AZ EN RU

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov: “Gənclərimiz üçün böyük bir stimuldur, böyük bir motivasiyadır ki, onlar Ümummilli Liderimizin anadan olduğu yerdə oldular”

    Xəbər verdiyimiz kimi, avqustun 18-də Naxçıvanda Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin bağlanış mərasimi keçirilib. 
    Tədbirdən sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov düşərgənin təşkili, əhəmiyyəti, diaspor komitəsi tərəfindən reallaşdırılan layihələr, işlər barədə “Şərq qapısı” qəzetinə müsahibə verib: “Birincisi, bizə bu şəraiti yaratdıqlarına görə başda Prezidentimizin səlahiyyətli nümayəndəsi olmaqla Naxçıvan əhalisinə təşəkkür edirəm. Düşərgə müddətində elə gözəl əhvali-ruhiyyə var idi ki, hər gün gənclər yeni Naxçıvanı tanıyırdı, hər gün yeni məlumatlar alır, təəssüratlarını zənginləşdirirdilər. Eyni zamanda bildirmək istəyirəm ki, cənab Prezidentin verdiyi tapşırıqlar əsasında biz sistematik bir iş həyata keçiririk. Bu o deməkdir ki, təkcə 5 ildən sonra yox, 10 ildən, 15 ildən sonra biz bugünkü Yay düşərgəsinin bəhrəsini görəcəyik. Bizim diaspor hərəkatında yeni simalar yer alacaq, artıq bilikli, bacarıqlı, daha çox məlumat əldə etmiş indiki gənclərimiz növbəti illərdə peşəkar diaspor fəaliyyəti ilə məşğul olacaqlar.
    Fuad Muradov qeyd edib ki, Naxçıvanın xüsusi gözəlliyi, xüsusi gücü vardır. Ulu Öndər Heydər Əliyevin vətənidir. Hər bir guşədə Ulu Öndərin hələ Sovet İttifaqı zamanından dəstəyi, dəstxəti görünür. Bu gənclərimiz üçün böyük bir stimuldur, böyük bir motivasiyadır ki, onlar Ümummilli Liderimizin anadan olduğu yerdə oldular: – Bir həftə ərzində gənclər burada müxtəlif qonaqlarla tanış oldular, hər gün bizim yeni və təkrarolunmayan müzakirələrimiz aparıldı. Hər düşərgədə proqram yeni olur, heç vaxt təkrarçılığa yol verilmir. Bizim bir ümumi istiqamətimiz var ki, bu da ürəyimizdə olan, hər zaman qarşılarında baş əydiyimiz şəhid anaları, qazilərimizdir. Və hər yay düşərgəsinin xüsusi bir yerində onlarla bizim gənclər görüşür, fəxarət hisslərini çatdırırlar, onlar haqqında sonradan həm paylaşımlar edirlər, həm də ürək sözlərini yazırlar. Və həmin müzakirələrdə çox duyğulu anlar yaşanır. Eyni zamanda hər gün Azərbaycan dili dərsləri keçilir. Bunun üçün bizim peşəkar müəllimimiz var, hansı ki biz onun müəllifliyi ilə xüsusi olaraq xaricdə yaşayan azərbaycanlılar üçün dərsliklər çap etdirmişik. Artıq həmin vəsaitin ikinci cildi də hazırlanır. Və təbii ki, bizim diplomatlarımız, vaxtilə Ulu Öndər Heydər Əliyevlə birgə fəaliyyət göstərən insanlar da Naxçıvandakı müzakirələrə xüsusi maraq qatmışdır. Fürsətdən istifadə edib demək istəyirəm ki, böyük İrəvan nəslinin nümayəndəsi də Naxçıvanda idi. O, Naxçıvandan bütün dünyaya müraciət etdi ki, dağın o tayı onun vətənidir və o inanır ki, yaxın zamanda öz vətəninə qovuşacaq. Eyni zamanda Almaniyadan çox məşhur ədəbiyyatşünas, türkoloq Mixael Hess də buradaydı. Siz bilirsiz ki, o, Qarabağ tarixi haqqında almanca kitab yazıb. O kitab artıq bir neçə dilə tərcümə olunub, diaspor komitəsi də bu prosesdə yaxından iştirak edib. Ümumiyyətlə, düşərgə haqqında çox danışmaq olar. Bu düşərgənin əsas qayəsi ondan ibarət oldu ki, gənclər Naxçıvanı çox sevdi, Naxçıvanı çox bəyəndi və biz inanırıq ki, Naxçıvanda gedən bugünkü islahatlar yaxın zamanda çox böyük bəhrə verəcək.
    Fuad Muradov bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman gənclərə böyük diqqət ayırıb, dəstək verib: – Mən də o gənclərdən biri olmuşam və həm Ulu Öndər, həm də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən gənclər hərəkatının üzvü olaraq dəstək görmüşəm. Təbii ki, gənclərlə işləmək hər zaman xoşdur. Bilirsiniz ki, gəncliyin dövrü yoxdur, gəncliyin ancaq gələcəyə baxışı vardır və onlar hər zaman daha yaxşı, daha möhtəşəm işləri görmək arzusu ilə yaşayırlar. Bütün bu işlərdə gənclərə uğurlar arzulayıram.

 Nail ƏSGƏROV

Nəşr edilib : 18.08.2023 14:52