AZ EN RU

Azərbaycan rəsmiləri Çində səfərdə olublar

Xəbər verdiyimiz kimi, mayın 21-dən başlayaraq Çinin Chongqing şəhərində dünyanın 26 ölkəsinin 40 şəhərindən olan nümayəndələrin iştirakı ilə Chongqing Beynəlxalq Dostluq Şəhərləri Əməkdaşlıq Konfransı - 2024 keçirilib.    
Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə təşkil olunan konfrans “Biomüxtəlifliyin Qorunması üzrə Beynəlxalq Dost Şəhərlər Əməkdaşlıq Təşəbbüsü”nə birgə başlamağa və dostluq şəhərlərin əməkdaşlığı vasitəsilə biomüxtəlifliyin qorunması üzrə qlobal səylərə töhfə vermək məqsədi daşıyıb. Tədbir dialoqlar, fikir mübadilələri və qarşılıqlı müzakirələr şəklində təşkil edilib. 
Konfransa qatılan Azərbaycan nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev də təmsil olunublar.
Konfransın ilk günündə nümayəndə heyətinin Şəhər Sənaye Kooperasiyası ilə görüş baş tutub. Mayın 22-si günün 1-ci yarısı Chongqing Beynəlxalq Dostluq Şəhərləri Əməkdaşlıq Konfransının açılış və imza mərasimi, günün ikinci yarısı Yaşıl Şəhərin İnkişafı Forumu: Yaşıl, Dayanıqlı və Sənaye şəhərlərinin qurulması, ağac əkilməsi və Chongqing Beynəlxalq Dostluq Şəhərləri Yemək Qatının (Alış-veriş mərkəzlərinin yemək üçün ayrılmış xüsusi bölməsi) açılış mərasimində iştirak ediblər. Mayın 24-ü Elm Şəhəri Jiangjin Bölgəsində Chongqing RATO Holding Group Co.Ltd., Chongqing Air Camel Tech Co., Ltd, Jiangjində Beynəlxalq Logistika Qovşağı Sərgi Mərkəzi, Chongqing Hub Port Sənaye Parkı, Şapingbada Seres Group Co. Ltd şirkətləri ziyarət edilib və qarşılıqlı fikir mübadilələri, müzakirələr aparılıb. 
Mayın 27-si nümayəndə heyəti Pekin şəhərində Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində olub. Səfir  Bünyad Hüseynov nümayəndə heyəti ilə Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlər, Azərbaycan - Çin əlaqələrindən danışıb və səfirliyin inzibati binası ilə tanış edib. 
Sonda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli tərəfindən Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirinə  Naxçıvanın mədəniyyət abidəsi olan Möminə xatın türbəsi işləməli xatirə hədiyyəsi təqdim olunub.

Nəşr edilib : 29.05.2024 18:31