AZ EN RU

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən “Heydər Əliyev İli” ilə bağlı silsilə tədbirlər davam etdirilir

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Dövlət Universitetinin birgə təşəbbüskarlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Maliyyə savadlılığı layihəsi” çərçivəsində “Açıq bankçılıq” mövzusunda təlim

23 oktyabr tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Dövlət Universitetinin birgə təşəbbüskarlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Universitetin müəllim və tələbə kollektivi üçün “Maliyyə savadlılığı layihəsi” çərçivəsində “Açıq bankçılıq” mövzusunda təlim keçirilmişdir.

Təlimi giriş sözü ilə universitetin rektoru, dosent Elbrus İsayev açaraq bu tip silsilə tədbirlərin keçirilməsinin tələbələr üçün xüsusi əhəmiyyətə malik olduğunu vurğulamış, müasir bank məhsul və xidmətlərinə günümüzdə böyük kütlə tərəfindən maraq göstərilməsinin mövcud sahədə baş verən innovativ inkişafın bariz nümunəsi olduğunu bildirmişdir.

Sonra Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev təlimin əsas məqsədinin region əhalisi arasında bank məhsul və xidmətləri ilə bağlı əməliyyatlarda daha çevik və düzgün qərarların verilməsini dəstəkləmək və onlarda yenilikçi bank sektoruna inamı gücləndirməkdən ibarət olduğunu bildirmişdir.

Daha sonra videobağlantı ilə tədbirə qoşulan Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Fərid Osmanov və “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin sədri Ruslan Talıbov qarşılıqlı əməkdaşlıq çərçivəsində bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirdiyini söyləmiş və regionda əhalinin bank savadlılığının artırılması istiqamətində marifləndirici seminar və tədbirlərin keçirilməsinə bundan sonra da müvafiq dəstəyin göstəriləcəyini bildirmişdir.

          İdarənin əməkdaşları tərəfindən fintex anlayışı və təkamülü, onun formaları, açıq bankçılıq və onun üstünlükləri, kibergigiyena qaydaları və s. mövzular elektron slaydlarla tədris olunmuş, sonda iştirakçılar arasında oyun əsaslı tədris platforması olan “Kahoot” sistemi vasitəsilə yarış keçirilmiş, qalib şəxslərə hədiyyələr təqdim edilmişdir.

Sonda Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə savadlılığı şöbəsinin rəisi Xumar Hüseynova Mərkəzi Bank tərəfindən "Maliyyə savadlılığı" layihəsi çərçivəsində hazırlanmış resurslar barədə auditoriyanı məlumatlandırmış və tələbələri maraqlandıran sualları cavablandırmışdır.

Nəşr edilib : 25.10.2023 10:41