AZ EN RU

Azərbaycan realist rəssamlığının banisi, 130 yaşlı vətənpərvər ruhlu müasirimiz – Bəhruz Kəngərli

    Bəhruz Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvanda dünyaya göz açıb. Qısa ömrü ərzində rəssam çox ilklərə imza atıb. Görkəmli fırça ustası Azərbaycanın sulu boya ilə işləyən ilk rəngkarı, ilk realist boyakarı və Naxçıvanın ilk teatr rəssamı olub. Həm də Azərbaycanın ilk ali təhsilli rəssamı kimi də adı tarixdə qalıb. Rəssamlıq istedadını onda atası aşkarlayıb. Oğlunun rəsm sənətinə marağını və qabiliyyətini görən Şirəli bəy onu Tiflisdəki boyakarlıq – heykəltəraşlıq məktəbinə gətirib. Bəhruz bu təhsil ocağında oxuyan ilk azərbaycanlı tələbə idi. Məktəbdə dərs aldığı illərdə istedadı ilə hər kəsi təəccübləndirməyi bacaran Bəhruz Kəngərlinin püxtləşməsində böyük demokrat ədibimiz Cəlil Məmmədquluzadə və onun “Molla Nəsrəddin” jurnalının böyük rolu var. 1914-cü ilin iyununda rəssamın Naxçıvandakı ilk böyük sərgisi görkəmli ədibi heyran edir. Çünki rəssam əsərlərində Vətəninin gözəl mənzərələrini, xalqının həyatından alınmış səhnələri sadə, təbii, tamaşaçıların başa düşəcəyi real tərzdə, həm də böyük məhəbbətlə əks etdirmişdi. 

    Bu il anadan olmasının 130 ili tamam olan, ancaq cəmi 30 il ömür sürən Bəhruz Kəngərli yaradıcılıqla, sadəcə, 7 il məşğul ola bilib. Uşaqlıqda keçirdiyi ciddi xəstəlik gənc rəssamın sənətə olan sonsuz sevgisini  qətiyyən azaltmayıb, həyat eşqinin alovlanmasına əngəl ola bilməyib. 30 illik qısa, lakin olduqca mənalı ömründə yaratdığı 2000-ə yaxın təkrarsız əsərləri ilə adını mədəniyyət tariximizə həkk etdirib. 1918-1920-ci illər Azərbaycan mühitinin canlı salnaməsini  fırça ilə ağ kətanın üzərinə köçürən rəssam bizə böyük irs qoyub. Bəhruz Kəngərli həm də tablolarında tariximizi yaşadıb. Onun qaçqınlara həsr etdiyi 30-dan çox portreti var ki, bunlar təkcə təsvir-incəsənət tarixi üçün deyil, eyni zamanda həmin portretlərdə o vaxtlar baş verən siyasi hadisələrin, erməni təcavüzkarlığının, doğma torpaqlarından didərgin salınmış azərbaycanlıların obrazlarını və bütövlükdə, bütün bu proseslərin izlərini görə bilirik. Ulu öndər Heydər Əliyev Bəhruz Kəngərlinin zəngin yaradıcılıq irsini belə qiymətləndirmişdir: “Onun əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustalığına görə, istifadə etdiyi rənglərə görə. İkincisi, onun yaratdığı obrazlara görə, mən insan obrazlarını deyirəm, xüsusən o ağır dövrün, 1918-1919-1920-ci illərin çətin dövründə bizim xalqımızın ağır vəziyyətdə olmasını öz əsərlərində əks etdirib”.

    Bəhruz Kəngərli portret ustası kimi yaratdığı həmin personajların daxili-psixoloji aləmini açıb göstərə bilib. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərindəki qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirib. Bu silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçqın oğlan” və digər onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. Bu baxımdan rəssamın sənət ideyaları bir maarifpərvər, vətənpərvər ziyalı uzaqgörənliyi kimi dəyərlidir. 

    Bir faktı da qeyd etmək yerinə düşər ki, həmin əsərlərdən rəssam gəlir əldə etməyib. Bəhruz Kəngərli fırçasını silaha çevirərək tarixi ədalətsizliyə qarşı üsyan edirdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bəhruz Kəngərli əsərlərində xalqımızın tarixini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Xalqımızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunələridir”. 

    Qədim Naxçıvan torpağında, Naxçıvan şəhərində doğulub boya-başa çatması, burada yaşaması Bəhruz Kəngərli üçün ilham mənbəyi olub. Doğma Naxçıvan onun yaradıcılığında qırmızı xətlə keçir. Bu qədim diyarın ecazkar və füsunkar təbiətini, sərt, sıldırım dağlarla əhatə olunmuş əfsanəvi gözəllikləri, qədim tarixi, məişəti, milli dəyərləri rənglərin əsrarəngiz koloriti, istedadlı rəssam təxəyyülü ilə Bəhruz Kəngərli yaradıcılığında bu gün də yaşayır, yurd sevgisindən, vətənpərvərlikdən yoğurulan bu əsərlər bu gün də heyranlıq doğurur. Görkəmli rəssamın yaradıcılığında zəngin lirika, nikbin əhvali-ruhiyyə duyulur. O, tarixi yaradan rəssam kimi öz tablolarında hər kəsi Naxçıvanın tarixinə aparır. O günlər yaşananlarla bağlı reallığı öz əsərlərində əks etdirməklə bu günə dəyərli yadigarlar qoyub. Bu isə rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyindən, sönməz məhəbbətindən doğur.

    Bir faktı da qeyd etmək yerinə düşər ki, sovet hökumətinin dağıtdığı bir çox abidələr məhz Bəhruz Kəngərlinin əsərləri sayəsində bərpa olunub. Nuh Peyğəmbərin məzarının yeri də qüdrətli fırça ustasının yaratdığı tablolar əsasında müəyyən edilərək məzarüstü türbə bərpa edilib. Nuhun türbəsinin xarici görünüşü, tikinti quruluşu, memarlıq üslubu haqqında ən sanballı və nadir mənbələrdən biri Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin naturadan çəkdiyi “Nuhun türbəsi” ilə bağlı silsilə əsərləridir.

    Bəhruz Kəngərli yorulmadan çalışır, boyakarlıq və qrafika əsərləri yaradır, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti sevdirmək üçün xüsusi dərnək açır, fərdi sərgilərini təşkil edirdi. 1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilib. 
    Fırça ustasının yaradıcılığında mənzərə janrı da mühüm yer tutur. Onun müşahidə etdiyi və rəssamı ilhama gətirən təbiət gözəllikləri “Şəlalə”, “Dağlıq mənzərə”, “İlanlıdağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol” və digər əsərlərində, mədəniyyət abidələri isə “Möminə xatın türbəsi”, “Əshabi-Kəhf dağı”, “Nuhun qəbri” əsərlərində əks edilmişdir. İlin fəsillərinə aid tablolarından “Payız” və “Bahar”ı göstərmək olar. 

    Bəhruz Kəngərli  ilk peşəkar rəssam kimi Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Bəhruz Kəngərlinin əsərləri onun ev-muzeyi ilə yanaşı, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində qiymətli eksponatlar kimi qorunub saxlanılır. 
    Ümummilli liderimiz Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığına daim böyük qayğı göstərib. Dahi şəxsiyyətin şəxsi təşəbbüsü ilə Naxçıvan şəhərində Bəhruz Kəngərlinin xatirəsinə muzey yaradılıb, 2002-ci il 18 iyun tarixində bu muzeyin açılış mərasimində xalqımızın böyük oğlu Heydər Əliyev demişdir: “Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur”.
    Ulu öndərin mədəniyyətimizin inkişafı, milli dəyərlərimizin yaşadılması istiqamətində apardığı siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, mədəni irsə, incəsənətə və sənət adamlarına verilən yüksək dəyərin təzahürüdür ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 aprel tarixli Sərəncamına əsasən milli təsviri sənətimizin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin 120 illik yubileyi geniş qeyd olunub. Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 12-22 iyun 2012-ci il tarixlərdə Azərbaycan Milli İncəsənət Muzeyində Bəhruz Kəngərlinin yubileyinə həsr olunmuş sərgi keçirilib. Dekabrın 7-də isə Naxçıvan şəhərində, Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Rəsm Qalereyasında Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında görkəmli sənətkarın əsərlərindən ibarət sərgi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 12 yanvar tarixli “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər planı”na əsasən bir sıra tədbirlər həyata keçirilib. Bəhruz Kəngərli Muzeyi müasir tələblər səviyyəsində yenidən qurulub, 2013-cü ildə yenidənqurmadan sonra açılışı olan muzey yeni eksponatlarla daha da zənginləşdirilib. Rəssamın Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan 200-ə yaxın əsərinin yüksək keyfiyyətli surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə gətirilib. Hazırda muzeydə Bəhruz Kəngərli irsinə aid 1300-dən çox eksponat nümayiş olunur. Bunlardan da 61-i orijinal rəsm əsəridir. Ali Məclis Sədrinin qayğısı ilə Bəhruz Kəngərlinin əsərlərindən ibarət albom-kataloq nəfis tərtibatla nəşr olunmuş, 2013-cü ildə Bəhruz Kəngərli Muzeyində təqdimatı keçirilmişdir. Albom-kataloqa xronoloji ardıcıllıqla 1911-ci ildən 1922-ci ilədək olan dövrdə çəkilmiş rəsmlər külliyyatı daxil edilmişdir. Albom-kataloqda yer alan “İlanlıdağ”, “Ağrıdağ”, “Əshabi-Kəhf”, “Nəhəcir dağı”, “Qızlar bulağı şəlaləsi”, “Dağ mənzərəsi”, “Qara dəniz” və “Qaçqın­lar” silsiləsinə daxil olan əsərlər yüksək bədii sənətkarlıq nümunələridir. Bu əsərlərdə humanist rəssamın hiss və duyğuları, daxili iztirabları dolğun əks olunmuşdur.
    Muxtar respublikamızda Bəhruz Kəngərli yaradıcılığına diqqət və qayğının daha bir nümunəsinin 2016-cı il 24-27 may tarixlərdə Naxçıvan şəhərində “Naxçıvan bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının keçirilməsi müddətində əyani şahidi olduq. Festival çərçivəsində mayın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2015-ci il 14 noyabr tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılışı muxtar respublikamızda rəssamlıq sənətinə verilən yüksək dəyərin ifadəsidir. Bu ünvanlarda onun yeni nəsillərə nümunə ola biləcək həyatı və yaradıcılığı təbliğ olunur.

    Bütün bunlar bir daha təsdiq edir ki, ölməz sənətkarımız Bəhruz Kəngərli yaradıcılığı və şəxsiyyəti xalqımızın mədəni sərvəti kimi hər zaman böyük ehtiramla anılacaq, yaradıcılığı bundan sonra da geniş şəkildə tədqiq və təbliğ olunacaq. Anadan olmasının 120 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Bəhruz Kəngərli irsi, onun xalqımız, Vətənimiz qarşısındakı xidmətləri daim təbliğ olunmalı, muzeydən həm də muzey-məktəb kimi istifadə edilməlidir... Muzeydə dərslər təşkil olunmalı, rəssamın irsi və həyat yolu gənc nəsillərə olduğu kimi çatdırılmalıdır. Çünki bu cür sənətkarların həyat və yaradıcılığı gənc nəsillər üçün nümunədir”. 

“Şərq qapısı”

Nəşr edilib : 21.01.2022 21:00