AZ EN RU

"Azərbaycan" qəzetinin əməkdaşları "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi və “Şərq qapısı” qəzetində olublar

Azərbaycan Respublikasının Əməkdar jurnalisti,  "Azərbaycan" qəzetinin Baş redaktorunun müavini, Jurnalistlər Birliyinin üzvü İxtiyar Hüseynli və qəzetin Parlament və siyasət şöbəsinin redaktoru Rəşad Cəfərli Naxçıvan Muxtar Respublikasına 4 günlük səfəri çərçivəsində Naxçıvanın tarixi ənənələrə malik "Şərq qapısı" qəzetinin və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin fəaliyyəti ilə də tanış olublar. Nəşriyyat və qəzet redaksiyasının maddi-texniki imkanları, yaradılan əlverişli şərait, müasir iş üsulu qonaqlarda böyük maraq doğurub.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yaradılan müasir poliqrafik şərait, burada çap olunan nəşrlər xüsusilə diqqəti cəlb edib. Birliyinin direktoru Pərvin Məmmədov məlumat verib ki, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi 2010-cu ildə istifadəyə verilən  binada müasir iş şəariti və yeni avadanlıqlarla təchiz edilmişdir. "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi muxtəlif qəzetlərin çapını həyata keçirməklə yanaşı, kitab, məktəbli ləvazimatı, broşür, buklet, miniatür kitab, təqvim, kargüzarlıq sənədləri və sair materialların hazırlanmasını da həyata keçirilir. 2021-ci ildə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzi faəliyyətə başlamışdır ki, burada nəşriyyatın istehsalı olan çap məhsullarının satışı və sərgisini genişləndirmək məqsədi daşıyır. Nəşriyyatın fəaliyyətinə dövlət qayğısının bir bariz nümunəsi də 2021-ci ildə “Şərq qapısı” qəzetinin yüzillik yubileyi münasibətilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin də əməkdaşlarının təltif olunmasıdır.

“Şərq qapısı” qəzetinin kollektivi ilə görüç zamanı “Azərbaycan" qəzetinin Baş redaktorunun müavini İxtiyar Hüseynli bildirib ki, “Azərbaycan” qəzeti ilə “Şərq qapısı” arasında sıx yaradıcılıq əməkdaşlığı var və fəaliyyət prinsipləri oxşarlığı mövcuddur. Hər iki mətbuat orqanı  dövlətin mühüm informasiya mənbəyidir. Bizim amalımız, məramımız birdir. Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Muxtar respublikada gedən proseslər, hərtərəfli inkişaf ölkəmiz üçün çox əhəmiyyətlidir. Naxçıvandakı inkişaf və tərəqqi, ictimai-siyasi proseslərlə bağlı informasiyalar, ölkə başçısının dövlət siyasətinin burada uğurla reallaşdırılması ilə bağlı materiallar, “Şərq qapısı” qəzeti əməkdaşlarının yazıları “Azərbaycan” qəzetində də müntəzəm dərc olunur. Bu materiallar, “Şərq qapısı” qəzetinin baş redaktorunun “Azərbaycan” qəzetində dərc olunan məqalələri Naxçıvanla bağlı ölkəmizin informasiya təminatı, məlumatlanması baxımında mühüm mənbədir. Ümidvaram ki, bu səfərimizdən sonra əməkdaşlığımız daha da möhkəmlənəcək, dinamik xarakter  daşıyacaq.  

“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova muxtar respublikada mətbuatın inkişafına göstərilən hərtərəfli dövlət qayğısından danışıb, qonaqlara “Şərq qapısı” qəzetin nəşri tarixi və fəaliyyət prinsipləri, redaksiya kollektivi haqqında ətraflı məlumat verib. Bildirib ki, muxtar respublikanın yüzillik tarixə malik bu aparıcı mətbuat orqanı Naxçıvanın tarixini, mədəniyyətini, dövlətçilik ənənələrini, sosial-iqtisadi inkişafını, milli-mənəvi dəyərlərimizi təbliğ edən bir məktəbidir. 

“Bu gün “Şərq qapısı” qəzeti redaksiyasında istər jurnalist peşəkarlığı, istərsə poliqrafik keyfiyyət baxımından müasir tələblərə cavab verəcək, müasir dünya standartları səviyyəsində qəzet nəşri üçün müasir iş şəraiti yaradılıb. Muxtar respublikada jurnalistika sahəsində kadr potensialının formalaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün “Şərq qapısı”nda təcrübəli jurnalist həmkarlarımızla yanaşı, gənc əməkdaşlar da çalışır”, - deyən Mehriban Sultanova vurğulayıb ki, ötən il Ali Məclis Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin dövlət səviyyəysində qeyd edilməsi, qəzet əməkdaşlarının təltif olunması bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir.

Redaksiya ilə tanışlıq zamanı redaksiya əməkdaşları ilə qonaqlar arasında yaradıcılıq müzakirələri aparılıb, fikir mübadiləsi edilib. Məlumat verilib ki, 1500 tirajla gündəlik nəşr olunan bu mətbu orqan elektron mediada da özünəməxsus yer tutur. 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlayıb, qəzetin elektron arxiv bazası yaradılıb. Qəzetin yüzillik 100 illik yubileyin qeyd olunması ilə bağlı tarixi sərəncamın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən “Şərq qapısı” qəzetinin rəsmi internet saytı müasir proqramlaşdırma dillərindən istifadə edilərək müasir üslubda yenidən hazırlanıb. www.serqqapisi.az domen adı ilə fəaliyyət göstərən yeni internet saytı həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün yeni sayt müasir üslubda tərtib edilərək, hər bir istifadəçinin kompüterinin, istər planşetinin və ya mobil telefonunun ekran ölçülərinə (responsive dizayn) uyğun hazırlanıb.

Sonda qonaqlara simvolik hədiyyə və “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanın “Müasir Naxçıvan” kitabı təqdim  edilib, xatirə şəkili çəkdirilib.

Gülcamal TAHİROVA

Nəşr edilib : 22.01.2022 13:32