AZ EN RU

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov: “Naxçıvan nə qədər möhkəmdirsə, Azərbaycan da o qədər möhkəmdir”

    Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfransda iştirak etmək üçün Azərbaycan Respublikası Xarici İşlər Nazir­liyinin rəhbər heyəti Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Qonaqlar səfər çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzi, Dövlət Bayrağı Meydanı və Muzeyi, Möminə xatın türbəsi ilə də tanış olublar. Qonaqlar “Şərq qapısı” qəzetinə müsahibəsində səfər təəssüratlarını, Naxçıvanla bağlı fikirlərini bölüşüb.

    Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini: – İlk dəfə olaraq belə bir konfransı Naxçıvanda keçirməyi qərara aldıq. Bu, çox həssas mövzudur. Ümummilli liderin xatirəsi hər bir Azərbaycan vətəndaşı, dünya azərbaycanlıları üçün əzizdir. Çünki dahi şəxsiyyət müasir tariximizin yaradıcısıdır, dövlətimizin qurucusudur. Bu gün yaşadığımız həyat görkəmli siyasi xadimin qurub-yaratdığı dövlətçiliyin üzərində bərqərar olunub. Hər bir azərbaycanlı yaxşı dərk edir ki, ulu öndərin Azərbaycan siyasi tarixi üçün nə qədər böyük, misilsiz rolu, xidmətləri vardır. Zaman baxımından dünya şöhrətli siyasətçi Heydər Əliyev bizdən uzaqlaşsa da, mənəviyyat baxımından bizə daha da yaxınlaşır, daha da doğma, əziz olur. 
    Sual oluna bilər ki, niyə məhz bu konfrans Naxçıvanda keçirildi? Hamımıza məlumdur ki, ümummilli liderimiz Naxçıvanda doğulub, Onun ana Vətənidir Naxçıvan. Bu mənada, xarici işlər naziri Ceyhun Bayramov konfransın Naxçıvanda keçirilməsi təklifini verəndə nazirliyin bütün əməkdaşları bu addımı çox böyük həvəslə qarşıladılar. Bu həm də mənəvi bağlılığı daha da gücləndirməyə xidmət edir. Yaxşı bilirik ki, hər bir millətin öz milli ideologiyası olmalıdır. Bizim milli ideologiyanın yaradıcısı ulu öndər Heydər Əliyevdir. Bu ideologiyanın kökündə Azərbaycançılıq, Azərbaycanın bütövlüyü durur. Bu mənada, Azərbaycanın bütövlüyü üçün Naxçıvan hər zaman simvolik bir rəmz kimi qəbul olunmuşdur. Naxçıvan nə qədər möhkəmdirsə, Azərbaycan da o qədər möhkəmdir. Və bu baxımdan ən çətin dövrlərdə, vaxtilə torpaqlarımız işğal edilən zaman belə, Naxçıvanın duruş gətirməsi də Azərbaycanın duruş gətirməsi demək idi. Naxçıvan 2020-ci ildə 44 günlük müharibədə də ölkəmizin əldə etdiyi qələbənin rəhinlərindən biri kimi qəbul olunmalıdır. Bu diyar ən ağır dövrlər yaşasa da, heç zaman düşmənə boyun əymədi, məğlub olmadı, torpaqlarını qoruyub saxlaya bildi. Bu yurdun qəhrəman insanları bir qarış torpağın belə, ermənilərə güzəştə gedilməsinə imkan vermədilər. Bu, əlbəttə ki, çox böyük göstəricidir. Məhz bütün bu amillərə görə konfransın Naxçıvanda keçirilməsi bizim üçün mənəvi bir simvoldur. “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfransın təşkilində göstərdiyi böyük dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdar­lığımızı bildiririk.  Konfransın ideyası çox genişdir. Çünki ulu öndərin siyasi irsini biz gələcək nəsillərə ötürməliyik, çatdırmalıyıq, onu təbliğ etməliyik. Hər bir azərbaycanlı gənc bu ideyaları dərindən bilməlidir. Bildiyimiz kimi, biz ulu öndərin yolunun Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bugünkü uğurlara nail olmuşuq, torpaqlarımız işğaldan azad edilib, regionda söz haqqına sahibik. Torpaqlarımızın qaytarılması regionda böyük reallıqlar yaradıb, Azərbaycan artıq regionumuz üçün sülh gündəliyi təklif edib, Zəngəzur dəhlizinin açılması istiqamətində işlər gedir. Açılacaq yeni dəhliz, təbii ki, bütün kommunikasiya xətlərinin çəkilməsinə və Naxçıvanın quru yolla ölkəmizlə əlaqəsinə imkan verəcək ki, bu da qədim diyarın inkişafına daha da geniş şərait yaradacaq. 
    Onu da xüsusi qeyd edim ki, mən hər dəfə Naxçıvana gələndə burada çox müsbət dəyişikliklərin şahidi oluram. İnsanların əhvali-ruhiyyəsinin yüksək olduğunu görürəm. Hər yerdə təmizlik, qayda-qanun, səliqə-sahman diqqətimdən yayınmır. Hər gəlişimdə yeni yüksək faktlarla, abad, geniş yollarla qarşılaşıram. Bütün bunlar məni çox sevindirir. Naxçıvan Azərbaycanın tərkib hissəsi kimi çox sürətlə inkişaf edir. Muxtar respublika inkişaf etdikcə turizm imkanları da xeyli artır, insanlar daha çox üz tuturlar buraya. Əvvəllər daxili turizm daha çox yayılmışdısa, indi xaricdən də Naxçıvana üz tutanlar çoxdur. Bu gün gördüyümüz Duzdağ Fizioterapiya Mərkəzi dünyada məşhur bir sağlamlıq məkanıdır, unikal yerdir. Ümumiyyətlə, buraya səfərimiz çox yüksək səviyyədə keçdi, əhvali-ruhiyyəmiz əladır, ulu öndərimizin xatirəsini yad etdik. Fərəh hissi keçiririk ki, dahi siyasətçinin vaxtilə əsasını qoyduğu siyasi, iqtisadi proseslər bu gün öz bəhrəsini verir. Xüsusilə də Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət, onun quruculuq, həmrəyliyin, birliyin yaradılması istiqamətində apardığı fəaliyyət ölkəmizin bundan sonra da çiçəklənməsinə, qüdrətlənməsinə əsas yaradır. Arzu edirəm ki, Naxçıvanı hər dəfə daha da gözəl görək.

    Leyla Abdullayeva – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi: – Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nazirliyin rəhbər heyəti olaraq Naxçıvan şəhərinə səfərə gəldik. Səfərin əsas məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar dahi şəxsiyyətə doğma, əziz olan Vətənində onun xatirəsinin yad edilməsidir. Yüksək səviyyədə təşkilatçılıq baxımından seçilən, dərin elmi-nəzəri mahiyyət, mühüm siyasi dəyər kəsb edən konfransda çox hörmətli Ali Məclis Sədrinin, xarici işlər nazirinin çıxışlarını böyük maraqla dinlədik. Konfrans, həmçinin ulu öndərin özünün sevdiyi, dahi rəhbərə həsr olunmuş musiqi kompozisiyaları ilə davam etdi. Ümumiyyətlə, hesab edirik ki, bu gün ulu öndərin irsinin Azərbaycan xalqı, xüsusilə də gənc nəsil tərəfindən öyrənilməsi olduqca vacibdir. Bu irsin öyrənilməsi gələcək nəsillər üçün də böyük önəm kəsb edir. Bu mənəviyyat irsinin təbliği istiqamətində hər bir sahədə böyük diqqəti, önəmi görürük. 
    Onu da deyim ki, Naxçıvan şəhərinə səfərimiz kifayət qədər zəngin oldu. Səfər çərçivəsində keçirilən konfransda iştirakla yanaşı, şəhərin gəzməli-görməli yerlərinə qısa müddətdə də olsa, baş çəkmək imkanı qazandıq. Ümumiyyətlə, bu mənim və konfransda iştirak edən bir sıra nümayəndələrin Naxçıvana ilk səfəridir. Hesab edirəm ki, Azərbaycanın bu dilbər guşəsi həm gözəlliyi, həm tarixi abidələrlə zənginliyi, şəhərin özünün cəlbediciliyi, səliqəsi ilə ilk baxışdan adamı valeh edir. Öndə gələn ən diqqətçəkici məqam isə buradakı insanların qonaqpərvərliyidir. Ümumiyyətlə, Azərbaycanımız qonaqpərvərdir, ancaq Naxçıvanın özünəxas qonaqpərvərliyini xüsusilə qeyd etmək istərdim. Bir sözlə, bu səfəri çox yüksək qiymətləndiririk. 

Nail ƏSGƏROV

Nəşr edilib : 07.05.2022 19:31