AZ EN RU

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrləri ilə görüş keçirilib

Aprelin 12-də Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Azərbaycan - Qırğızıstan İnkişaf Fondunun mənzil-qərargahında olub. O, fondun Azərbaycan tərəfindən həmsədri İqbal Babayev və Qırğızıstan tərəfindən həmsədri Almaz Mambetovla görüşüb.
Bu barədə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan məlumat verilib.
Bildirilib ki, görüşdə Qırğızıstan-Azərbaycan əlaqələrində Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun daha geniş rol oynayacağı haqqında fikir mübadiləsi aparılıb. Həmçinin Qırğızıstanda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliğı çərçivəsində aparılan genişmiqyaslı tədbirlər barədə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrlərinə məlumat verilib.
Görüş zamanı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə nəşr edilən, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş 8 kitab və Azərbaycan tarixini özündə əks etdirən bir neçə kitab Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrlərinə hədiyyə edilib.
Qeyd edək ki, Azərbaycan bütün türk dövlətləri ilə olduğu kimi, Qırğızıstanla da əlaqələrin inkişafına önəm verir. Azərbaycan-Qırğızıstan İnkişaf Fondu bu istiqamətdə səmərəli platformadır. Fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xidmət edir. Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələri maliyyələşdirilir.

Nəşr edilib : 12.04.2024 18:22