AZ EN RU

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Zəngilan məscidini ziyarət ediblər

Zəngilanın ev sahibliyi etdiyi Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları iyunun 25-də Zəngilan məscidini ziyarət ediblər.

QHT təmsilçiləri məsciddə namaz qılıb, dualar ediblər.

Zəngilanda yeni məscidin təməli şəhər erməni işğalçılarından azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Məscidin tikintisini Heydər Əliyev Fondu “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə həyata keçirib.

İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib.

İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də bərpa-tikinti işlərinə başlanılıb. Yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasında qiymətləndirmə aparıb, buna əsasən binanın konservasiyasına qərar verilib. Həmçinin konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib.

QHT nümayəndələri Zəngilanda həyata keçirilən bərpa-quruculuq işləri ilə də tanış olublar.

Nəşr edilib : 25.06.2024 16:37