AZ EN RU

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə kollegiya iclası keçirilib

    İclası giriş sözü ilə açan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində görülən işlərdən və qarşıya qoyulan hədəflərdən danışıb. Bildirilib ki, son illərdə nazirliyin müxtəlif fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlər təkmilləşdirilib, bir sıra yeniliklər tətbiq edilib. Nazir muxtar respublikada əhalinin sosial müdafiəsi sahəsində görülən işləri yüksək qiymətləndirib, bu sahədə qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. 
    Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial siyasət modeli bu gün Naxçıvanda uğurla davam etdirilir. Muxtar respublikada əmək resurslarından səmərəli istifadə olunur, əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər icra edilir, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında şəhid ailələri və müharibə zamanı sağlamlıq imkanlarını qismən itirmiş şəxslər mənzil və avtomobillərlə təmin olunur, müharibədən zərərçəkmiş şəxslərin məşğulluq məsələlərinin həlli diqqətdə saxlanılır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı əsasında yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu tərəfindən müvafiq kateqoriyadan olan ailələrin mənzil-məişət şəraiti yaxşılaşdırılır, həmçinin muxtar respublikadan kənarda müalicə alanların xərcləri qarşılanır, kredit borcları və təhsil haqları ödənilir. Müharibə iştirakçıları zəruri hallarda reabilitasiya vasitələri ilə təmin edilir, onlara psixoloji xidmətlər göstərilir.
    İclasın davamında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov və Naxçıvan Muxtar Respublikası “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədri Rasim Bağırov ilin ötən dövrü ərzində görülmüş işlər haqqında məlumat veriblər.
    Kollegiya iclası nazirliklərin strukturuna daxil olan müxtəlif qurumların rəhbərlərinin hesabat dövrü ərzində görülmüş işlərə dair çıxışları ilə davam etdirilib, müvafiq dövrə aid statistik göstəricilər slaydlarla nümayiş etdirilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onlayn şəkildə müzakirələrdə iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Əmək və 
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.09.2022 21:42