AZ EN RU

Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Heydər Əliyev ili” ilə əlaqədar Naxçıvanda silsilə tətdbirlər keçirəcək

Anar Bağırov: “Naxçıvan Muxtar Respublikasında da vəkillik sahəsində islahatlar aparılacaq, vəkillərin sayı artırılacaq, insanlara yüksək keyfiyyətli hüquqi yardım göstəriləcək”

Martın 9-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Heydər Əliyev İli” ilə bağlı görüləcək işlər üzrə Tədbirlər Planına uyğun olaraq Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Qonaqlar əvvəlcə Azərbaycan xalqının Ümummilli  Lideri, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib, Azərbaycanda demokratik hüquqi dövlət quruculuğunun müəllifi olan Ulu Öndərin  əziz xatirəsinə ehtiramlarını bildirib, abidə önünə tər güllər düzüblər.

"Son illər ərzində ölkəmizdə vəkillik institutu inkişaf edir. Vəkillik sahəsində mühüm islahatlar aparılır".

Bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvan Muxtar Respublikasına səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Naxçıvanda da vəkillik sahəsində islahatlar aparılacaq. "Vəkillərin sayı artırılacaq. İnsanlara yüksək keyfiyyətli hüquqi yardım göstəriləcək. Biz Naxçıvana səfər çərçivəsində bir sıra görüşlər keçiririk. O cümlədən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşümüz oldu. Vəkilliyin inkişafı ilə bağlı müzakirə apardıq. Eyni zamanda bizim Naxçıvan vəkilləri ilə də tədbirlərimiz, görüşlər nəzərdə tutulub. Burada vəkilliyin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparacağıq. Məqsədimiz odur ki, Naxçıvanda da mütəmadi olaraq vəkilliyə qəbul aparılsın, gənc hüquqşünaslar vəkilliyə cəlb olunsun", - deyə A.Bağırov qeyd edib.

Sədr deyib ki, səfər çərçivəsində Naxçıvan Dövlət Univesiteti ilə memorandum imzalanacaq: "Univesitetin Hüquq fakültəsi ilə bağlı da geniş tədbirlər planımız nəzərdə tutulub. Bu fakültəyə dəstək göstərmək istəyirik. Bizim bu sahədə geniş təcrübəmiz var. Ölkənin bütün ali təhsil ocaqlarındakı Hüquq fakültələri ilə sıx əməkdaşlıq edirik. Çox şadam ki, artıq bu sırada Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsi də olacaq".

A.Bağırov sabahdan etibarən Naxçıvanda ödənişsiz hüquqi yardım aksiyalarının keçiriləcəyini bildirib: "2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar hər ay Naxçıvanda vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyaları keçiriləcək. Fürsətdən istifadə edib Naxçıvan sakinlərini bu aksiyada fəal iştirak etməyə dəvət edirəm. Ümid edirəm ki, aksiyaya böyük maraq olacaq. Sabah isə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək. Bir sıra qurumların nümayəndələrinin iştirakı ilə Naxçıvanda və ümumən ölkədə vəkillik sahəsində mövcud olan problemləri müzakirə edəcəyik. Biz bu problemlərin aradan qaldırılmasını və bütün vətəndaşların keyfiyyətili hüquqi yardıma çatımlığının təmin olunmasını məqsəd kimi qarşıya qoymuşuq".

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında vəkillərlə görüş keçirilib. Görüşdə Naxçıvanda vəkillik sahəsində yaranan problemlər müzakirə olunub.

"Biz həmişə Naxçıvan vəkilliyini və onun problemlərini diqqətdə saxlamışıq. Naxçıvandakı həmkarlarımıza dəstək göstərməyə hər zaman hazırıq". "Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvləri ilə görüşündə deyib. O bildirib ki, Naxçıvanda vəkilliyin inkişafı üçün mühüm islahatların aparılması nəzərdə tutulur. 

"İlk növbədə burada vəkillərin sayının artmasına ciddi ehtiyac var. Hazırda Naxçıvanda 16 vəkil fəaliyyət göstərir ki, bu da çox aşağı göstəricidir. Burada yeni vəkil qurumları yaradılmalı, eyni zamanda fərdi vəkillərin fəaliyyəti üçün şərait olmalıdır. Vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlığının təmin olunmasl üçün vəkillərin sayının kifayət qədər olması mühüm məsələlərdəndir. Bilirsiniz ki, ölkəmizdə vəkillərin sayının artırılması üçün böyük işlər görümüşük və ciddi irəliləyiş əldə etmişik. 5 il əvvəl ölkədə təxminən 850 vəkil var idisə, bu gün bu rəqəm 2300-ü keçib. Həqiqətən də çox yaxşı göstəricidir. Ümid edirəm ki, ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvanda da bu sahədə irəliləyiş əldə edəcəyik", - deyə sədr qeyd edib.

A.Bağırov deyib ki, Naxçıvan səfəri vəkilliyin inkişafı baxımından çox məhsuldar olacaq: "Biz burada mühüm görüşlər keçiririk. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşümüz oldu. Bir sıra məsələləri müzakirə etdik və fikir mübadilələri apardıq. Bu gün, həmçinin Naxçıvan Dövlət Universitetnin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin kollektivi ilə görüşəcəyik. Biz bu fakültə ilə əməkdaşlıq etmək niyyətindəyik. Çünki hesab edirəm ki, gənc hüquqşünasların yetişməsində vəkilliyin xüsusi rolu olmalıdır".

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olublar. Qonaqları salamlayan rektor Elbrus İsayev Universitetin fəaliyyəti, aparılan islahatlar haqqında geniş məlumat verib. O bildirib ki, hazırda Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsində 514 tələbə təhsil alır. Vəkillər Kollegiyası ilə əməkdaşlığı yüksək qiymətləndirən rektor imzalanacaq memorandumun tələbələrə böyük fayda verəcəyini qeyd edib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə çıxışında deyib ki, ölkəmizdə Naxçıvan Dövlət Universiteti kimi qabaqcıl təhsil ocaqlarının fəaliyyət göstərməsi sevindirici haldır: "Hesab edirəm ki, Naxçıvan Dövlət Universitetinin fəaliyyəti həqiqətən örnəkdir. Çünki universitetin tələbələri həmişə yaxşı nəticələr göstərib. Azərbaycan vəkilləri arasında da xeyli sayda Naxçıvan Dövlət Universitetinin məzunları var". Sədr qeyd edib ki, Vəkillər Kollegiyası Azərbaycanda fəliyyət göstərən bütün ali təhsil müəssisələri ilə əməkdaşlıq edir, onların fəaliyyətinə dəstək göstərir: "Digər universitetlərlə imzaladığımız memorandumlara əsasən, biz tələbələrin özünü inkişaf etdirməsinə, müxtəlif müsabiqələr, yarışlar vasitəsilə təhsillərini daha da təkmilləşdirməsinə dəstək oluruq. Hesab edirəm ki, bugünkü memorandum da tələbələrin qarşısında yeni imkanlar açacaq". Sonra Kollegiyanın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb. Daha sonra əməkdaşlıq haqqında memorandum imzalanıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 09.03.2023 09:48