AZ EN RU

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində tədbir keçirilib

İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində tədbir keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətinin 20 illiyi Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. İqtisadi siyasətin mərkəzində hər zaman Azərbaycan insanı dayanmış və iqtisadiyyatın sosial yönümlülüyünə böyük əhəmiyyət verilmişdir. Ölkə başçısının qərarları nəticəsində iqtisadiyyatın tam liberallaşması, qeyri-neft sektorunun dayanıqlılığının təmin edilməsi və dövlət büdcəsində vergi daxilolmalarının artırılması və nəhayət, iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olunması istiqamətində ciddi addımlar atılıb. Özəl sektorun inkişafını strateji anlamda dəstəkləyən islahatlar məhz prezidentin rəhbərliyi ilə reallaşmaqdadır. Prezidentin imzaladığı fərman və sərəncamlar iqtisadiyyatın şaxələnməsini genişləndirməklə yanaşı, həmin hədəflərin reallaşmasında mühüm mərhələ olmuşdur. Azərbaycan bir sıra sahələr üzrə idxaldan asılı ölkə statusundan ixrac edən ölkə statusuna keçmişdir.

Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət olaraq beynəlxalq nüfuzunun möhkəmlənməsinə nail olub. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Dövlətimizin başçısı torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası, ölkənin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi yolunda qətiyyətlə çalışaraq, həmçinin xalqımıza böyük qürur bəxş edən son hadisələr Vətən Savaşında əldə olunan Zəfərdən sonra aparılan hərbi-siyasi proseslərin, yenə də məhz möhtərəm Prezidentimizin Dəmir yumruğ"unun qəti qələbəsidir. 30 ildən sonra Azərbaycan Bayrağının işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə dalğalanmasına nail olub. Hazırda Prezidentin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri uğurla davam etdirilir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşması prosesi həyata keçirilir. Prezidentin dövlətimizə və xalqımıza, eləcə də dünyada sülhün təmin olunmasına verdiyi töhfələr, bəxş etdiyi tarixi nailiyyətlər, zəfərlər əsrlər boyu yaşayacaq və Azərbaycanın əbədi intibahının mükəmməl təməli olacaqdır.

Nəşr edilib : 19.10.2023 20:35