AZ EN RU

Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib

    İyulun 5-də Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana səfər edib.
    Qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
    Sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisində AZPROMO nümayəndələri ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli arasında görüş keçirilib. Görüş zamanı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayan Fuad Nəcəfli bu istiqamətdə artıq alt tədbirlər planının formalaşdırılmağa başlanıldığını qeyd edib. Bildirib ki, yaxın gələcəkdə Naxçıvan iqtisadiyyatında yeni dəyərlər yaradılacaq. 
    Görüş zamanı Naxçıvanda istehsal olunan məhsulların ixrac potensialından, “Orqanik Naxçıvan” brendi altında məhsulların istehsalı, emalı, tədarükü və ixracı istiqamətində görüləcək işlərdən bəhs olunub.
    Sonra AZPROMO-nun nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşü olub. Görüşdə Naxçıvanın ixrac potensiallı məhsullarının keyfiyyətinə əminlik ifadə olunub. AZPROMO-nun dəstəyi ilə bu məhsulların təbliği istiqamətində işlərin görülməsinin vacibliyi vurğulanıb.
    Daha sonra Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən, ixrac potensiallı məhsul istehsal edən sahibkarlar və investorlarla görüş olub.
    Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev vurğulayıb ki, AZPROMO-nun dəstəyi ilə Naxçıvanda fəaliyyət göstərən sahibkarların ölkəmizin digər bölgələrində və xaricdə keçirilən biznes forumlarda iştirakının təmin edilməsi və həmin forumlarda istehsal etdiyi məhsulların təqdimatını həyata keçirməsi sahibkarlıq əlaqələrinin genişləndirilməsinə gətirib çıxaracaq.
    AZPROMO-nun icraçı direktorunun vəzifələrini müvəqqəti icra edən Yusif Abdullayev Naxçıvanda AZPROMO-nun nümayəndəliyinin yaradılmasının vacibliyini vurğulayaraq bildirib ki, Naxçıvanda istehsal olunan məhsulların ölkə bazarlarında satışının təmin edilməsi üçün logistika subsidiyalarının ayrılması nəzərdə tutulub.
    Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov və İqtisadiyyat Nazirliyinin şöbə müdiri Orxan Abidinov yerli məhsulların bir çox beynəlxalq sərgilərdə nümayiş olunmasında, ixracın təşviqində və investisiyaların cəlbində AZPROMO-nun dəstəyini yüksək qiymətləndiriblər.
    Sonra AZPROMO-nun icraçı direktorunun müşaviri Tural Hacılının AZPROMO-nun həyata keçirdiyi dəstək mexanizmləri haqqında təqdimatı nümayiş olunub.
    Daha sonra sahibkarlar və investorlarla mövzu ətrafında müzakirələr aparılıb, onların təklifləri dinlənilib.

 “Şərq qapısı”

Nəşr edilib : 05.07.2023 12:02