dəyişdiyini sözlə demək qeyri-mümkündür. Hərbi xidmətimi yerinə yetirdiyim illərdə əlimdən gəldiyi qədər bu şəhəri tanımağa çalışırdım, çünki Naxçıvanı çox sevirdim. İndi artıq 68 yaşım var və yenə də Naxçıvandayam. Amma tamam fərqli bir Naxçıvanda. Bu Naxçıvanda gənclik illərimdə gördüyüm, şahid olduğum dar küçələr geniş yollarla əvəz olunub, möhrə divarlar, yararsız binalar, bir sözlə, xarabazarı xatırladan miskin bir şəhər, sözün əsl mənasında, müasirliyin ünvanına çevrilib. Hətta hava limanından şəhərə doğru yol alarkən gördüyüm mənzərələr qarşısında məni heyrət və təəccüb bürümüşdü. İnanmırdım. Bu 50 il öncə mənim qoyub getdiyim Naxçıvan idi? Bir anda bu fikirlərim məni şanlı Vətən müharibəsindən sonra azadlığa qovuşan torpaqlarımıza, o cümlədən mədəniyyətin beşiyi olan Şuşa şəhərinə, Vaqif Poeziya Günlərinə apardı. Çünki o zaman da bu fikirlərimin sorağına düşmüşdüm. Ümummilli liderin təşəbbüsü ilə böyük şair Molla Pənah Vaqifin türbəsinin ilk açılış tədbirinin iştirakçısı olmuşdum. Şuşa işğaldan azad edildikdən sonra həmin türbənin açılışından düz 39 il sonra bizlər yenə də Ali Baş Komandanın rəhbərliyi ilə ikinci dəfə bu türbənin açılışında iştirak etdik. Şuşaya yenidən qovuşmuşduq. Artıq əmin idik ki, bu torpaqlar Azərbaycanındır, xalqımızındır. Bu, dəyişilməyən həqiqət, inkaredilməz reallıqdır. Sevinirəm ki, Azərbaycanın hər qarışı müasirliyə qovuşur. Şadam ki, bu əmin-aman yurdda sağlam və ideal gənclik formalaşır.     
    “Naxçıvan tarixi minilliklərə söykənən ədəbi sənət məktəbi, yaradıcılıq ocağıdır. Burada doğulub boya-başa çatan insanlar sənət fədakarlarıdır, elm fədailəridir”, – deyir Azərbaycan Respublikasının Xalq artisti, xoreoqraf Təranə Muradova: – Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və çoxşaxəlidir. Ən geniş yayılmış incəsənət sahələrindən biri də rəqsdir. Tarixi minilliklərə söykənən rəqs bu gün də ölkəmizdə sevilərək yaşadılır. Hətta bu gün Naxçıvan Dövlət Universitetində müsabiqə çıxışlarında milli rəqslərimizi izlədikcə çox şad oldum, sevindim. Peşəmlə əlaqədar olaraq Azərbaycanın bütün bölgələrini gəzmişəm, adət-ənənələri, dəyərləri ilə yaxından tanış olmuşam. Naxçıvana artıq ikinci dəfədir, səfər edirəm. Ümumiyyətlə, mənim bu diyar haqqında zəngin və müsbət fikirlərim çoxdur. Ona görə ki, Naxçıvan tarixi, mədəniyyəti, incəsənəti həmişə Azərbaycan elminə mühüm töhfələr verib. Burada elmimizin böyük dahiləri, mütəfəkkirləri doğulub və xalqının xoş güzəranı üçün çalışıb. Bir sözlə, Naxçıvan elmi, mədəniyyəti və incəsənəti Şərq dünyasının ən aparıcı qollarından sayılmaqdadır. Bu gün də keçmiş ziyalılarımızın öz uğurları ilə seçilən xələfləri var. Hətta rəqs sahəsində belə, biz naxçıvanlı gənclərimizin uğurlarına kifayət qədər şahid olmuşuq. Əlimizdən gəldiyi qədər də bu sahənin incəliklərini gənclərimizə, bizdən sonrakı nəsillərə öyrətməyə çalışırıq. Onlar da, öz növbələrində, bu sahəni ciddi-cəhdlə mənimsəməlidirlər. Xatırlayıram ki, uşaqlıqdan anamla baletlərə tamaşa etməyə gedərdik. Hər dəfə bir az da artıq bu sənətə xüsusi marağım yaranırdı. Beləcə, günlərin birində balerina olmaq sevdasına düşdüm. Anamın narazılığına baxmayaraq, 4-cü sinifdə imtahan verib xoreoqrafiya məktəbinə daxil oldum. Sənətimin fanatına, peşəkarına çevrildim. Bir daha dünyaya gəlsəydim, heç tərəddüd etmədən yenə də bu sənəti seçərdim. Çünki mən sənətimlə bütünləşmişəm. Dərs dediyim ali təhsil ocağında da tələbələrimə bunu aşılamağa çalışıram. İnanıram ki, Azərbaycanda və mənə əziz olan Naxçıvanda bu sənətin davamçıları daim var olacaq, mədəniyyətimizi layiqincə yaşadacaqdır. 
    Növbəti müsahibimiz doğma Naxçıvanımızda böyüyüb, bu torpaqda boya-başa çatıb. O, Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovdur: – Ümumiyyətlə, Azərbaycanda opera sənəti bir əsrdən artıq tarixə malikdir. Belə bir irimiqyaslı janrın inkişafı üçün bu, əlbəttə ki, çox az müddət sayıla bilər. Amma qeyd etmək lazımdır ki, tarixən belə bir qısa zaman ərzində bəstəkarlarımız öz dövründə musiqili səhnə sənətini milli xüsusiyyətlərlə zənginləşdirən, ümumavropa opera sənəti ilə uyğunlaşa bilən və eyni zamanda özünün üslub keyfiyyətləri ilə fərqlənən bir sıra maraqlı opera nümunələri yaratmağa nail olmuşlar. Bununla belə, klassik opera janrını mənimsəmək kimi böyük bir məqsədi həyata keçirən Azərbaycan bəstəkarları bu janrın müəyyən xüsusiyyətlərini yaradıcılıqlarında əks etdirmiş və bu sahədə öz yolları ilə irəliləmişlər. Sevindirici haldır ki, bu gün də ölkəmizin bir sıra ali təhsil ocaqlarında bu sənətin sirləri gənc istedadlarımıza aşılanır. Naxçıvan Dövlət Universitetində incəsənət sahəsində təhsil alan tələbələrlə təşkil etdiyimiz səmimi görüşdə, bir daha şahid olduq ki, Azərbaycanda, habelə Naxçıvan Muxtar Respublikasında incəsənət təhsilində bu sənət yaşadılır. 
    Doğma diyarım Naxçıvana gəldikdə isə tarixi minilliklərlə ölçülən qədim torpağın bu gün hər qarışına vurulan yeni naxışların ecazkarlığı insanların mənəvi dünyasına sirayət edir, qələm sahibləri bu gözəlliklər qarşısında heyranlıqlarını gizlədə bilmir, yurdumuzun büsatına şeirlər yazır, nəğmələr qoşurlar. Günü-gündən gözəlləşən doğma diyarımız həm də böyük sənət və mədəniyyət ocağıdır. Bu yurdun insanları torpaqlarına çox bağlıdır, qonaqpərvərdirlər. Müsabiqədə elə istedadlı gənclərlə qarşılaşdıq ki, onlar arasında seçim etmək, həqiqətən də, çox çətindir. Sevinirik ki, bu gün Azərbaycan mədəniyyəti, poeziyası və incəsənətində belə gənc istedadlarımız üstünlük təşkil edir. İnanıram ki, qarşılaşdığımız bütün gənclərimiz gələcəyin istedadlı incəsənət adamları olacaq, Azərbaycan bayrağını qürurla dalğalandıracaq, milli-mənəvi birliyimizi qoruyub yaşadacaqdır. 
    “Nə qədər sərt olsa, dalğalar, Qayalara çarpınıb geri dönər” kəlmələrini eşitdikdə ilk ağlımıza gələn Azərbaycan xalqının sevilən sənətkarı Mübariz Tağıyev olur. Yaşı yetmişi ötməsinə baxmayaraq, söhbətindən də hiss olunur ki, içindəki sənət eşqi heç bir zaman qocalmayıb müsahibimin:
    – Azərbaycanın incəsənəti həmişə yüksəkdə olub. Yaxşı xatırlayıram ki, keçid dövründə bir az çətinliklərimiz var idi, amma bu tək Azərbaycanda deyil, keçmiş SSRİ-yə daxil olan digər respublikalarda da özünü göstərirdi. Bu gün artıq azad Azərbaycan özünün ən yüksək intibah dövrünü yaşayır. Ömrünün böyük bir hissəsini sənətə həsr edən biri kimi qeyd etməliyəm ki, yaşlı nəsil sənət nümayəndələrindən bir neçəsinin dünyasını dəyişməsi səhnədə bir qədər boşluğun yaranmasına səbəb olub. Bu gün çox savadlı, çox istedadlı gənclər var. Mən istərdim ki, məhz o gənclər özlərini bu istiqamətdə peşəkarcasına inkişaf etdirsinlər. Xalq musiqisi istiqamətində xeyli irəliləyişlər müşahidə edirik, yeni gənc nəsil gəlir səhnəyə. Hansı ki vaxt vardı camaat deyirdi: “O sənətkarların yerini tutan olacaqmı, görən?” İndi baxırsan ki, çox savadlı, istedadlı gənc incəsənət nümayəndələri yetişir, mən istərdim ki, Naxçıvan Dövlət Universitetində şahid olduğumuz kimi, Azərbaycanın digər ali təhsil ocaqlarında da bu istiqamətdəki irəliləyişləri daim görək. Bu gün, həqiqətən də, mənim üçün maraqlı keçdi. Gənclərimizin bir-birindən yaddaqalan çıxışları mənəvi zövq verdi. Gənc istedadlarımız arasında seçim etmək çox çətindir. Amma müsabiqənin nəticəsi nə olursa-olsun, onların qəlbindəki incəsənət eşqi gərək heç bir zaman ölməsin, daim öz kövrək həvəsləri ilə onu yaşatsınlar. Çünki incəsənət elə bir sahədir ki, yalnız onu yaşadanları sevir. İnanıram ki, onlar tutduqları bu yolda sədaqətlə, ümidlə addımlayacaq, özlərini gələcəyin sənət adamları kimi cəmiyyətdə mövqeləndirəcəklər. Mən bütün gənclərimizə uğurlar, müvəffəqiyyətlər arzu edirəm.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 11.04.2022 19:53