AZ EN RU

Azərbaycan Respublikası Energetika nazirinin müavini Elnur Soltanov: “Naxçıvan kifayət qədər uğurludur və burada suyun bol olduğu illərdə bərpa olunan enerji göstəricisi 50 faizə qədər çıxırdı. Bu təcrübənin varlığı gələcək planları sürətlə və effektiv şəkildə həyata keçirməyimiz üçün də bir zəmin yaratmış olacaq”

Azərbaycan Respublikası Energetika nazirinin müavini Elnur Soltanov “Şərq qapısı” qəzetinə müsahibəsində “Bakı Enerji Həftəsi-2023” çərçivəsində “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiyanın, imzalanan memorandumların əhəmiyyəti, Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi yönündə görüləcək işlər barədə danışıb: Ənənəvi “Bakı Enerji Həftəsi”nin son və ən əhəmiyyətli günü Naxçıvanda keçirilir. Və bu əslində həftənin simvolik, məntiqi nəticəsidir. Bizi bura gətirən bəlkə də tarixin gücləridir. Çünki “Bakı Enerji Həftəsi”nin varlığı, bütün bu şirkətlərin Azərbaycana marağı, bizdə olan enerji layihələrinin mövcudluğu Ulu Öndər Heydər Əliyevin əsəridir. 1994-cü ildə, o çətin şəraitdə imzalanan “Əsrin müqaviləsi” olmasaydı, daha sonra Bakı-Ceyhanın təməlləri atılmasaydı, heç bir digər enerji proyekti mümkün olmazdı. Və bunu bütün səmimiyyətimlə və necə deyərlər, akademik bir sahədən gələn, universitet, elmi araşdırma istiqamətində işləmiş, bu mövzularda araşdırmalar aparmış insan kimi deyirəm. Bildiyiniz kimi, Ulu Öndərin verdiyi təkan daha çox neftlə əlaqədar idi. Və möhtərəm cənab Prezident İlham Əliyev 2000-ci illərdə neftlə başlayan bu təkanı təbii qazla davam etdirdi. Bu enerji sahəsində ikinci dalğa idi. İkinci dalğa hələki böyüyərək davam edir. Azərbaycan dövləti birinci dalğada demək olar ki, mövcud surəti saxlamaqla məşğuldur. İkinci dalğa-qaz dalğası yüksələrək və güclənərək davam edir. Bunun da əsasında bilirsiniz ki, Avropa İttifaqına xüsusi olaraq tədarük edilən qazın həcminin iki dəfə artırılması dayanır. Üçüncü nəhəng dalğa isə “yaşıl enerji” dalğasıdır və dediyim kimi bunun təməli doğurdan da 1994-cü ildə axtarılmalıdır. 1994-cü ildə birdən-birə ortaya çıxmış hadisə deyil, bütün əməyin, zəhmətin, risklərin nəticəsi olaraq ortaya çıxmışdır. Və imzalanma ilə də hər şey qurtarmadı. İmzanın həyata keçirilməsi bəlkə də imzanın atılmasından da daha çətin idi. Və bu gün biz onun bəhrələrini toplayırıq. İndi Azərbaycan dövlətinin məmurları, energetiklər üçün işlər daha da sadələşib. Çünki bilirsiniz ki, cığır neftlə açıldı, həmin cığır təbii qazla yola çevrildi və indi yolda hərəkət etmək çox asandı. Artıq necə deyərlər, uyğun şərait yaradılıb.

Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi məsələsinə xüsusi toxunan Elnur Soltanov vurğuladı ki, “yaşıl enerji”də Naxçıvanın xüsusi əhəmiyyəti vardır, xüsusi mövqeyi vardır. Birinci onunla əlaqədardır ki, cənab Prezident işğaldan azad olunmuş ərazilərdən sonra buradakı uğurları görərək Naxçıvanın da “yaşıl enerji” zonası elan edilməsi tapşırığını verdi. Bununla burada işlərə başlanılıb. Bildiyiniz kimi, Energetika Nazirliyində bütün qurumlar cəlb olunaraq, Naxçıvan rəhbərliyinin uyğun gördüyü mütəxəssislər də dəvət edilərək işçi qrupu yaradıldı. Biz qısa və uzun dönəmli plan hazırladıq. Qısa dönəmdə reabilitasiya və Naxçıvanda enerji təhlükəsizliyini təmin edəcək bütün işlərin görülməsi üçün artıq siyahı hazırlanıb hökumətə təqdim edilmək üzrədir. Uzun dönəmdə isə “yaşıl enerji” zonası tərkibində nələri edə bilərik məsələləri üçün artıq texniki tapşırıq hazırlanır və yaxın vaxtlarda məsləhətçi şirkət işə alınacaq. Burada məqsəd nədir? Naxçıvan Azərbaycanda radiasiya nöqteyi-nəzərindən ən yaxşı ərazidir. Yəni, günəş radiasiyasının ən yüksək olduğu yer Naxçıvandır. Dünyadakı ən yaxşı ərazilərlə müqayisə olunacaq şəkildədir. Külək kifayət qədər güclüdür. Ən azından 1500 meqavatlıq potensialın varlığından danışa bilərik. Müqayisə üçün deyim ki, hazırda Naxçıvanda bütün qoyuluş gücü 250 meqavatdır və hətda bir köhnə stansiyanı saymasaq 180 meqavatdır. 180 meqavata qarşı biz bundan on dəfə çox “yaşıl enerji” potensialını reallaşdırmaq planımız vardır. Naxçıvan üçün bu həddindən artıq böyük bir miqdardır. Nəyə görə bunu edirik. Çünki Naxçıvan Azərbaycanın yeganə regionudur ki, Türkiyə ilə birbaşa əlaqəsi vardır. Bilirsiniz ki, Gürcüstan üzərindən “Azərenerji” Türkiyəyə ixrac həyata keçirir. Amma həm məsafənin böyüklüyü həm ortada bir dövlətin varlığı, onun şərtləri istər-istəməz kar marjını azaldır. Ancaq birbaşa Türkiyə bazarına çıxış daha böyük üstünlük qazandırır. Türkiyə bilirsiniz ki, Avropa enerji sisteminə inteqrasiya olunmuş bir bazardır. Beləliklə oradan da Avropa bazarına çıxış bizim kar marjımızı daha da böyüdəcək və Naxçıvan spesifik olaraq buradan əminik ki, böyük yararlar təmin edəcək. İkinci də əlbətdə ki, hazırda Naxçıvanda blokada şəraiti davam edir, ancaq Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Biz bütün hallarda Zəngəzur dəhlizinin varlığı və hətda burada məsələlər ortaya çıxarsa müxtəlif ssenarilər üzərində həmin “yaşıl enerji” zonası tədbirlər planını hazırlayacağıq. Ona görə ümidlərimiz böyükdür. Və Naxçıvana əgər ayrıca olaraq baxsaq burada Günəş enerji stansiyaları 39 meqavatdır. Yəni, ümumi gücə baxanda Naxçıvanın illik ortalama enerji istehlakı 60 meqavatdır. Belə bir yerdə günəşin 39-40 meqavat ətrafında olması çox irəli göstəricidir, bunun idarə edilməsi kifayət qədər çətindir və Naxçıvan energetiklərinin artıq bu sahədə atdıqları addımlar bizə göstərir ki, bu nisbəti daha da böyütmək olar, bunu da edəcəyik. Və eyni zamanda da Naxçıvanın özünəməxsus xüsusiyyətlərindən biri su qaynaqlarıdır. Düzdür hazırda quraqlıq şəraitidir, amma su qaynaqlarının varlığı böyük amildir. Ümumiyyətlə Türkiyə bazarından, İranda elektrik enerjisinə ehtiyacın çox böyüklüyündən, birbaşa çıxışın olmasından, Naxçıvanda təcrübənin mövcudluğundan, su ehtiyyatlarının kifayət qədər böyüklüyündən, küləyin, günəşin varlığından biz çox gözəl bir biznes modeli düzəldə biləcəyimizdən əminik. Bunun da artıq uğur qazanacağı şübhəsizdir. Hazırda Naxçıvanda bu gün görülən işlərin gətirdiyi bəhrələr gələcək uğurumuzun qarantiyası olaraq ortaya çıxmaqdadır.

Elnur Soltanov “Bakı Enerji Həftəsi” çərçivəsində imzalanan memorandumların əhəmiyyətindən söhbət açaraq dedi ki, xarici şirkət nümayəndələri ilə ümumilikdə 4 memorandum, müqavilə imzalandı. İmzalanan müqavilələr arasında spesifik olaraq 650 meqavatlıq nəzərdə tutulan Naxçıvana aiddi. Hamısının günəş enerjisi olması planlaşdırılır. Biz Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi ilə görüşdük, söhbət etdik, çox sağ olsunlar məsələyə xüsusi diqqət yetirirlər. Günəş elektrik stansiyasının qurulmasında əsas amil torpaq ayrılması məsələsidir ki, bu kifayət qədər mürəkkəbdir, vaxtalıcıdır. Naxçıvanda o məsələ sürətli şəkildə həll olunduğuna görə mənə elə gəlir ki, burada işlər çox surətlə aparılacaq. Amma ikinci əsas məsələ isə, adətən sənayə miqyaslı günəş elektrik stansiyalarının tikilməsinin 2 il vaxt almasıdır. Belə ki, yekun investisiya qərarı verildikdən sonra FİD iki il vaxt alır. Ancaq o qərarın verilməsinə qədər bizi hələlik nə əngəlləyir? Əlbətdə ki, müqavilələr imzalanmalıdır. Amma Naxçıvan sistemi özü balaca olduğuna görə bu qədər böyük güclərin sistemə inteqrasiyası çox ciddi mühəndis araşdırmaları tələb edir. Onu da əgər əlavə etsək mənə elə gəlir ki, yəqin, söhbət 2 il yarım və ya 3 il zaman dilimindən gedir. Çünki bu nəhəng sahələrdir. Bilirsiniz ki, 650 meqavatlıq günəş elektrik stansiyası hardasa 1500 hektar ərazini əhatə edir, yəni nəhəng bir yatırımdır. Bu təqribən yarım milyard dollardan çox yatırım deməkdir. Və bütün bunların həyata keçirilməsi üçün çox ciddi araşdırmalara ehtiyac vardır. Yəni, dediyim kimi, iki ilin üzərinə əlavə olaraq bir və ya iki il gəlməliyik ki, müqavilələr və araşdırmalar da tamamlansın. Amma çox gələcəyə getməyə ehtiyac yoxdur, Naxçıvanın hazırda bərpa olunan sahədə böyük təcrübə potensialı vardır. Misal üçün Almaniya kimi ölkə bərpa olunan mənbələrdən 40 faiz enerji alır, Naxçıvanda bu göstərici 33 faizdir. Əlbətdə ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir, amma bütün hallarda ayrıca bölgə kimi baxanda nisbət olaraq Naxçıvan kifayət qədər uğurludur və mənim yadımdadır suyun bol olduğu illərdə bu göstərici 50 faizədək çıxırdı. Bu təcrübənin varlığı mənə elə gəlir ki, gələcək planları sürətlə və effektiv şəkildə həyata keçirməyimiz üçün də bir zəmin yaratmış olacaq.

Nail ƏSGƏROV

 

Nəşr edilib : 03.06.2023 18:15