AZ EN RU

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov: “Ulu Öndər Heydər Əliyevin diaspor quruculuğu sahəsində həyata keçirilən hər bir tədbir böyük bir istiqamətdir”

 

    Xəbər verdiyimiz kimi, avqustun 12-də Naxçıvanda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev – 100” tədbirləri çərçivəsində keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsi başlayıb. Avqustun 18-dək davam edəcək düşərgədə 53 ölkədən gəlmiş 100-dən artıq gənc iştirak edir. İlk gün gənclər Heydər Əliyev Muzeyində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq və Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi olub, muxtar respublikanın dövlətçilik tarixi, mədəni inkişafı barədə zəngin məlumatlar əldə ediblər. 
    Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov düşərgənin təşkili, əhəmiyyəti barədə müsahibə verib: – Möhtərəm cənab Prezidentin Sərəncamı ilə bu il Ulu Öndər Heydər Əliyevin 100 İlliyini qeyd edirik. Bu hər bir azərbaycanlı üçün çox vacib, həyatında iz qoyan bir tarixdir. Buna görə də qərara gəldik ki, ən böyük layihələrdən biri olan “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsini məhz Naxçıvanda həyata keçirək və çox gözəl oldu ki, bu təşəbbüsümüz reallığa çevrilir. 50-dən çox ölkədən 100-dən çox iştirakçı gəlib gözəl Naxçıvanı görür. Ümumiyyətlə, Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyevin, Naxçıvanın xüsusi rolu var. Azərbaycanın müstəqil, güclü olmasında Ulu Öndər Heydər Əliyevin məhz Naxçıvanda imzaladığı qərarlar və fərmanlar bu gün bir çox istiqamətlərdə bəhrəsini verir. Bu sərəncamlardan biri də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür ki, biz hər il dövlət səviyyəsində qeyd edirik. O günün təsis olunması da məhz Naxçıvanda baş tutub. Azərbaycan bayrağının ilk dəfə Naxçıvana gətirilməsi, gənclər siyasəti ilə bağlı, eyni zamanda diaspor quruculuğu istiqamətində atılan tarixi addımlar dediklərimizə sübutdur. Bilirsiniz ki, Naxçıvan həm də Şərqə qapıdır və dahi rəhbər Heydər Əliyev bütün səfərlərində məhz diaspor nümayəndələri ilə görüşüb. Biz də Diasporla İş üzrə Dövlət Komitəsi kimi möhtərəm cənab Prezidentin tapşırığını icra edərək müxtəlif sahələrdə, o cümlədən gənclərin diaspora qoşulması istiqamətində də işlər görməyə çalışırıq. Bildirmək istəyirəm ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyeva tərəfindən artıq neçə illərdir, müxtəlif sahələrdə, o cümlədən gənclər sahəsində də ciddi tədbirlər həyata keçirilməkdədir. “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsini də Heydər Əliyev Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi ilə birgə həyata keçiririk. Onu da bildirmək istəyirəm ki, artıq ilk gündən bizim gənclərimiz Naxçıvanda olan bu gücü, dəyişiklikləri hiss edirlər. Çox şadam ki, bir həftə ərzində bizim gənclərimiz Azərbaycan dili, Azərbaycan milli adət-ənənələri haqqında məlumat alacaq. Eyni zamanda müxtəlif səpkidə təlimlər keçəcəklər ki, gələcəkdə bizim diaspor gənclərimiz əsas, ideal diaspor işinə qoşula bilsin. Bu gün bizə bu şərait yaradıldığı üçün Naxçıvan Muxtar Respublikası Azərbaycan  Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə, bizə böyük dəstək olanlara təşəkkür edirəm.
    Onu da qeyd edim ki, düşərgə çərçivəsində bizim xüsusi bir neçə panelimiz olacaq. Həmin panelə Ulu Öndər Heydər Əliyevlə çalışmış insanlar dəvət olunub. Tanınmış dövlət və siyasət xadimləri Həsən Həsənov, Vilayət Quliyev, akademik Rəfael Hüseynov... Onlar hamısı burada bizimlə birlikdə olacaqlar. Eyni zamanda biz hər gün Ulu Öndər Heydər Əliyevlə, Onun həyat yolu ilə bağlı müxtəlif videoçarxlar da göstərəcəyik. Eyni zamanda biz çalışacağıq ki, Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolu, dəyərli irsi, Onun həyata keçirdiyi siyasi görüşlər, diaspor quruculuğu istiqamətində verdiyi töhfələr haqqında məlumatları, Onun məsləhətlərini də diaspor gəncləri ilə bölüşək, çünki biz tam əminik ki, Ulu Öndər Heydər Əliyevin diaspor quruculuğu sahəsində həyata keçirilən hər bir tədbir böyük istiqamətdir. Çox şadıq ki, bu işi həyata keçirməkdə bizim gənclərimiz çox böyük fəallıq göstərir. Bu o deməkdir ki, nəsildən-nəslə bu bilik, bacarıq mütləq şəkildə ötürüləcək. İnanıram ki, bu tədbir hər birimizə, xüsusilə də diaspor gənclərinə böyük uğur gətirəcək. Onların böyük bir hissəsi Azərbaycana ilk dəfə gəlirlər, Naxçıvanda olmayıb və mənə elə gəlir ki, bu onların həyatlarında, gələcək fəaliyyətlərində çox mühüm bir həftə, mühüm günlər kimi yadda qalacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 12.08.2023 16:40