AZ EN RU

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu tərəfindən Türkiyə Respublikasının Erzurum şəhərində Xocalı soyqırımının Anım mərasimi təşkil edilib

24 fevral 2022-cu il tarixdə Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun təşkilatçılılğı ilə Erzurum Atatürk Universitetinin mavi salonunda Xocalı soyqırımının anım mərasimi təşkil olunmuşdur.

Tədbirdə Erzurum Valisi Okay Məmiş, Erzurum Böyükşəhər Bələdiyyə başkanı Mehmet Sekmen, Atatürk Universitetinin prorektoru, Mollalı rayon Bələdiyyə sədri, Ərzurum Şəhər polis İdarəsinin sədri Levent Tuncer, ziyalılar, elm və mədəniyyət xadimləri, Ərzurum şəhərində fəaliyyət göstərən Dipıomatiya Akademiyasının fəal gəncləri, KİV nümayəndələri, Erzurum şəhərinin sakinləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər.

Tədbirdə əvvəlcə sərgiyə baxış olmuş ardınca Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmiş, şəhidlərimizin ruhlarına dualar oxunaraq onların əziz xatirəsi bir dəqiqəlik sükutla, ehtiramla yad edilmiş və Xocalı faciəsi barədə qısa film nümayiş olunmuşdur.

Mərasimdə, Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev tarixin müxtəlif dövrlərində Ermənistan təcavüzünə məruz qalan ölkəmizin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə belə bir faciəni bir daha yaşadığını vurğulamış, Xocalıda ermənilər tərəfindən törədilmiş qətliamın XX əsrin və Azərbaycan tarixinə qanla yazılmış səhifəsi kimi ən faciəvi soyqırımı olaraq tarixə keçdiyini qeyd etmişdir. 1988-ci ildən başlayaraq Azərbaycanın əzəli yurdu olan Dağlıq Qarabağ torpaqlarında əsassız ərazi iddaları ilə çıxış edən mənfur ermənilərin Azərbaycan tarixinin ən qədim yaşayış məskənlərindən biri olan Xocalıda amansızcasına qətliam törətdiyini ətraflı olaraq tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Baş konsul Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməli olduğunu vurğulamışdır.

Tədbirdə çıxış edən Erzurum valisı Okay MəmişXocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü Dağlıq Qarabağın azərbaycanlı əhalisinin məhv etmək niyyəti ilə törədilmiş qırğın hadisəsi olduğunu və erməni cəllatlarının vəhşiliyini, dinc insanların qətlə yetirildiyini qeyd etmişdir.

Tədbirdə çıxış edən Erzurum böyükşəhər Bələdiyə başkanı Mehmet SekmenXocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritməklə, onlara qəddarlıqla divan tutulduğunu, Xocalı şəhərinin isə yerlə-yeksan edildiyini. Azərbaycan xalqına qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini qeyd etmişdir.

Daha sonra tədbirdə panelistlər – Naxçıvan Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev, Atatürk Universitetinin professoru Kərəm Karabulut, Atatürk Universitetinin dosenti Mövlud Yılmaz və jurnalist Nigar Ögeday çıxış edərək Xocalı faciəsinin tarixi kökləri, baş vermə səbəbləri, beynəlxalq ictimaiyyətdə soyqırımın tanınmasında ölkə rəhbərliyi tərəfindən həyata keçirilən işlərdən danışmışlar. Faciəni dünya tarixində baş verən ən dəhşətli faciə adlandırmışlar. Eyni zamanda 44 günlük Zəfər savaşından danışılmış,  qardaş Türkiyə dövlətinin Azərbaycana mənəvi dəstəyindən söz açılmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu tərəfindən Xocalı faciəsi ilə bağlı hazırladığı videoçarx təqdim edilmişdir.

Nəşr edilib : 25.02.2022 17:20