AZ EN RU

Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, onun birinci müavini Nigar Bayramova, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxovun iştirakı ilə baş tutan  tanışlıq prosesində qonaqlara  ali təhsil müəssisəsinin Tibb fakültəsi haqqında məlumat verilib. Bildirilib ki, 20 ildən artıq təcrübəsi olan fakültənin fəaliyyətinə mütəmadi olaraq dövlət dəstəyi göstərilir. Bu gün Tibb fakültəsi üçün ayrıca bina və xəstəxananın mövcudluğu bu sahədə peşəkar kadr hazırlığına öz töhfələrini verməkdədir. Eyni zamanda tibbi kadrların hazırlığı üçün xarici universitetlərlə geniş əlaqələr, təcrübə mübadilələri, universitetin beynəlxalq layihələrdə iştirakı qonaqların diqqətinə çatdırılıb. Qeyd edilib ki, müasir avadanlıqlarla zəngin laboratoriyalarının qurulması fakültənin tədris imkanlarını daha da artırır. Vurğulanıb ki, Tibb fakültəsinin məzunları nəinki Naxçıvanda hətta onun hüdudlarından kənarda – Amerika Birləşmiş Ştatları, Braziliya, İspaniya, Almaniya, İtaliya, Türkiyə və digər ölkələrdə təhsillərini davam etdirərək muxtar respublika səhiyyəsinin inkişafında mühüm rol oynayırlar.

Qonaqlar fakültədə fəaliyyət göstərən kitabxana, kompüter otağı, histologiya, anatomiya, fizioterapiya, patalogiya, stomatoloji simulyasiya, əczaçılıq simulyasiya kabinələri, kimya, fiziologiya və stomatoloji texniki laboratoriyaları ilə tanış olublar.

  Məmmədbağır Dünyamalıyev

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsinini əməkdaşı

Nəşr edilib : 22.02.2023 16:58