AZ EN RU

Azərbaycan Respublikası Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Naxçıvan Dövlət Universitetində olub

Azərbaycan Respublikası Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirib.  Universitetin rektoru Elbrus İsayev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva və  Elm və təhsil nazirinin müavinini salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu bildirib.

 Elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Naxçıvanda olmaq bizim üçün olduqca fərəhverici bir hissdir. Ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən söz açan Firudin Qurbanov Azərbaycan gənclərini müasir dövrümüzün inkişaf etmiş qüvvəsi kimi xarakterizə edib. Bildirilib ki, dünyada 4-cü sənaye inqilabının yaratdığı yeni növ rəqabətə hazır olmaq üçün hər bir ölkə yüksək rəqabətli insan kapitalını formalaşdırmalıdır.

Nazir müavinin sözlərinə görə, hər bir ölkənin uğurlu gələcəyi onun etibar etdiyi gənclərin intellektual səviyyəsindən və potensial kadr kimi formalaşmasından asılıdır.  Müasir dövrdə insan kapitalının formalaşmasında təhsilin, bilik və bacarıqların rolundan danışan Elm və təhsil nazirinin müavini karyeranın düzgün seçimi ilə bağlı tövsiyələrini çatdırıb.  Firudin Qurbanov bildirib ki, peşə seçimi zamanı hər kəs öz istedadını və hansı sahəyə marağı olduğunu nəzərə almalıdır. 44 günlük Vətən müharibəsində qazanılan qələbəni diqqətə çatdıran Firudin Qurbanov əlavə edib ki, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi təhsil sisteminin qarşısında duran prioritet vəzifələrdəndir.  

Nazir müavininin sözlərinə görə, ali təhsil müəssisələri təkcə bilik və bacarıqlara deyil, həm də müxtəlif insani keyfiyyətlərə, qabiliyyətlərə malik insan yetişdirməlidir ki, onlar cəmiyyətə fayda versinlər. Firudin Qurbanov gənclərin mühüm mədəni-kütləvi, incəsənət tədbirlərinə, intellektual oyunlara, idman yarışlarına cəlb olunmasının vacibliyini qeyd edib. Görüşdən məmnun ayrılan Firudin Qurbanov tələbələrə uğurlar arzulayıb. 

Səadət Əliyeva NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr

bölməsinin müdiri

Nəşr edilib : 20.04.2023 10:59